Azərbaycan Milli Paralimpiya Komitəsində “Yenilməz” romanının təqdimatı olub

Azərbaycan Milli Paralimpiya Komitəsində “Yenilməz” romanının təqdimatı olub
  • İdman

  • Azərbaycan Milli Paralimpiya Komitəsində (AMPK) qurumun 25 illik yubileyinə həsr edilmiş “Yenilməz” romanının təqdimatı keçirilib.

    AMPK-dan LEQAL.AZ-a bildiriblər ki, tədbirdə komitənin prezidenti İlqar Rəhimov, yazıçı İlqar Fəhmi, Əməkdar artist Nicat Kazımov, bəstəkar Ruhin Məmmədov və “Motivator Azerbaijan” layihəsinin yaradıcısı Rüfət Həsənov iştirak ediblər.

    Komitənin prezidenti İ.Rəhimov bildirib ki, AMPK və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə 2019-cu ilin noyabrında keçirilmiş “Yenilməz” beynəlxalq qala təqdimatı romanın və mahnının yazılmasına təkan verib. Qeyd edilib ki, “Yenilməz” layihəsi Vətən müharibəsi qaziləri də daxil olmaqla, ölkəmizdə Paralimpiya hərəkatının inkişafına böyük təkan verəcək.

    Roman əlilliyi olan bir şəxsin həyatından bəhs edir. O, qəza nəticəsində əlil arabasına düşərək bir müddət çox böyük iztirablarla, çətinliklərlə üzləşir. Lakin Paralimpiya hərəkatına qoşulandan sonra onun həyatı dəyişir. O, özünü yenidən tapır.

    İ.Rəhimov “Yenilməz” romanının yazılması və AMPK-nın 25 illik yubileyi ilə bağlı işlərdə verdiyi dəstəyə görə “bp Azərbaycan” şirkətinə minnətdarlığını bildirib. O bildirib ki, 2012-ci ilin yanvarında qurumlar arasında tərəfdaşlıq sazişi imzalanan gündən şirkət daim komitənin və idmançıların yanında olub, ölkəmizdə Paralimpiya hərəkatının inkişafına böyük dəstək verib.

    “Yenilməz” romanının müəllifi, yazıçı İlqar Fəhmi qeyd edib ki, əsərin əsas ideyası insanın hər hansı bir çətinlikdə olmasına rəğmən, həyat uğrunda sona qədər mübarizə aparması, həyatda öz yerini tapmağa çalışması üzərində qurulub. Əsərin gedişatı boyu biz tək baş qəhrəmanımız deyil, digər paralimpiyaçıların da həyatından və yaşadıqları çətinliklərdən, əzab-əziyyətlərdən, Paralimpiya sahəsində özlərini təsdiqləmələrindən fraqmentlər də görmək mümkündür.

    Sonra komitənin 25 illiyinə həsr edilmiş “Yenilməzlər” mahnısı və klipinin təqdimatı olub.

    Görmə məhdudiyyəti olan şəxslər üçün “Yenilməz” romanının audio versiyası buraxılacaq.

    1996-cı ildə iki idmançı ilə başlanan Azərbaycan Paralimpiya hərəkatına bu gün minlərlə atlet qoşulub. İdmançılarımız bu günə qədər 6 Paralimpiya oyunlarında iştirak edib, onlarca medal qazanıblar. İdmançılarımızdan 7 nəfər Paralimpiya çempionudur ki, onlardan da ikisi bu titulu iki dəfə qazanıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər