Azərbaycan Milli Paralimpiya Komitəsində Vətən müharibəsi qaziləri ilə ilk görüş keçirilib - FOTO

Azərbaycan Milli Paralimpiya Komitəsində Vətən müharibəsi qaziləri ilə ilk görüş keçirilib - FOTO
  • İdman

  • Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) və “Motivator Azerbaijan”ın birgə təşkilatçılığı ilə yeni layihəyə start verilib. Layihə çərçivəsində Vətən müharibəsinin qaziləri ilə ilk görüş keçirilib.

    AMPK-dan LEQAL.AZ-a bildiriblər ki, layihənin məqsədi Vətən müharibəsi qazilərinin idmana cəlb edilməsi, gənclərimizin qarşılarına qoyduğları məqsədə doğru irəliləməsində, sağlamlıq problemlərinə və əlilliyə baxmayaraq ruhdan düşməmələri üçün dəstək olmaqdır.

    Görüşdə komitənin baş katibi Kamal Məmmədov, “Motivator Azerbaijan” layihəsinin yaradıcısı Rüfət Həsənov, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov, AMPK-nın vitse-prezidenti və ikiqat Paralimpiya çempionu İlham Zəkiyev, Azərbaycan Peşəkar Boks Federasiyasının vitse-prezidenti Fərhad Acalov iştirak ediblər.

    Əvvəlcə görüş iştirakçıları Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və rəşadətli Azərbaycan Ordusuna xalqımıza bəxş etdiyi Qələbə sevincinə görə təşəkkür ediblər. İştirakçılar Vətən müharibəsində qazanılan tarixi Qələbə münasibətilə qazilərimizi təbrik edib, rəşadətli ordumuzun torpaqlarımızın azadlığı uğrunda göstərdiyi şücaətin əsl qəhrəmanlıq olduğunu vurğulayıblar.

    İ.Zəkiyev bildirib ki, müharibə zamanı əlil olan şəxslər bu günədək də AMPK-nın milli komandalarının tərkibində iştirak edib, ölkəmizi beynəlxalq arenada böyük uğurla təmsil edirlər. Onların sırasında güllə atıcılığı idman növü üzrə komandanın baş məşqçisi Əkbər Muradov, həmin komandanın üzvü Elşən Cəbiyev, kamandan oxatma üzrə milli komandanın baş məşqçisi İlqar Abbasov kimi Qarabağ müharibəsi qazilərimiz var.

    Komitənin baş katibi K.Məmmədov deyib ki, sağlamlıq imkanları məhdud olan qazilərimiz Paralimpiya hərəkatına qoşularaq beynəlxalq arenada ölkəmizi təmsil edə bilərlər. O, yaxın gələcəkdə işğaldan azad edilmiş torpaqlarda, doğma Şuşamızda keçiriləcək mötəbər turnirlərdə qazilərimizin də iştirak edəcəyini və onların müharibə zamanı dalğalandırdığı şanlı bayrağımızı bir daha zirvələrə ucaldacaqlarına əmin olduğunu bildirib.

    K.Məmmədov dövlətimizin başçısının tapşırığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri və qazilərin sosial problemlərinin həll edilməsi üçün böyük işlər görüldüyün və növbəti görüşlərdə nazirliyik nümayəndəsinin dəvət olunacağını qeyd edib.

    Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov qazilərimizin idmana cəlb edilməsi ilə bağlı aparılan işləri yüksək qiymətləndirib. Qeyd edib ki, AMPK 25 il ərzində böyük uğurlara imza atıb. Gənclər və İdman Nazirliyi hər zaman olduğu kimi, bu gün də AMPK-ya dəstək verməkdə davam edir.

    Komitənin güllə atıcılığı üzrə idmançısı, Aprel döyüşlərinin qazisi Elşən Cəbiyev yaralandıqdan sonra Paralimpiya hərəkatına qoşularaq xidmətini idmançı kimi arenalarda davam etdirdiyini vurğulayıb. O, Vətən müharibəsi qazilərini də Paralimpiya hərəkatına fəal qoşulmağa çağırıb.

    Azərbaycan dövlətinin şəhid ailələrinə və Vətən uğrunda sağlamlığını itirmiş şəxslərə göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını bildirən qazilərimiz Qələbəyə Müzəffər Ali Baş Komandanın qətiyyəti, xalqımızın birliyi və həmrəyliyi sayəsində nail olunduğunu vurğulayıblar. Onlar Paralimpiya hərəkatına qoşularaq idman vasitəsilə ölkəmizi beynəlxalq arenalarda təmsil etməyə hazır olduqlarını bildiriblər.

    PAYLAŞ:

    Oxşar xəbərlər