Oxunaqlı hekayələr, novellalar, esselər və…
Bu günlərdə Bakının “Elm və təhsil” (Bakı- 2024) nəşriyyatında yazıçı - publisist, Masallı Rayon Agsaqqalar Şurasının sədri Ələşrəf Niftiyevin “Seçilmiş hekayələr, novellalar və esselər” kitabı çapdan çıxmışdır. Müəllifin sayca 18-ci kitabında əsasən 50 ilə yaxın yaradıcılığında yer almış roman və povestlərindən başqa burada 30-dan yuxarı seçilmiş hekayə, novella, esseləri, rus dilindən bir neçə tərcümə parçası toplanıb. Əlbəttə, demək olar ki, bütün yazılarında Ə.Niftiyevin istinad etdiyi mövzular milli-mənəvi və əxlaqi dəyərlərimizə əməl olunması, uşaqların və gənclərin hərbi vətənpərvərlik, əmək tərbiyəsi, Vətənimizi və torpağımızı sevmək amalları əsas yer tutur. Bir qism gənclərimizi, ailələri cəmiyyətə zidd hərəkətlərdən çəkindirmək məqsədilə məzəmmət edib, nümunələrlə hər kəsə sağlam tənqidlə təsir vasitəsi ədibin arzularıdır. Azərbaycanımızın düşmən üzərində 44 günlük Zəfər qələbəsi, 2023-cü ildə erməni vandallarının və işğalçılarının terror hərəkətlərinə cavab olaraq loyal addımlarla cavab verərək 24 saatdan da bir az zamanda ərazi bütövlüyümüzün və tam müstəqilliyimizin bərpa olunması şəraitində yaranmış yeni geosiyasi durumda uğurlarımızla qürur duyub, qanun pozuntularına yol verənləri naqis hərəkətlərdən çəkindirmək məqsədləri və xətti bu toplumda əsas yer tutur.
Ələşrəf Niftiyev 1945-ci ildə Masallı şəhərində anadan olmuşdur. 1961-ci ildə 2 saylı Masallı şəhər orta məktəbini, 1963-cü ildə Lənkəran Pedaqoji Texnikumunu, 1970-ci ildə M. F. Axundov adına Azərbaycan Dövlət Xarici Dillər İnstitutunun rus dili fakultəsini bitirmişdir.
Əvvəllər pedaqoji sahədə çalışmış, müxtəlif fəxri adlara və təltiflərə layiq görülmüşdür. 1968 – 74 - cü illərdə Masallı rayon Komsomol Komitəsində təşkilat şöbəsinin müdiri, sonradan I katib vəzifəsində işləmişdir. İki il Masallı rayon Partiya komitəsində təşkilat – partiya işi şöbəsində, 1976-77-ci illərdə yerli “ Çagırış” qəzetində şöbəyə rəhbərlik etmişdir. Rayon və şəhər sovetlərinin deputatı seçilmişdir.
1993- 2009- cu illərdə 16 il Masallı rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini vəzifəsində işləmişdir.
Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2007–ci il tarixli sərəncamı ilə dövlətqullugunda uzun müddət səmərəli və qüsursuz fəaliyyətinə görə III dərəcəli “ Vətənə xidmətə görə “ ordeni ilə təltif edilmişdir. Bu yaxınlarda ölkənin daha bir yüksək medalı - “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunub. Azərbaycan Yazıçılar və Jurnalistlər birliyinin üzvü, “Qızıl qələm “ və H.B. Zərdabi media mükafatı laureatıdır. Tanınmış ədib və ictimai xadimdir. Masallı Rayon Agsaqallar şurasının sədridir.
Kitab “Ön söz əvəzi”, “Toydan bəhrələnmiş ağamız”, “Yuxudakı tamaşa”, “Uşaq necə əlaçı oldu”, “İddiadan imtina”, “Xeyirli müdir təyinatı”, “Yeməkdən xeyli baha çay pulu”, “Axtarma məni”, “Toy başlamamış dava”, “Adqoyma əhvalatlar”, “Yoxa çıxmış qız”, “Lətifələr”, “Mənim anam”, “Nə əkərsən, onu da biçərsən”, “Sizə əsa alacağam”, “Bala, bunlar dost deyil”, “Paslı açarın sirri”, “Heç, bank məsələsi”, “Baş daşı əvəzinə ibrət dərsi”, “Seyid Sadıq ağa”, “Naşıya zurna verəndə”, “ ... Başa bəla araqarışdıranlar”, “Səhv düşəndə yerimiz”, “Allah verən ömrü”, “Deputlığa seçkiyə getsəm”, “Qocalıq yaxşıdır, amma...”, “Orda elə, burda belə”, “Axırda mollalıq” və “Qələbə gününə məktub” mündəricatından ibarətdir.
