Ukrayna Prezidenti Volodimir Zelenski NATO-nun Ukrayna səmasını bağlamamaq qərarını şərh edib.
“Leqal.az”ın UNİAN-a istinadən məlumatına görə, o, müraciətində müvafiq bəyanatla çıxış edib.
"Bu gün (dünən-red) NATO sammiti baş tutdu. Zəif sammit, qarışıq sammit. Heç də hamının Avropa uğrunda azadlıq mübarizəsini bir nömrəli məqsəd hesab etmədiyini göstərən sammit. NATO ölkələrinin bütün kəşfiyyat qurumları düşmənin planlarını yaxşı bilirlər. Onlar da təsdiqlədilər ki, Rusiya hücumu davam etdirmək istəyir. Doqquz gündür ki, biz ağır müharibə görürük, şəhərlərimizi viran qoyur, insanlarımızı, uşaqlarımızı, yaşayış məntəqələrini, kilsələri, məktəbləri atəşə tutur, normal şəraiti təmin edən hər şeyi məhv edir”, - Zelenski qeyd edib.
NATO yeni zərbələrin və itkilərin qaçılmaz olduğunu bilərək Ukrayna səmasını bağlamamaq barədə şüurlu qərar verdi. Biz inanırıq - NATO ölkələri özləri belə bir rəvayət yaradıblar ki, guya Ukrayna səmasının bağlanması Rusiyanın NATO-ya qarşı birbaşa təcavüzünə səbəb olacaq.
Bu, bizdən qat-qat güclü silahlara sahib olsalar da, zəif, daxilən etibarsız olanların özünü hipnozudur. İnsanları, insanlığı düşünməli idiniz. Həmin görüşdə nə haqda fikirləşdiniz? Bu gündən həlak olan bütün insanlar da sizin ucbatınızdan, sizin zəifliyinizdən, parçalanmışlığınızdan öləcəklər”, - Ukrayna Prezidenti deyib.
Onun sözlərinə görə, bu gün Alyansın bacardığı yeganə şey Ukrayna üçün 50 ton dizel yanacağını öz satınalma sistemi vasitəsilə ötürməkdir.
"Görünür, Budapeşt Memorandumunu yandıra bilərsiniz. Daha yaxşı yansın. Amma bizim üçün o, artıq Rusiya qoşunlarının atəşində yandı. Bu, bizim istədiyimiz NATO idi? Sizin qurduğunuz Alyans budurmu?
Siz səmanı bağlaya bilərdiniz. Amma...Bilmirəm, siz kimi qoruya bilirsiniz və öz ölkələrinizi - Alyans ölkələrini qoruya bilirsinizmi? Siz ümumi Avropamız, ümumi azadlığımız, ümumi gələcəyimiz üçün tökülən bir litr qanımızın əvəzini litrlərlə yanacaqla ödəyə bilməyəcəksiniz”, - dövlət başçısı vurğulayıb. Report
Zelenski bununla yanaşı, Ukraynanın NATO-dakı dostlarına da minnətdarlığını bildirib.
"Orada çoxlu dostlarımız, tərəfdaşlarımız var, çoxu güclü tərəfdaşlardır. Dövlətimizə nə olursa-olsun, kömək edənlər. İşğalın ilk günündən. Və əminəm - qələbəyə qədər. Biz mübarizəmizi davam etdiririk. Biz ölkəmizi qoruyacağıq. Torpaqlarımızı azad edəcəyik. Qəhrəmanlarımıza təşəkkürlər”, - Zelenski vurğulayıb.