Dekabrın 28-də Milli Məclisin payız sessiyasının növbəti iclası keçirilib.
LEQAL.AZ xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova iclası açaraq gündəliyə 12 məsələnin daxil edildiyini bildirib. Gündəliyin 9 məsələsi “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi və büdcə zərfinə daxil olan sənədlərdir. Bu sənədlər ikinci oxunuşda müzakirə olunacaq.
“Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi barədə (ikinci oxunuş) məlumat verən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, 2021-ci ilin büdcəsində büdcə gəlirləri 1 milyard 303 milyon manat artırılaraq 25 milyard 427 milyon manata, xərcləri isə 1 milyard 50 milyon manat artırılaraq 28 milyard 543 milyon manata çatdırılıb. Gələn il büdcə kəsirinin 3 milyard 116 milyon manat, inflyasiyanın 3 faiz, ÜDM artımının 3,4 faiz, neftin qiymətinin isə 40 dollar olması nəzərdə tutulub. Ölkənin müdafiə potensialının gücləndirilməsi və silahlı qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşması üçün ayrılan xərclər 500 milyon manat, sosialyönümlü xərclər isə 563 milyon manat artırılıb. Hər iki istiqamətdə xərclər Azərbaycan Prezidentinin bu sahələrdə apardığı xüsusi siyasətin maliyyə təminatını təmin etmək məqsədi daşıyır. Layihənin Milli Məclisin iclasında birinci oxunuşda müzakirələrində 36 deputat çıxış edib, eyni zamanda, komitədə həmin çıxışlarda qaldırılan məsələlər müzakirə olunub.
İclasda çıxış edən deputatlar Emin Hacıyev, Tahir Kərimli, Elşən Musayev, Fəzail Ağamalı büdcə layihəsinin ikinci oxunuşu barədə fikirlərini bildiriblər.
Sonra “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi ikinci oxunuşda səsə qoyularaq qəbul edilib.
Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi haqqında” qanun layihəsi ilə bağlı (ikinci oxunuş) məlumatında diqqətə çatdırıb ki, layihə barədə birinci oxunuşda geniş məlumat verilib. Bildirib ki, layihənin birinci oxunuşda müzakirəsi zamanı 7 deputat çıxış edərək dəyərli təkliflər veriblər. Həmin təkliflər komitədə müzakirə olunub və əlaqədar qurumlara məlumat verilib. Gələcəkdə onların mümkün olanları nəzərə alınacaq.
Komitə sədri bildirib ki, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsinin gələn il üçün həm gəlirlərində, həm də xərclərində 7,6 faiz artım olacaq, pensiyaların artım dinamikası davam edəcək, pensiyalar təxminən 9,3 faiz artacaq. Əmək pensiyalarının orta aylıq məbləğinin 38 manatadək artaraq gələn il ölkə üzrə 340 manata, yaşa görə pensiyaların orta aylıq məbləğinin isə 370 manata çatacağı proqnozlaşdırılır ki, bu da Prezident İlham Əliyevin apardığı məqsədyönlü sosial siyasətin bariz nümunəsidir. Müavinətlərdə də xeyli artımlar proqnozlaşdırılır və bütövlükdə DSMF-nin gələn il üçün büdcəsi aztəminatlı vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsində etibarlı təminat yaradacaq.
Qanun layihəsinin müzakirəsi zamanı deputatlardan Soltan Məmmədov, Siyavuş Novruzov, Fazil Mustafa, Elman Nəsirov, Bəhruz Məhərrəmov, Məlahət İbrahimqızı, Aydın Mirzəzadə, Aqil Abbas fikirlərini bildirib, qeyd və təkliflərini səsləndiriblər.
Sonra “Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi haqqında” qanun layihəsi ikinci oxunuşda səsə qoyularaq qəbul edilib.
İclasda parlamentin əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsi haqqında” qanun layihəsi barədə (ikinci oxunuş) məlumat verib. Bildirilib ki, fondun 2021-ci il büdcəsinin gəlirləri və xərcləri bərabər olaraq 157 milyon 769 min manat məbləğində nəzərdə tutulub. Fondun gəlirlərinin böyük hissəsi, yəni, 69 milyon manatı özünəməşğulluq tədbirlərinin təşkilinə həsr olunacaq ki, bu da şəhid ailələrinin, Qarabağ qazilərinin məşğulluğunu təmin edəcək.
Sənəd səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Sonra “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsi barədə (ikinci oxunuş) iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib. Bildirib ki, 2021-ci il üçün yaşayış minimumunun ölkə üzrə 190 manatdan 196 manata, əmək qabiliyyətli əhali üçün 201 manatdan 207 manata, pensiyaçılar üçün 157 manatdan 162 manata, uşaqlar üçün 170 manatdan 175 manata qaldırılması planlaşdırılır.
Deputat Fazil Mustafa məsələ barədə fikirlərini bildirdikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul olunub.
İclasda əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Azərbaycan Respublikasında 2021-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi barədə (ikinci oxunuş) danışıb. Bildirib ki, gələn il üçün ehtiyac meyarının həddinin daha 10 manat və yaxud 6,2 faiz artırılaraq, 170 manat məbləğində olması nəzərdə tutulur.
Sonra sənəd səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
İclasda “Büdcə sistemi haqqında” Qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsi barədə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib. Bildirib ki, dəyişiklik texniki xarakter daşıyır. Belə ki, 2019-cu ildən DSMF-nin təşkilati-hüquqi forması dəyişdiyindən qanunda “sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) büdcəsi”nin sözləri dəyişdirilərək “Dövlət Sosial Müdafiə Fondunun büdcəsi” yazılması nəzərdə tutulur.
