Ukrayna Prezidenti Vladimir Zelenski İsrail Dövlətinin Baş naziri Bшnyamin Netanyahu ilə telefon danışığı aparıb.
virtualaz.org bildirir ki, bu barədə Ukrayna dövlət başçısı ofisinin mətbuat xidməti məlumat yayıb.
Həmsöhbətlər ikitərəfli gündəliyin aktual məsələlərini müzakirə edib, həmçinin Ukrayna ilə İsrail arasında əməkdaşlığın dərinləşməsinin gələcək istiqamətlərini müəyyənləşdiriblər.
COVİD-19-un yayılmasına qarşı mübarizə məsələsinə xüsusi diqqət yetirilib. Ukrayna Prezidenti İsrail hökumətinin ölkə əhalisinin peyvənd edilməsində əldə etdiyi mühüm irəliləyişi qeyd edib və sertifikatlaşdırılmış peyvəndlərə bərabər çıxışın təmin edilməsinin vacibliyini vurğulayıb.
Tərəflər Ukrayna ilə İsrail arasında turist axınlarının və müntəzəm aviauçuşların bərpası məqsədilə qarşılıqlı olaraq peyvəndlər – "yaşıl pasport" sertifikatlarının tanınması təşəbbüsündə maraqlı olduqlarını vurğulayıblar.
"Yaşıl pasportlar" Ukrayna ilə İsrail arasında səyahət üçün imkanlar açır", – deyə Prezident qeyd edib.
Binyamin Netanyahu vurğulayıb ki, "yaşıl pasportların" qarşılıqlı tanınması hər iki ölkənin iqtisadiyyatı üçün faydalı olacaq.
Həmsöhbətlər Donbasdakı vəziyyəti və Ukrayna hökumətinin Minsk prosesi çərçivəsində sülh yolu ilə nizamlanmaya nail olmaq üçün göstərdiyi səyləri də müzakirə ediblər.
Ukrayna dövlətinin başçısı İsrail hökumətinin Ukraynanın müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləməkdə qətiyyətli mövqeyinə görə İsrailin Baş nazirinə təşəkkürünü bildirib və Binyamin Netanyahunu Ukraynanın müstəqilliyinin 30-cu ildönümü münasibətilə keçirilən rəsmi tədbirlərdə iştirak etməyə dəvət edib.