Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilən əməliyyat-taktiki təlimləri uğurla başa çatıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən LEQAL.AZ-a bildiriblər ki, dağlıq-meşə və çətin relyefli ərazilərdə keçirilən təlimlərdə əsas diqqət Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla şəxsi heyətin və hərbi idarəetmə orqanlarının peşəkarlıq səviyyəsinin artırılması, döyüş texnikasının və digər hərbi vasitələrin tətbiqi, o cümlədən qoşunların terrorçu dəstələr (qruplar) və qanunsuz silahlı qruplaşmalar ilə mübarizə və anti-terror əməliyyatlarının həyata keçirilməsi üzrə təlim-döyüş tapşırıqlarının icra edilməsinə yönəldilib.
Mürəkkəb şəraitdə keçirilən təlimlərdə müxtəlif qoşun növləri arasında qarşılıqlı fəaliyyətin təşkili üzrə tapşırıqlar uğurla yerinə yetirilib, qoşunların idarə edilməsi vərdişlərinin təkmilləşdirilməsi, döyüş, mənəvi-psixoloji və maddi-texniki təminat məsələlərinə xüsusi diqqət yetirilib.
Təlim rəhbərliyinin qiymətləndirməsinə əsasən qoşunlar qarşıya qoyulan məqsədlərə tam nail olub. Şəxsi heyət döyüş əməliyyatlarının aparılması üzrə praktiki təcrübə əldə edib, həmçinin yüksək səhra vərdişləri nümayiş etdirib.