Müəllif kitabın “Ön söz əvəzi”ndə yzır ki, 100-ə yaxın hekayə, novella, esselər və 200-ə yaxın publisist yazılarımda, roman və povestlərimdə çalışmışam ki, yaşlı və təcrübəli yaradıcı insan, ağsaqqal kimi ömrüm boyu mənim üçün müqəddəs və zəngin həyat tərzimə, iş üslübuma söykənərək haqq-ədalət, mərhəmət, qayğıkeşlik və diqqətlilik, bunlarla yanaşı prinsipial mövqe və sağlam tənqidi ruhdan ayrılmayım. Müasir cəmiyyət quruculuğunda dinimizə, milli adət-ənənələrimizə xor baxanlara, məktəbli, yeniyetmə gənclər, bəzən də lap orta və daha yuxarı yaşlılarda da rast olunan xeyli kəm-kəsir addımlara göz yummamaq və belə antipodlara münasibət bildirməməyi boyuk qəbahət sayıram. Muharibə və münaqişələrə rəvac verənlərə, narkomaniyaya, ailə təməlinə, gündəlik həyat tərzimizə kölgə salanlara nifrət hissim var. Ölkəmizin inkişafına xələl gətirən faciələrin törənməsinin qarşısını vaxtında almaq hamının vətəndaş borcu olmalıdır. Belə xeyirxah məqsədlərə töhfə verən hər bir insan şəxsən mənim üçün ibrətamiz nümunə, əsl insan, vətəndaş və əqidəli şəxsiyyətdir. Məsələn, öz həyatımda rastlaşdığım bir neçə epizoda diqqətinizi çəkim: 8 oğul övladı olan imkansız və kasıb ailədə doğulmuşam...
Ələşrəf müəllimin kitabını vərəqlədikcə biri-birindən maraqlı bədii yazıların, hekayələrin şahidi olursan. Müəllifin dili sadə, oynad və obrazlıdır... “
...Baxmayaraq ki, dikbaş idi. Dürüst hesabatları, yaxud pripiska (şişirtmə) əməliyyatlarını, maliyyə və mühasibat işlərini heç də qeyrilərindən pis bilmirdi. Lap gündəlik dolanışıq yollarını, qonaq-qara qəbul edib yola salmağı, məclis, dialoq aparmaq səriştəsi də yerində idi. Elə müdir dəyişikliyi baş verən ərəfədə layiq olmayan kəslər onun perspektivini pozmaq məqsədilə kollektivdə bilərəkdən dedi-qodu yaradır, baş aqronom Əliağa barədə nufuzunun aşağı salınmasına rəvac verən olaylar düşünüb bilə-bilə yalandan xəbər ötürürdülər. Məsələn, toy-büsatlarda, tədbirlərdə içirdib lətifələr söylətmək, bir yerdə kollektiv üzvlərini rəqsə dəvət etmək, hərdən zənən tayfasından qonaq-qara, müxbir-zad gələndə beş-on manat təşkil edib pulsuz başa gəlsin deyə belə hallarda onları da özləri ilə məcislərə aparırdılar. Beləcə, tez bir tanış demaqoq tapıb göndərərdilər birinci katibin qəbuluna ki, idarə batır, planlar yerinə yetirilmir, məntəqə mövsümə hazır deyil, bu boyda təşkilat başsız qalıb, müvəqqəti də olsa tapşırıbsınız bir bambılıya, o da işdə tapılmır, elə gündə dağların qoynunda yeyib-içir, toylarda sərxeyirlik edir... Biabır olmuşuq. Bizə ciddi, abırlı bir adam verin. Belə getsə nəinki öhdəlik, heç plan da yerinə yetirilməyəcək, bu işin axırı yaxşı olmaz. Bir gün bizi də işdən çıxarar, ya da məsuliyyətə cəlb edərlər.
Son bir-iki gündə Əliağa Əliyev yenə də idarəyə gələndən axşama qədər işçilərlə xoşluqla salamlaşar, xoş rəftar edər, hər kəsə bir replika atar, çoxdan orada işləyən katibəyə bir-iki ədəd şokolad tullayar, baş mühasibi və kassiri çağırar ki, vay, dədə vay, bu gün iki yerdə toy var, neyləyəcəyik? ... Sovxoz direktoru Kərim Mirzəyev çörək verən kişidir. Deyirlər, oğlunun toyuna yaxşı içki, yemək-zad hazırlayıb.
Müğənnilər də Bakıdandır. Yaxşı məclis olacaq, gedin, axşamçağına görün nə edirsiniz... - deyə gileylənərdi.
