Zəngəzur dəhlizi açılmalıdır və açılacaq, 10 noyabr tarixli birgə Bəyanatında bu, təsbit edilib. Ondan sonra fəaliyyət göstərən Azərbaycan-Ermənistan-Rusiya Baş nazirlərinin müavinləri səviyyəsində işçi qrupunun keçirilmiş iclaslarında da artıq bu məsələ ilə bağlı çox ciddi addımlar atılır. Əminliklə deyə bilərəm ki, dəmir yolu dəhlizi açılacaq. Heç kimdə bu haqda şübhə olmasın.
LEQAL.AZ xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri zamanı Azərbaycan Televiziyasına müsahibəsində bildirib.
Azərbaycanın öz üzərinə düşən vəzifələri icra edəcəyini vurğulayan dövlətimizin başçısı deyib: “Bildiyiniz kimi, mən Horadiz-Ağbənd dəmir yolunun təməl daşını qoydum. Burada çatışmayan 15-16 kilometrlik hissə inşa ediləcəkdir, Ordubaddan Ermənistan sərhədinə qədər. Naxçıvan dəmir yolu fəaliyyət göstərir, indi həm sərnişin, həm yük daşımaları həyata keçirilir. Yəni, Azərbaycan ərazisində Horadiz-Ağbənd dəmir yolu tikiləndən sonra bütün infrastruktur yaradılacaqdır”.
Prezident qeyd edib ki, Ermənistanın bütün dəmir yolları Rusiya dəmir yollarına məxsusdur. “Ona görə biz bu məsələni daha çox Rusiya tərəfi ilə müzakirə edirik. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı bizim qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək bizim növbəti tarixi nailiyyətimiz olacaq. Əminəm ki, bu, olacaqdır, məndə heç bir şübhə yoxdur. Bir daha demək istəyirəm ki, Azərbaycan öz üzərinə düşən vəzifələri icra edəcək və əlindən gələni edəcək ki, bu layihənin həyata keçirilməsində heç bir problem olmasın”, - deyə Prezident İlham Əliyev vurğulayıb.