Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) atletika idman növü üzrə yığma komandası Dubayda keçirilən lisenziya xarakterli Qran-Pridə ikinci medalını qazanıb.
AMPK-dan LEQAL.AZ-a bildiriblər ki, turnirdə F53 kateqoriyasında çıxış edən Elvin Astanov nüvə itələmə yarışında 7,30 metr nəticə göstərərək bürünc medal qazanıb.
Daha əvvəl millimizin üzvü Heydər Həmidli F57 kateqoriyasında nizə atma yarışında qızıl medala sahib olub.
Paraatletika üzrə Qran-Pridə ölkəmizi 6 idmançı təmsil edəcək. Turnirə fevralın 14-də yekun vurulacaq.
Qeyd edək ki, AMPK-nın atletika idman növü üzrə artıq 3 idmançısı “Tokio 2020” XVI Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb.