Anar MƏCİDZADƏ
Yaxşı adamların qədrini bilin
Yaxşılar azalır, yaxşılar gedir,
Yaxşı adamların qədrini bilin.
Yaxşı adamlara can fəda olsun,
Pisləri unudub ürəkdən silin.
Yaxşı adamlarla bəşər güləcək,
Dünyaya məhəbbət, sevgi gələcək.
Yaxşının qədrini yaxşı biləcək,
Yaxşı adamların qədrini bilin.
Dünyada yaxşılıq, yaxşı yaxşıdır,
Yaxşılar həyatın bil ki, naxşıdır,
Yaxşılar ziynətdir, üzük qaşıdır,
Yaxşı adamların qədrini bilin.
İlahi, neynirdin bu adamları?!
Dünyada nə çoxdur yalaq adamlar,
Gül-çiçək içində alaq adamlar,
Hər sözə, söhbətə qulaq adamlar;
İlahi, neynirdin bu adamları?!
Sonumuz məzardır, ilkimiz bələk,
Dünyaya hər adam doğulur mələk,
Bələkdən qəbrədək adamlar kələk;
İlahi, neynirdin bu adamları?!
Çarə yox dünyanın qalmaqalına,
Adamlar meyl edir dünya malına,
Acı adamların acı halına,
İlahi, neynirdin bu adamları?!
Daha adamların bir olmur sözü,
Bilmirsən kim deyir doğrunu, düzü,
Dönüb adamların, dönübdür üzü,
İlahi, neynirdin bu adamları?!
Anaram, sözümü deyirəm kəsə,
Gözüm adamlardan su içmir nəsə,
Adam bildiklərin nankor bəndəsə,
İlahi, neynirdin bu adamları?!
Hardal qaldın, ömrüm-günüm?
Dərd-qəmimi gəl, danışım,
Sənsiz keçmir yayım, qışım,
Bu taleylə mən barışım?!
Harda qaldın, ömrüm-günüm?
Çiçək kimi solan mənəm,
Gözü yaşla dolan mənəm,
Sənsiz yetim qalan mənəm,
Harda qaldın, ömrüm-günüm?
Nələr çəkmiş yazıq başım,
Zəhər olmuş dadlı aşım,
Keçir zaman, keçir yaşım,
Harda qaldın, ömrüm-günüm?
Saralıbdır bağda gülüm,
Ocaq idim, qalıb külüm,
Sənsiz həyat sanki ölüm,
Harda qaldın, ömrüm-günüm?
Səni sevən mən Anaram,
Sevgim ilə mən də varam.
Qəlbdə sevinc, gözdə qaram,
Harda qaldın, ömrüm-günüm?