Rəşadətli Azərbaycan Ordusunun cəbhədəki uğurlu əməliyyatları, torpaqlarımızın ard-arda işğaldan azad edilməsi vətəndaşlarımızda, xaricdə yaşayan soydaşlarımızda, eləcə də bir sıra ölkələrin vətəndaşlarında böyük sevinc hissi yaradır. Onlar dövlətimizin başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyevə ünvanladıqları məktublarda bu sevinc hisslərini bölüşürlər.
LEQAL.AZ Prezidentin saytına istinadla həmin məktubların daha bir neçəsini təqdim edir.
Rasim İbrahimov adına 131 saylı tam orta məktəbin kollektivindən, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident!
Biz hamımız Azərbaycan vətəndaşı olaraq, əldə etdiyimiz qələbələrdən fərəh, sevinc və qürur hissləri keçiririk. 30 ilə yaxındır gözlədiyimiz günlər nəhayət ki, gəlib çatdı. Cənab Ali Baş Komandan, inanırıq kı, Sizin rəhbərliyiniz altında rəşadətli Azərbaycan Ordusu işğal altında olan bütün torpaqlarımızı tamamilə azad edəcək və üçrəngli Bayrağımız həmin torpaqlarımızda dalğalanacaq. Cənab Prezident, hər zaman Sizinləyik və Sizi əmin etmək istərdik ki, göstəriş verdiyiniz halda hamımız bir nəfər kimi cəbhəyə yollanıb, işğal altında olan digər bölgələrimizi də düşməndən təmizləməyə hər an hazırıq. Allah Sizi və rəşadətli Ordumuzu qorusun! Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!
Hörmətlə,
Rasim İbrahimov adına 131 saylı tam orta məktəbin kollektivi.
Azərbaycan Respublikası, Bakı şəhəri, Pirallahı rayonu.
Oğuz rayonundan Emil Mustafazadə yazır: “Hörmətli cənab Prezident, rəhbərliyiniz altında şanlı Ordumuzun qazandığı davamlı uğurlara görə Sizi təbrik edir və möhkəm cansağlığı arzu edirəm. Bütün Azərbaycan xalqı Sizinlədir, ətrafınızda sıx birləşib. Müzəffər Ali Baş Komandan, bizim qırılmaz Vətən sevgimizə, dönməz iradəmizə bütün dünya həsəd aparır. İnşallah, Sizdən yeni qələbə xəbərləri gözləyirik. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.
Lənkəran sakini İlqar Kərimov: “Əziz və sevimli Prezidentimiz, ilk növbədə, torpaqlarımızı işğalçılardan azad etdiyinizə görə Sizə və şanlı Ordumuza ürəkdən minnətdarıq və bu münasibətlə Sizi təbrik edirik. Azərbaycan üçün etdiyiniz bütün işlərə və bu gün göstərdiyiniz şücaətə və qətiyyətli addımlara görə Sizə dönə-dönə təşəkkür edirik. Hər yeni xəbəri böyük səbirsizliklə və sevinclə gözləyirik. Sizin cəsarətiniz, məharətiniz və hünərinizlə ana Vətənimizin son yüz illik tarixinə qızıl xətlə yazdığınız böyük qələbə var olsun! Allah Sizi və rəşadətli əsgərlərimizi qorusun! Fəxr edirəm ki, azərbaycanlıyam! Qarabağ Azərbaycandır!”.
Biləsuvar sakini Xanalı Məmmədov: “Hörmətli Prezident, müzəffər Ali Baş Komandan, illərdir Vətən, torpaq dərdi məcburi köçkün düşmüş vətəndaşlarımız kimi bizləri də çox sarsıtmışdı. Bu gün sevinirik ki, Siz əsl bir sərkərdə kimi torpaqlarımızı işğaldan azad edirsiniz. Biz Sizinlə fəxr edirik. Xalqın Sizə böyük inamı var, ona görə də bütün xalq bu gün Sizin ətrafınızda yumruq kimi birləşib və Sizin bir çağırışınızla döyüşməyə hazırdır. Siz bizim əbədiyaşar Prezidentimizsiniz. Aldığınız hər qarış torpağa görə Sizin və qüdrətli Ordumuzun qarşısında baş əyirik. Sizlərə Allahdan cansağlığı, müqəddəs və şərəfli işinizdə uğurlar arzulayıram. Yaşasın müzəffər Ali Baş Komandanımız və onun güclü Ordusu! Qarabağ Azərbaycandır!”.
Bakı şəhər sakini Rahib Hacızadə: “Salam, cənab Prezident, mənim adım Rahibdir, 11 yaşım var. Biz və ermənilər arasında gedən müharibədə əminəm ki, Sizin və Ordumuzun sayəsində qalib gələcəyik. Mən inanıram ki, işğal edilmiş torpaqlarımızın hamısı düşməndən azad ediləcək. Şəhidlərimizin qanı yerdə qalmayacaq. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.