Yanvarın 17-də Fransanın Nitsa şəhərində keçirilən güləş üzrə Henri Deqlan Qran-Pri turnirinə yekun vurulacaq.
azərtac xəbər verir ki, yarışın sonuncu günündə yunan-Roma güləşçiləri mübarizə aparıblar.
Turnirdə 60 kiloqram çəki dərəcəsində idmançılar arasında "A" qrupunda yer alan Murad Məmmədov ilk görüşdə ispaniyalı güləşçini elə birinci hissədə tam üstünlüklə məyus edib. Portuqaliyalı rəqibini də cəmi 2 dəqiqəyə üstələyən M.Məmmədov qrup lideri kimi yarımfinala vəsiqə qazanıb. "B" qrupundakı təmsilçimiz Murad Bazarov isə debütdə İspaniyanın bayrağı altında çıxış edən erməni güləşçiyə gücünü göstərib. Növbəti görüşdə türkiyəli güləşçiyə məğlub olaraq qrup ikincisi kimi yarımfinala adlayıb. Finalın bir addımlığında yığma üzvləri üz-üzə gəlib və M.Məmmədov sevinən tərəf olub. M.Bazarov ispan güləşçini devirərək bürünc medala sahib olsa da, türk həmkarına uduzan M.Məmmədov gümüş medalla kifayətlənib.
Mübarizəyə dörddəbir finaldan qoşulan Rüstəm Namazov yerli güləşçiyə minimal fərqlə uduzub. Turnirdə 67 kiloqram çəki dərəcəsində digər təmsilçimiz İslambek Dadov Fransanı təmsil edən türk güləşçini vaxtından əvvəl məğlub edərək adını yarımfinala yazdırıb. Ancaq finalın bir addımlığında Fransa güləşçisinə minimal fərqlə uduzub. R.Namazov ilk təsəlliverici görüşdə Avstriya təmsilçisini xalçaya çıxmağa peşman edib. Növbəti qarşılaşmada isə ispan həmkarına heç bir şans tanımayıb. Bürünc medal uğrunda qarşılaşan milli üzvlərinin duelindən isə İ.Dadov qalib ayrılıb.
Sənan Süleymanov (77 kq) ilk mərhələdə gürcü rəqibi üzərində inamlı qələbə qazanıb. Fransanı təmsil edən erməni güləşçiyə də gücünü göstərən pəhləvanımız yarımfinala yüksəlib. Türkiyə güləşçisi ilə görüşdə xalların keyfiyyətinə görə qarşı tərəf qalib elan olunub. Təmsilçimiz gürcü rəqibinə növbəti dəfə qalib gələrək bürünc medalla təsəlli tapıb.
Millimizin üzvü Rafiq Hüseynov (82 kq) qrupdakı ilk qarşılaşmasında avstriyalı güləşçini çətinlik çəkmədən məğlub edib. Türkiyəli pəhləvandan da güclü olan təcrübəli idmançımız "B" qrupunun qalibi kimi yarımfinala vəsiqə qazanıb. Türkiyənin daha bir təmsilçisini sıradan çıxaran ikiqat Avropa çempionumuz adını finala yazdırıb. Son qarşılaşmada Türkiyənin daha bir nümayəndəsi ilə qarşılaşan təmsilçimiz sonuncu xal prinsipinə əsasən gümüş medalçı olub.
İslam Abbasov (87 kq) ilk görüşdə gürcü həmkarına qalib gəlib. Hollandiya güləşçisi də həmyerlimizin qarşısında duruş gətirə bilməyib. Yarımfinalda ABŞ güləşçisini məyus edən İ.Abbasov finala yüksəlib. Türkiyə güləşçisi ilə baş tutan son qarşılaşmadan da üzüağ çıxan İ.Abbasov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Turnirdə 97 kiloqram çəki dərəcəsində çıxış edən güləşçimiz Murad Lokyayev "A" qrupunda keçirdiyi ilk görüşdə Fransa idmançısına vaxtından əvvəl qalib gəlib. M.Lokyayev Polşa güləşçisinə də eyni aqibəti yaşadıb. Avstriya idmançısının da öhdəsindən gələn güləşçimiz yarımfinala qrup lideri kimi yüksəlib. Yığma üzvü Avstriya güləşçisini də məğlub edərək finala vəsiqə qazanıb. Həlledici görüşdə gürcü rəqibi ilə bacarmayan millimizin üzvü gümüş medalı boynundan asıb.
Digər güləşçimiz Sabah Şəriəti (130 kq) ilk görüşdə çilili güləşçiyə məğlub olub. Rio Olimpiadasının bürünc medalçısı gürcü rəqibini minimal fərqlə üstələyərək gümüş medala sahib çıxıb.
Beləliklə, yarışda iştirak edən 9 yunan-Roma güləşçimizdən 8-i fəxri kürsüyə qalxıb. Millimiz Qran-Pridə 1 qızıl, 4 gümüş və 3 bürünc medal əldə edib. Komandamız bu nəticə ilə 160 xalla ikinci yeri tutub.