Çində COVID-19 virusuna gündəlik yoluxma sayı bir neçə gün azalmadan sonra yenidən çoxalmağa başlayıb.
LEQAL.AZ Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin məlumatına istinadla xəbər verir ki, ötən sutka Çinin materik hissəsində (Honkonq və Makao xüsusi inzibati əraziləri və Tayvan adası xaric) 144 yoluxma halı aşkarlanıb. Bu rəqəm yanvarın əvvəlindən bəri sutkalıq ən çox yoluxmadır. Yoluxma hallarının 68-i Heyloncian, 20-si Hebey vilayətlərində, 33-ü virusun yeni ocağı hesab olunun Cilin vilayətində, qalanları isə Pekin şəhərində, Şensi və Şandon vilayətlərində qeydə alınıb. Bundan başqa, ötən sutka 113 asimptomik hal da aşkarlanıb ki, Çin tərəfi bu cür simptomsuz halları təsdiqlənmiş COVID-19 xəstələri statistikasına daxil etmir.
Qeyd edək ki, Çində yanvarın ilk günlərindən COVID-19 virusuna yoluxma hallarının sayı çoxalmağa başlayıb. Yanvarın 13-də isə 8 aylıq fasilədən sonra ilk ölüm, yanvarın 14-də isə ötən ilin aprelindən sonra gündəlik ən çox yoluxma (144) qeydə alınıb. Hebey vilayətinin Şıciacuan və Sintay şəhərlərində tam qapanma, digər vilayətlərdə və paytaxt Pekində bəzi yaşayış rayonları aşağı, orta və ya yüksək riskli zonalar elan olunub. Ekspertlər Çinin COVID-19 pandemiyasının ikinci dalğası ilə üz-üzə olduğunu bildirirlər. Paralel olaraq Çində risk qrupundan olan əhalinin yeni növ koronavirusa qarşı vaksinasiyası davam etdirilir.(azərtac)