Ankarada Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İdarə Heyətinin növbəti iclası keçirilib.
LEQAL.AZ xəbər verir ki, AKP-nin sözçüsü Ömər Çelik iclasından sonra keçirdiyi mətbuat konfransında iclasda müzakirə olunan məsələlər və qəbul edilən qərarlar barədə jurnalistləri ətraflı məlumatlandırıb.
Gündəlikdə duran məsələlər barədə fikirlərini bölüşən Ömər Çelik bildirib ki, hakim partiya ölkə daxilində baş verən bütün proseslərdə vətəndaşların mənafeyini üstün tutur. Türkiyə xarici siyasətdə də hüquq və mənafelərini qorumaqda israrlıdır. Bütün regional proseslərdə fəal iştirak edən Türkiyə qonşu ölkələrlə xoş münasibətlərə, qarşılıqlı faydalı əməkdaşlıqda maraqlıdır və bu istiqamətdə mövqelərini qoruyur.
Koronovirus pandemiyası ilə mübarizə çərçivəsində görülən tədbirlərdən danışan Ö.Çelik vurğulayıb ki, infeksiyaya qarşı peyvəndləmə sürətlə aparılır və daha çox vətəndaşın peyvənd olunması hədəflənir.
Qeyd edək ki, Türkiyədə koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə tədbirləri çərçivəsində Çindən alınan “CoronaVac” vaksini ilə peyvəndləmə prosesi sürətlə davam edir. Martın 8-dək olan göstəricilərə görə, birinci doza ilə peyvənd olunanların sayı 8 milyonu ötüb. 28 günlük fasilədən sonra ikinci dozanı vurduranların sayı isə 3 milyon nəfərə yaxınlaşır.azərtac