“Məmmədpaşa Axundovla şəxsi tanışlığım yoxdur. Amma onu deyim ki, Mavritaniyada qızıl axtaranlar çox yaşamır. Əvvəlcə şirnikləndirirlər, daha sonra bütün var-dövlətini əlindən alırlar. Mavritaniyada belə bir deyim var: Bu ölkədə öz əcəli ilə ancaq kifir qadınlar ölə bilir. Burada yerli klanların, tayfaların icazəsi olmadan qızıl, almaz işinə girmək ölümə bərabərdir”.
Bu sözləri Lent.az-a Mali və Mavritaniyada beynəlxalq layihələrdə iştirak edən həmyerlimiz deyib.
Ötən gün Afrikanın Mali Respublikasında yaşayan azərbaycanlı iş adamı Məmmədpaşa Axundov yol qəzasında həyatını itirib. Onun nəşi qısa müddətdə ölkəyə gətirilməsi mümkün olmadığından elə Malidə də dəfn edilib.
Qeyd edək ki, qızıl mədənçiliyi ilə məşğul olan həmyerlimiz Afrikada “Arifoglu Gold” MMC-yə rəhbərlik edib. Baş vermiş qəzada şübhəli məqamların olduğu deyilir.
Arayış:
“Arifoglu Gold” MMC 2019-cu ilin oktyabrında Mavritaniyada təsis edilib, qızılın, qiymətli daş və metalların çıxarılması ilə məşğuldur. Şirkət həmçinin qiymətli daşların alqı-satqısı üçün lisenziyalara malikdir. “Arifoglu Gold” MMC-də dünyanın bir çox ölkəsində işləmiş təcrübəli mütəxəssis olan geoloqlarla əməkdaşlıq edir. Şirkət Mavritaniya və Malidə fəaliyyət göstərir.
“Arifoglu Gold” MMC-nin əlaqə nömrəsindən də (+222 (36) 38-87-65) görünür ki, ofis həqiqətən də Afrikanın Mali Respublikasında yerləşir.
Həmsöhbətimizin dediyinə görə, o da baş verənlər barədə yerli mediada oxuyub.
“Düzü, bilmirəm ki, Məmmədpaşa bura necə gəlib çıxıb. Amma riskli işə girişib. Təhlükəsizliyinə tam təminat olmadan burada işləmək mümkün deyil. Şirkətin özünün şəffaflığı da bir az şübhə doğurur. Sadə, necə deyərlər, sıradan bir veb-səhifəsi var. O da gözdən pərdə asmaq üçündür”.
Mövzu ilə bağlı qısa araşdırma aparılıb. Araşdırma nəticəsində məlum olub ki, bir müddət əvvəl Məmmədpaşa Axundov öz fəaliyyəti ilə bağı video-müraciət yayıbmış.
Həmin müraciətdə bildirir ki, qızıl çıxardığı sahə 10 kvadrat kilometr ərazini əhatə edir. Onun sözlərinə görə, həmin sahə geoloji testdən keçib. Təxmin edilir ki, orada 1 ton 900 kiloqrama yaxın qızıl ehtiyatı var. Mərhum onu da bildirir ki, həmin sahənin yaxınlığındakı ərazidə geoloji test aparılıb və güman edilir ki, orada almaz ehtiyatları var.
Hadisəni daha ətraflı öyrənmək üçün Məmmədpaşa Axundovun oğlu Arif Axundovla əlaqə saxladıq.
O, açıqlamasında bildirir ki, atasının ölüm səbəbi araşdırılır:
“Atam daha əvvəl Almaniyada yaşayıb və sonradan Mavritaniya Respublikasında qızılçıxarma şirkəti qurub. Onunla birgə bir neçə azərbaycanlı da orada şirkətin idarə edilməsində iştirak edib. Baş vermiş qəzada şübhəli məqamlar var. Avtomobili idarə edən şəxs xəstəxanadadır, danışa bilmir. Hələ ki, hadisə araşdırılır”.
Qeyd edək ki, Məmmədpaşa Axundov həm də xeyriyyəçi kimi tanınıb. Onun rəhbərliyi altında Afrika ölkələrində 40 su quyusu, xəstəxana, məscid və məktəblər tikilərək istifadəyə verilib.
www.leqal.az