Xəbər verildiyi kimi, İtaliya Senatının Xarici işlər və emiqrasiya daimi komissiyasının sədri Vito Petroçellinin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən LEQAL.AZ-a bildirilib ki, səfər çərçivəsində aprelin 15-də İtaliya nümayəndə heyəti işğaldan azad olunmuş Ağdam şəhərində olub. İtaliya parlamentinin üzvləri burada Ermənistanın işğal zamanı Azərbaycan ərazisində törətdiyi vandalizmi öz gözləri ilə görüblər. Səfər zamanı italiyalı qonaqlar Ağdam Cümə məscidi və Ağdam Dövlət Dram Teatrının qalıqları ilə tanış olublar.
Qonaqlar ermənilərin müharibə cinayətləri, mədəni, tarixi, dini abidələri məhv etmələri barədə ətraflı məlumatlandırılıb. Onlara məlumat verilib ki, Ermənistanın işğalına qədər Ağdam nəinki Qarabağ bölgəsinin, eləcə də respublikanın ən böyük, inkişaf etmiş şəhərlərindən idi. Ermənilər işğal etdikləri Ağdam şəhərində və rayonun kəndlərində yaşayış evlərini, ictimai binaları, məktəbləri, uşaq bağçalarını, xəstəxanaları, istehsal müəssisələrini talan edib, uçurub və yandırıblar. Erməni vandalları, hətta Şəhidlər xiyabanlarını, qəbiristanlıqları da dağıdıblar.
Ağdam səfəri zamanı İtaliya nümayəndə heyətini Milli Məclisin Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli və digər rəsmi şəxslər müşayiət ediblər.