Leqal.Az xəbər verir ki, iyunun 25-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Astara rayonu Alaşa kənd “Məhəmməd” məscidi dini icmasının təşkilatçılığı ilə keçirilən “Şəhidlərimiz qürur yerimizdir” adlı layihə çərçivəsində İkinci Qarabağ Müharibəsində astaralı qəhrəmanların döyüş yolunun əbədiləşdirilməsi məqsədilə yazıçı Gülnar Əsədlinin müəllifi olduğu “Vətən aşiqləri” adlı kitabın təqdimat mərasimi keçirilib.
Təqdimat mərasimində Fondun icraçı direktoru Mehman İsmayılov, “Zəfər” Şəhid ailələrinə dəstək ictimai birliyinin sədri Sevinc Alızadə, DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, Astara Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Turan Həsənzadə, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Mərasim Hacıyev, şəhid ailələri, qazilər, müharibə veteranları, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbir şəhidlərimizin əziz xatirəsinin ehtiramla yad edilməsi ilə başlanıb. Sonra şəhid övladları və tədbir iştirakçılarının ifasında himn ifa olunub.
Çıxışlar zamanı yazıçı Gülnar Əsədlinin astaralı şəhidlərin və sağlamlıqlarını itirmiş qazilərin qəhrəmanlıqlarından, keçdiyi həyat və döyüş yollarından bəhs edən kitabın çap edilməsini onların xatirəsinin yaşadılması və təbliğ edilməsi baxımından olduqca yüksək qiymətləndirərək Dövlət Komitəsi və Fondun rəhbərliyinə minnətdarlıq ifadə edilib. Vətən Müharibəsində Azərbaycanın düşmən üzərində parlaq qələbəsinə, tarixi torpaqlarımızın geri alınmasına diqqət çəkən natiqlər tədbir iştirakçılarını 26 iyun-Silahlı Qüvvələr Günü münasibətilə təbrik ediblər.
Sonda xatirə şəkli çəkilib. Hərbi vətənpərvərlik ruhunda musiqilər ifa edilib.