Qubadlı rayonu Azərbaycan Respublikasının cənub qərbində yerləşir. Səthi əsasən dağlıqdır. Rayonun ərazisi Qarabağ silsiləsinin cənub-qərb Bərgüşad silsiləsinin şərq və Qarabağ yaylasının cənub-şərq hissəsinə daxildir.Qubadlı rayonu qərbdən 120 km məsafədə Ermənistan Respublikası ilə, Şimaldan Laçın rayonu, Hadrut rayonu, şərqdən Cəbrayıl rayonu, cənubdan isə Zəngilan rayonu ilə həmsərhəddir.
Qubadlı 1993-cü ilin 31 avqust tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Ermənilər işğal müddətində Qubadlı şəhərini, rayonun kəndlərini dağıdıb, dini, tarixi, mədəni abidələrə, qəbiristanlıqlara, eləcə də təbiətə qarşı vandallıq əməlləri törədib. İşğalçılar Qubadlının zəngin təbiətinə, flora və faunasına qarşı da ekoloji terror törədib, meşələri, nadir ağac və bitki növlərini qırıb, yandırıb.
Erməni təcavüzü zamanı Qubadlı 5 il müddətində 238 şəhid verib, 146 nəfər əlil olub.
Şəhidlərdən Əliyar Əliyev, Vasili Əliyev, Aslan Atakişiyev, Ələkbər Məmmədov, Kərəm Mirzəyev, Aqil Məmmədov, Bəylər Ağayev, Kazımağa Kərimov, Səfa Axundov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.Qubadlı şəhəri oktyabrın 25-də işğalçı qüvvələrin mühasirəyə salınması ilə azad edilib. Qubadlının şərqindəki Cəbrayılda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və cənubdakı Zəngilanda aparılan uğurlu əməliyyatlar Azərbaycan Silahlı Qüvvələri bölmələrinin Qubadlı rayonunun inzibati hüdudlarına çıxmasına şərait yaratmışdı. Peşəkarlıqla və dəqiq döyüş taktikaları ilə aparılan hərbi əməliyyatlar zamanı Qubadlı şəhəri və kəndləri işğaldan azad edilib. Qubadlı döyüşlərinin ən gərgin getdiyi yerlərdən biri də məhz Yazı düzü yüksəkliyi olub. Hündürlükdəki ərazidə döyüş əməliyyatları məhz həmin hissədə aparılıb. Strateji mövqedəki bu yüksəkliyin digər xüsusiyyəti isə Milli Qəhrəman polkovnik Şükür Həmidovun burada şəhadətə ucalmasıdır. Ş.Həmidov bu mövqe uğrunda gedən gərgin döyüşlərdə düşmənlə mübarizə aparıb. Hazırda həmin yerdə Milli Qəhrəmanımızın xatirəsini əbədiləşdirmək üçün abidə ucaldılıb, şanlı Bayrağımız dalğalanır.
Hazırda qalib Azərbaycan Ordusu azad Vətən torpaqlarının keşiyində dayanır. Vətəni müdafiə edən əsgər və zabitlərimiz üçün müasir tələblərə cavab verən hərbi hissələr, silah-sursatla təminat və gündəlik təminat yüksək səviyyədə təşkil edilib. Komandolarımız gündəlik rejimə uyğun olaraq idman, döyüş təlim tapşırığı yerinə yetirirlər.
Artıq 4 ildir azad olan Qubadlıda həyat yenidən canlanır. Düşməndən təmizlənən ərazidə dövlətimiz tərəfindən bərpa-quruculuq işləri sürətlə davam etdirilir. Şərqi Zəngəzurun qərb hüdudu olan Qubadlıda tikinti işləri plan üzrə aparılır.
Prezident İlham Əliyev Qubadlı azad olunduqdan sonra rayona bir neçə dəfə səfər edib. Qubadlıda Azərbaycan Bayrağını ucaldan və şəhərin azad olunmasının önəmindən danışan dövlət başçısı deyib: “Qubadlı əməliyyatının çox böyük əhəmiyyəti var idi. Çünki Qubadlıdan sonra biz Şuşa şəhərini işğaldan azad etdik. Oktyabrın 25-də Qubadlı azad olundu və noyabrın 8-də Şuşa şəhəri azad edildi. Beləliklə, düşmən təslim olmağa məcbur oldu”.
Babayeva Elanora,
Masallı şəhər 2 nömrəli məktəb