Deputat Aydın Hüseynovun məsələ ilə bağlı fikirləri dinlənildikdən sonra qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul olunub.
Tədbirdə əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev mahiyyətcə bir-birinə yaxın olan növbəti üç məsələni ikinci oxunuşda təqdim edib. Bildirib ki, “Sosial sığorta haqqında” Qanuna təklif olunan dəyişiklik DSMF-nin statusunun dəyişdirilərək publik hüquqi şəxsə çevrilməsi ilə bağlıdır. Qurum bundan sonra Dövlət Sosial Müdafiə Fondu adlandırılacaq.
“Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunlarda dəyişiklik edilməsi barədə məsələlərin mahiyyəti isə pensiya və sosial müavinət təyinatında sosial sığorta prinsiplərinin gücləndirilməsi, bəzi kateqoriya şəxslər üçün nəzərdə tutulan pensiya əlavələrinin və sosial müavinət növlərinin Prezident təqaüdü ilə birləşdirilməsi, sığorta stajı sahəsində güzəştlərin daha iki il müddətində artırılması, pensiya təyinatının elektronlaşdırılması istiqamətində islahatların dərinləşdirilməsi məqsədi daşıyır.
Deputatlar Siyavuş Novruzov, Fazil Mustafa, Tahir Kərimli, Razi Nurullayev və Fəzail Ağamalının qanun layihələri barədə fikirlərini bildiriblər. İclasda hər üç qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul olunub.
Daha sonra “Siyasi partiyalar haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
Milli Məclis sədrinin müavini, ictimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli diqqətə çatdırıb ki, qanun layihəsi üçüncü oxunuşun bütün tələblərinə cavab verir.
Deputatlardan Fazil Mustafanın və Siyavuş Novruzovun fikirləri dinlənildikdən sonra qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
X X X
Fasilədən sonra Milli Məclisin iclası davam etdirilib. Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, gündəliyə iki məsələnin əlavə olunması təklif edilir. Bunlar Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) və “Dövlət borcu haqqında” Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) məsələlərdir.
Yeni gündəlik təsdiqləndikdən sonra sədr bildirib ki, beləliklə, gündəliyin son 4 məsələsi birinci oxunuşda olan qanun layihələridir.
Sonra “Müflisləşmə və iflas haqqında” Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələri (birinci oxunuş) barədə məlumat verən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli bildirib ki, hər iki qanuna təklif olunan dəyişiklik Dünya Bankının “Doing Business” hesabatında “Müflisləşmənin həlli”, “Vergilərin ödənilməsi” və “Əmlakın qeydiyyatı” indikatorları üzrə kreditorların hüquqlarının müdafiəsinin təkmilləşdirilməsi, habelə sərf olunan müddət, prosedur və xərclərin optimallaşdırılması məqsədilə hazırlanıb və ölkəmizin “Doing Business” hesabatında qeyd olunan indikatorlar üzrə mövqeyinin daha da yaxşılaşdırılmasını nəzərdə tutur.
Deputatlardan Razi Nurullayevin və Rüfət Quliyevin layihələr barədə fikirləri dinlənildikdən sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Sonra Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə (birinci oxunuş) məlumat verən iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, qanuna iki maddənin əlavə edilməsi təklif olunur. Birinci maddə iri neft emalı zavodunun (illik emal gücü 3 milyon tondan az olmayan) yenidən qurulması çərçivəsində avadanlıqların və materialların idxalının 2021-ci ildən etibarən 2 il müddətinə ƏDV-dən azad olunmasını özündə ehtiva edir. Belə ki, 2018-ci ildən etibarən xaricdən gətirilən və Heydər Əliyev adına Neft emalı zavodunun yenidən qurulması zamanı istifadə olunacaq avadanlıqlara ödənilən ƏDV-nin SOCAR-a geri qaytarılması mexanizmi var idi. Avadanlıqlar alınıb gətirilirdi, rüsum ödənilirdi, sonra isə həmin vəsait Dövlət Neft Şirkətinə geri qaytarılırdı. Bu mexanizm iki il idi fəaliyyət göstərirdi. Bu dəyişiklik həmin mexanizmin ləğv olunmasını və idxal zamanı alınmamasını özündə ehtiva edir.
İkinci maddə isə ölkəmizə koronoavirus infeksiyasına qarşı vaksinlərin idxalı zamanı həmin vaksinlərin və şpritslərin 2021-ci il yanvarın 1-dən idxalda Əlavə Dəyər Vergisindən azad olunmasını nəzərdə tutur. Bu, daha aşağı qiymətə daha çox əhalinin vaksinasiya olunmasına kömək edəcək.
Deputat Qüdrət Həsənquliyevin layihə barədə fikirləri dinlənildikdən sonra sənəd birinci oxunuşda səsə qoyularaq təsdiq edilib.
“Dövlət borcu haqqında” Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) məlumat verən iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili diqqətə çatdırıb ki, hər bir büdcədənkənar fondla büdcə arasında olan əlaqə qanunla tənzimlənir. Təminat Fondu da büdcədənkənar bir fonddur. Onun yaradılmasının əsas məqsədi dövlət zəmanəti ilə dövlət şirkətlərinin götürdüyü borca xidmət mexanizminin yaradılmasıdır. Təminat Fondu bu borcu özü ödəyir, daha sonra isə dövlət şirkətləri götürdüyü borclara görə aylıq, illik ödəmələri həmin fonda ödəyir. İndiyədək bizim qanunda Dövlət büdcəsindən Təminat Fonduna ödəmənin mexanizmi mövcuddur, amma əks mexanizm mövcud deyil. Bu dəyişiklik həmin əks mexanizmin yaradılması məqsədini daşıyır.
Sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Bununla da Milli Məclisin iclası başa çatıb.(azərtac)