Çox şadam ki, birinci layihədə Türkiyə şirkəti iştirak edir. Bu, təbiidir. Çünki qardaş ölkə olan Türkiyə bizim bütün bərpa işlərində fəal iştirak edəcək.
LEQAL.AZ xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Zəngilan rayonunun Ağalı kəndində birinci “Ağıllı kənd” pilot layihəsinin icrasında iştirak edəcək Türkiyə şirkətinin əməkdaşı ilə videoformatda söhbət edərkən söyləyib.
Artıq bir neçə Türkiyə şirkətinin bərpa işlərində, infrastruktur layihələrində iştirak etdiyini bildirən dövlətimizin başçısı deyib: “Şadam ki, biz burada da - yaşıl enerji sahəsində də Türkiyə şirkətinin fəaliyyətini görürük. Əslində, bu, azad edilmiş torpaqlarda inşa edilən birinci kənddir. Əlbəttə ki, bu kəndin çox böyük önəmi var. Çünki “Böyük qayıdış” bu gün başlayır. Əmin olduğumu bildirmək istəyirəm ki, siz gələcək layihələrdə də iştirak edəcəksiniz”.
Qeyd edək ki, ermənilərin işğalçılıq siyasəti nəticəsində dağıdılmış kəndlərimizin ən müasir texnologiyalara əsaslanan quruculuq konsepsiyası əsasında bərpasına başlanılıb. Birinci “Ağıllı kənd” pilot layihəsi Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edir. Layihənin icrası, əsasən, 5 komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələridir. Ərazidə ilk olaraq tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə olunmaqla 200 fərdi evin tikintisi nəzərdə tutulur.