Prezident İlham Əliyevin mətbuat konfransı tarixi hadisə kimi

Prezident İlham Əliyevin mətbuat konfransı tarixi hadisə kimi
  • Siyasət

  • Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xocalı soyqırımı günü – 26 fevral 2021-ci ildə yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı uzun müddət müzakirəyə və təhlilə ehtiyac duyulan bütün məsələlərə aydınlıq gətirməsi ilə yaddaşlara yazıldı. Cənab Prezidentin qətiyyətli mövqeyi biz ziyalıları ürəkdən sevindirir və dövlət başçımızla qürur hissi keçiririk. Qətiyyətlə bildiririk ki, bütün azərbaycanlılar kimi biz ziyalılar təbəqəsi də daim cənab Prezidentə dəstək nümayiş etdiririk.

    Ölkəmizin başçısı yerli və xarici media nümayəndələrinin əlli sualını dörd dildə, dörd saatdan artıq cavablandıraraq dünya mediası tarixində rekord yenilədi. Cənab İlham Əliyevin hər zaman media nümayəndələrinə açıq olması, bizim üçün əlçatan məlumatların şəffaf şəkildə izahı qırx dörd günlük İkinci Qarabağ müharibəsi dövründə əyani sübut olmuşdu. Son konfransda isə xarici media nümayəndələrinin bütün suallarının ölkə başçısı tərəfindən ətraflı və layiqli şəkildə cavablandırılması media nümayəndələri üçün böyük maraq doğurmuşdur. Cənab Prezidentin dünya media nümayəndələri üçün geniş və hərtərəfli, dörd saatdan artıq davam edən möhtəşəm bir mətbuat konfransı baş tutmuşdur ki, bu da əksər dövlətlərin media qurumları tərəfindən ətraflı işıqlandırılmış, mətbuat orqanlarının və ekspertlərin təhlil obyektinə çevrilmişdir.

    Media nümayəndələrinin cənab Prezidentə ünvanladığı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bölgədə təhlükəsizliyə nəzarətlə bağlı sualına cavab olaraq dəyərli fikir bildirilmişdir. Bu Monitorinq Mərkəzinin yaradılmasını torpaqlarımızın işğaldan azad edilməsi üçün ötən ilin sentyabr ayının 27-sində Azərbaycanın başladığı əks-hücum əməliyyatının, Ali Baş Komandan İlham Əliyevin dili ilə desək, “Dəmir yumruq” əməliyyatının davamı olaraq qəbul etməliyik.

    Məlum olduğu kimi, bu əməliyyat zamanı ordu qüvvələrimiz erməni vandalları tərəfindən işğala məruz qalmış ərazilərimizi düşmən tapdağından azad etdi. Qırx dörd günlük müharibədə müzəffər ordumuz Ali Baş Komandanın rəhbərliyi altında böyük Qələbəni təmin etdi. 10 noyabr 2020-ci il tarixində Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin təklifi və təşəbbüsü ilə Ali Baş Komandan İlham Əliyevin razılığı əsasında üçtərəfli bəyanat imzalandı. Sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin imzaladılar. Bundan sonra işğal altında qalan digər torpaqlarımızın da mərhələli plan şəklində azad olunması bu müqavilədə öz əksini tapdı. İkinci Qarabağ müharibəsində daim Azərbaycana dəstək olan Türkiyə Respublikasının bu müqaviləyə tərəf kimi qoşulması böyük uğur və üstünlüklərə səbəb oldu. Beləliklə, Azərbaycanın razılığı əsasında Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi yaradıldı ki, bu da əzəli torpaqlarımız olan Xankəndi, Xocavənd və digər ərazilərin

    də Azərbaycana mərhələli plan şəklində qaytarılması üçün əsaslı önəm kəsb etdiyi qənaətindəyik. Məhz bu mərkəzin yaradılması erməni terrorçularının zərərsizləşdirilməsi, bölgədə sülhün təmin olunması və dinc əhalinin öz yurd-yuvalarına rahat və sərbəst şəkildə qayıdıb yaşamasına zəmin yaratdı. Qeyd etmək yerinə düşür ki, otuz ilə yaxın bir müddətdə ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi nəticəsində heç bir irəliləyişə nail olunmamışdı. Məhz bu kimi amillərə görə də Azərbaycanın ərazi bütövlüyü pozulmuş, torpaqlarımızın 20 faizdən çoxu erməni vandalları tərəfindən işğala məruz qalmışdı.

    Azərbaycan Respublikası öz müstəqilliyini əldə etdikdən sonra dövlətimizin qurucusu və memarı Ulu öndər Heydər Əliyev, həmçinin Ulu öndərin layiqli davamçısı cənab İlham Əliyev bütün xarici səfərləri zamanı müharibəyə yox deyərək Azərbaycanın işğal olunmuş torpaqlarının dinc yolla geri qaytarılmasını tələb edirdilər. Lakin bu münaqişə otuz ildən artıq davam etdi. Otuz il müddətində Birləşmiş Millətlər Təşkilatı erməni silahlı birləşmələrinin Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarılması barədə dörd Qətnamə qəbul etmiş, ancaq təəssüflər osun ki, heç biri icra edilməmişdir. Aparılan uzunmüddətli danışıqlar heç bir hüquqi nəticəyə səbəb olmamışdır.

    Lakin 27 sentyabr 2020-ci ildə cənab Prezidentimiz, Ali Baş Komandanımızın başlatdığı əks-hücum əməliyyatı nəticəsində Azərbaycan beynəlxalq birliklər tərəfindən tanınmış suveren ərazi bütövlüyünü bərpa edə bildi. Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağın işğaldan azad olunması bizi ürəkdən sevindirir. Müharibə dövründə Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli mövqeyi, eləcə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin və Turkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Dağlıq Qarabağın Azərbaycanın əzəli torpaqları olması faktını təsdiqləməsi və birgə monitorinq mərkəzinin təsis olunması ərazidə hərbi əməliyyatlara birdəfəlik son qoyulmasına şərait yaratdı.

    İnanırıq ki, cənab Prezidentimiz İlham Əliyevin dediyi kimi, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzini fəaliyyəti nəticəsində işğaldan azad olunmuş ərazilərimizdə azərbaycanlılarla yanaşı etnik ermənilərin də birgə, firavan yaşaması mümkün olacaqdır.

    Qulam ŞÜKÜROV,

    hüquq üzrə fəlsəfə doktoru,

    Masallı Dövlət Regional Kollecinin müəllimi
    PAYLAŞ:

    Oxşar xəbərlər