Leqal.az saytı Rasim Tehmurun şeirlərini təqdim edir
İLAHİ SƏS
Azərbaycanın Əməkdar Artisti Aygün Bəylərin
əziz xatirəsinə
Gəzmə bu dünyada ona bənzəri,
Onun da öz yolu, öz sözü vardır.
Nə qədər axtarsan tapa bilməzsən,
Sənət aləmində bir izi vardır.
Doğulanda özün ağlamışdınsa,
Öləndə ölkəni ağlatdın, Aygün.
Evdən gedəni ev tanıyar ancaq,
Sən eldən getdin, el ağlayır, Aygün.
Əgər icazə versəydilər mənə,
Baş daşın qoyardım tut ağacından.
Vallah o səsin gücündən bəlkə də,
O baş daşı cücərərdi başından.
Gör neçə cür səs vardır bu dünyada,
İlahi səs sırasındadır səsin.
Hər barmaq izləri seçilən kimi,
Harda oxusan da seçilər səsin.
Hər bir insan doğulanda anadan,
İlk eşitdiyimiz səs olur onda.
Demək səsdə bir müqəddəslik vardır,
Səsdə ilahi güc olmur çoxunda.
Əgər bir imkanım olsaydı mənim,
O ilahi səsə qoyardım heykəl.
Aygün şərəfinə onun kəndində,
Tut ağacına da qoyardım heykəl.
Məni məcbur edir o ilahi səs,
Burdan deyim Aygün Səmədzadəyə.
Baş daşına dönmüş tut ağacına,
Ona təzədən bir mahnı bəstələ.
Dünyada tanınan bir insanı da,
İlahi səsinlə kövrəltmisən sən.
O ecaskar səsini vəsv etməyə,
İnan ki, acizəm qələmimlə mən.
Qazandın hörməti sadəliyinlə,
Həm də böyüklüyün sadəlikdədir.
İlahi səs verdi sənə yaradan,
Bu səs də həmişə zirvələrdədir.
Aygünə bu şeir bir ehsan olsun,
Nur dolsun qəbrə məkan olsun cənnət.
Hər tut ağacını görəndə bir kəs,
Bu sadə qıza sən də oxu rəhmət.
Ağlıma gəlməzdi tut ağacını,
Sevərdim belə onun xatirinə.
Rasim, həyətdəki tut ağacına,
Yaxşı qulluq eylə, Aygün xətrinə.
UŞAQLIQ İLLƏRİ
Görəsən bu axşam niyə beləyəm,
Əvvəlki günlərə bənzəmir günüm.
Ayaq da tutulur gəzə bilməyim,
İlham pərim də gəlmir şeir yazım.
Bir anda uşaqlıq keçdi gözümdən,
Yadıma düşdü o Kürdə çimməyim.
Çıxıb tay tuşnan aralanıb kənddən,
At belində kürü təm tək keçməyim.
Uşaqlıqda güləşib, yıxılmışam da,
Təzədən qalxıban güləşmişəm mən.
Hər axşam da evdə danlanmışam da,
Ya dəcəllik edib at çapmışam mən.
Bir atımız vardı adı Bolluca,
Hamının işinə yarıyırdı o.
Ayağı bərəkət idi olduqca,
Bir fitimdən tanıyırdı məni o.
Bir at yarışında dayandı birdən,
Arxadan gələnlər keçdilər məni.
Qamçılayıram tərpənmir yerindən,
Hirsindən gəmirir gör ki yüyəni.
Demə arxadan balası gəlirmiş,
Yorulub bala uzanıb yol üstə.
O ana ürəyi bunu hiss etmiş,
Atı döyürəmmiş qaliblik üstə.
Bilməz heç kim o səhnəni görmədən,
Bala uzanıb elə tövşəyir ki.
Bax ürək çıxacaq sanki yerindən,
At mənə baxır mən ölmüşəm sanki.
İlahi, o baxış getmir gözmüdən,
Bir ana baxışı kürəyimdədir.
Bir yarış qalibi olmaq üçün mən,
O günahsız günah əməlimdədir.
Uşaq illərində etdiyim səhvlər,
Böyük günahlara yazmasın Allah.
İnşallah gələcək gözəl bir günlər,
Səhv etmə onları pozmasın Allah.
BU DÜNYA
Dünyanın tarazlığı itibdi, qardaş,
Görən hara tələsir bu qoca dünya.
Neçə il bərabərik bu yolda sirdaş,
İndi niyə bizlərdən qaçır bu dünya.
Çox deyirlər qabaqlar belə olmamış,
Qurdlar da, qoyunlar da bir yerdə olmuş.
Kasıbı da, varlı da birlikdə olmuş,
Axı niyə birlikdən qaçır bu dünya.
Qiyamət də indi, axirət də indi,
Cəhənnəm də indidir, cənnət də indi.
Məhşər ayağına da çəksələr indi,
Sirat körpüsündən də qaçır bu dünya.
Dünya həmin dünyadır, zaman başqadır,
İnsanlar həmin insan, inam başqadır.
İndi əli Quranlı imam başqadır,
Öz axrına deyəsən çatır bu dünya.
Allahın qanunu da ondan yan keçir,
Könlündən də həmişə şöhrət-şan keçir.
Rasimin ürəyindən bir fikir keçir,
Axırımıza deyəsən çıxır bu dünya.
İLK BAXIŞ
İkimizdən biri ayrılıb getsək,
Kimin gözlərindən yaş çıxacaqdır.
Ömrü boyu göz yaşını silən mən,
Görən bu yaşını kim siləcəkdir?
Sən ayrılıb getsən yaxşı yol sənə,
Səndən mənə ilk baxışın qalacaq.
Çıxarda bilmərəm onu yadımdan,
Ömürlük gözümdə mənnən qalacaq.
İlk baxış yol açır sevgi dilinə,
Ana dilimizin əlifbası tək.
Tutub əlindən bir müəllim kimi,
Sənə göstərir ki, budur məhəbbət.
Necə xoşbəxt olacaqsan onla sən,
Axı ilk baxışın məndə qalıbdı.
Bircə hərfi də bilməyən bir adam,
Əlifbanı necə oxuyacaqdı?
Bəlkə, onu sevəcəksən haçansa,
Amma o ilk baxışın olmayacaq.
Necə görünürsə, qaşsız bir üzük,
Bax sənin sevgin də qaşsız qalacaq.
Hər ana uşağı doğan bir zaman,
O da ilk baxışla baxır körpəyə.
Görünür ilk baxış, bu ilk sevgi də,
Bizi aparırmış ülvi sevgiyə.
O ilk baxış məni elə tutub ki,
Sanki ovsunlayıb, çıxa bilmirəm.
Gedəsi olsan da istəmə məndən,
Bil ki sənə onu verə bilmərəm.
Rasim, qaça bilmədin ilk baxışdan,
Deyəsən bir sirr var bu ilk baxışda.
Qoy bunu açsınlar aşiq olanlar,
Gəlməz köməyinə heç ilk baxış da.