Axşam saatları yaxınlaşırdı. Müvəqqəti müdir əvəzi həyətdə kölgədə oturub pürrəngi çay qabağında işçilərlə domino oynayırdı ki, birdən katibə Yasəmən xala pəncərədən başını çıxarıb: "Ay yoldaş Əliağa müəllim, sizi raykomdan telefona çağırırlar", - qışqırdı.
-Yenə bəlkə qonaq gəlib? Toyu necə eləyəcəm? Elə qonağı da ora apararıq, hə necədir xəzinədar Əbülfəz kişi?
-Görək də,-deyə kassir dilləndi.
Dəstəyi ehtiyatla götürəndə raykom katibinin səsini tanıdı.
-Kollektivi yığ, saat 18.00-da yeni müdiri gətirib təqdim edəcəyik.
Əliağa kişinin başı gicəlləndi, ürəyi sancdı, "toy da qaldı", - deyə müdir əvəzi öz-özünə sanki sayıqlayırdı, məni indi toya kim yola salar ki, yenə də bəxtim gətirmədi... Allah bilir, yenə hansı nadanı müdir verəcəklər, gəl beləsiylə işlə də... («Xeyirli müdir təyinatı»).
Yaxud “Axtarma məni...” hekayəsində yazır: “...Yay ayları idi. Artıq 9 ayda xeyli kökəldilmiş, çəkisini artırmış, kəsilməsinə az müddət qalmış cöngə naxırdan evə qayıtmır. Ailəliklə gecə yarısınadək nə qədər sorğu-sual, axtarış aparılsa da dana tapılmır ki tapılmır. Əlbəttə, itki pis şeydir, xüsusilə də xoş niyyətə tutulmuş paydan məhrum olasan.
Ertəsi gün səhər tezdən sanki qrafik üzrə tez-tez rayon mərkəzinə gəlib-gəzmək şakərində olan ailə başçısı dananın tapılması üçün evdəkiləri yenə də səfərbər edir. Ayrı-ayrı istiqamətlərə axtarışa göndərir. Yola düşəndə bir də görür ki, həyətə toy dəvətnaməsi gətiriblər. Özü də həmin gün rayonun mərkəzində şadlıq sarayında keçiriləcək toya. "Rəngsaz yoldaşımın oğlunun ziyafət məclisində iştirak etməkdən ötrü mən getdim rayona. Axşam da toyda olacağam. Evə gec gələrəm. Cöngəni tapsanız, əl telefonuma zəng vurarsınız," - deyə bir az narahat tərzdə kişi evdəkilərə tapşırıq verdi.
Hava çox bürkülü və isti olduğundan Zərbəli günorta vaxtı bir az sərinlənmək və toxtamaq məqsədilə adəti üzrə görüşdüyü bir neçə dostunun pivə içmək təklifini rədd etmədi. Gedib bazarın aşxanasında başını bir az dumanlandırdı. Üz vurduqlarından arada sağlıqlara qoşulub yüz qram arağı da üstündən gillətdi. Axı, pivə ilə sağlıq getmir... Sonra başladı danışmağa ki, son günlər işləri yaxşı getmir. Ordudan tərxis olmuş uşağın toyuna cöngə bəsləmişdi, itib -yoxdur: dərdindən içdi, axşam da toy-filan...
Birazdan şadlıq sarayındakı xoş ovqat yaradan zurna-qaval səsi, atəşfəşanlıq, şux rəqslər, gücləndiriciyə qoşulmuş zərb alətlərinin qulaqbatıran hay-küyü ustanın onsuz da dünəndən "zəhərlənmiş" ab-havasını və bugünkü hal-əhvalını bir az pozur, içkili ovqatını xarablayırdı. Dananın dərdi üstəlik onu bərk qıcıqlandırırdı. Düşündü ki, məclisdən çıxanda polis növbətçisinə ərizə ilə müraciət təqdim edər. Ancaq yadına saldı ki, kənddə sahə müvəkkilinə artıq məlumat verib də...”
Yeni kitabda müəllifin rus dilindən (Forrest Akkerman «Yoxa çıxmış qız», «Sadə lətifələr») tərcümələri də yer almışdır:
– İndiki gənclər yaşlı adamlara heç bir hörmət-izzət göstərmirlər, - deyə tramvayda oturmuş bir vətəndaş təəccüblənir. Siz bununla nə demək istəyirsiniz? - deyə onun qarşısında ayaq üstə dayanmış gənc heç bir şey anlamır.
Mən ki, öz yerimi sizə verdim. Düzdür, ancaq arvadım isə hələ ayaq üstədir.
***
-Sən eşitmisənmi ki, artıq səssiz uşaq arabaları çıxıb? İlahi! Nə olaydı səssiz uşaq buraxmağa da başlayaydılar!..
***
- Məni xora qəbul edin, vallah, anam deyir ki, mənim çox yaxşı səsim var. -Bu azdır, - deyə xormeyster cavab verir, - Qonşulardan da zəmanət gətirmək lazımdır.
***
- Pencəyinin yaxasındakı bu nişanlar nədir? deyə nənə nəvəsindən soruşdu.
Bu o deməkdir ki, mən iki institut qurtarmışam, nəvə fəxrlə cavab verir.
Nənə təəəccüblənir:
- Gör necə kütsən ki, səni birində öyrədə bilməyiblər.
***
Bizim çox gözəl itimiz var! O heç kimi evə yaxınlaşmağa belə qoymur. Həmin dəqiqə bizi xəbərdar edir. -Hürür? Xeyir, divanın altında gizlənir yatır.
Maraqlı olsun deyə oxuculara Ə.Niftiyevin bir portret yazısını təqdim edirəm: Seyid Sadıq Ağa: «Bu köç gedir, ancaq haçansa yenə də qayıdacaq. Ötən dövrlərdə çox şey dəyişib, dəyişir və gələcəkdə yenə də dəyişikliklərə məruz qalacaq. Asanlaşma, çətinləşmə, problemlər, islahatlar və sair davam edəcək, çünki dünya, millətlər tərəqqi və inkişaf addımları ilə yaşayır. Çoxları bizə baxır, biz də onlara. Həyatda bir deyim də səslənir: gör-götür, yaxşısını ötür. Ona görə də bu hekayəni yazmaqda yeganə məqsədim göstərdiyim məqamları üstün tutub, oxucuya çatdırmaqla əqidəmi və iradəmi səmimi şəkildə ortaya qoymaqdır. Oxuyun, faydalanın, yaxşılardan nümunə götürüb Vətənin, millətin keşiyində sevgi və sayğı, namus və qeyrətlə çalışaraq, xidmətdə yaxşıl, hörmət qazananlara sağlığında dəyər verin. Milli-mənəvi xəzinəmizə xələl gətirən və yad olan, ülvi məqsədlərimizə kölgə salmaq istəyən xəyanətkarlara, azərbaycanlı adını aşağılayan nadürüstlərə ən kəskin silah olan ağsaqqal sözümüzü vaxtında deyək ki, günah boynumuzda qalmasın.
Bu yaxınlarda Masallıda foto xidmətindən istifadə edərkən İldırım və Firdövsinin atası və babası Söhbət Ağayevdən irs qalmış sənətini yaşadan foto- atelyedə bir portret şəkli diqqətimi çəkdi. Həmin pirani, bir az da baməzə ifadələri hər kəsdə rəğbət və təskinlik taparaq, vəhylə camaatın ondan kömək istədiyi Seyid Sadığın divardan asılmış portreti gözümə sataşdı. Şəklin altında onun məşhur və hamıya şox tanış olan "Kişi var?" sualına sonradan "Kişi var!" nida durğu işarəsi qoyulmuş yazıya rast gəldim. Görünür, ömrü boyu əsl kişi axtarışında yaşayan, arayıb-tapmaq qayğılarında bulunan bu müqəddəs ağamız Seyid Sadıq ömrünü başa vurandan sonra belə, əvvəlki kimi bu qeyrətli kişi axtarışında ruhən öz əqidəsində yenə də hökmlüdür. Ona görə də yerində olaraq hamıya bu nida ilə tutarlı cavab vermək istəyirmiş və rastlaşdığı adamlara "Kişi var?" deməkdə, müqəddəs ruhu ilə yenə də iddiadadır. Əlbəttə, bunu başa düşmək çətin deyil ki, nida işarəsi adamların Seyid Sadığa inamının heç vaxt tükənməyəcəyinin ifadəsidir.
….Ə.Niftiyevin hələ mətbəə qoxucu itməyən kitabının redaktoru “Yeni həyat” (Masallı) qəzetinin və eyni adlı saytın Baş redaktoru, AJB-nin və RF Jurnalistlər İttifaqının üzvü Əlihüseyn Şükürov, məsləhətçisi ağsaqqal Həsənağa Əliyev, rəyçisi AJB-nin üzvü İbrahim Şükürov, tərtibçi və korrektoru AJB-nin üzvü Südabə Məmmədovadır.
Yeni nəşr 154 səhifədən ibarətdir.
İbrahim ŞÜKÜROV,
Masallı Rayon Agsaqqalar Şurasının mətbuat katibi,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.