Azərbaycan şərablarının Çində daha çox tanıdılmasına və ixracının genişləndirilməsinə dəstək məqsədilə Pekində Azərbaycan şərabçılığına dair növbəti master-klass keçirilib.
LEQAL.AZ azərtac-a istinadən xəbər verir ki, Azərbaycanın Çindəki səfirliyində ticarət nümayəndəliyinin təşkilatçılığı, Çin Milli Qida və Fermentasiya Sənayesi Tədqiqatı İnstitutu nəzdində fəaliyyət göstərən Azərbaycan Şərabçılığının Təşviqat Mərkəzinin, Azərbaycan məhsullarının Çinə ixracı ilə məşğul olan Çin xarici iqtsadi əməkdaşlıq şirkətinin dəstəyi ilə baş tutan master-klassda Çinin tanınmış şərab ekspertləri, idxalçılar və şərab şirkətlərinin təmsilçiləri iştirak ediblər.
Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı dövlət başçıları İlham Əliyev və Si Cinpin arasında olan səmimi dialoqun ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə olduğu kimi, iqtisadi-ticari istiqamətdə də genişlənməsinə böyük imkanlar yaratdığını deyib. Bildirib ki, Çinin irəli sürdüyü və Azərbaycanın da dəstəklədiyi "Bir kəmər, bir yol" təşəbbüsü də ölkələrimiz arasında iqtisadi əlaqələrin dərinləşməsi üçün səmərəli platforma yaradıb.
Azərbaycanda şərabçılığın tarixi və müasir inkişafı barədə danışan Ə.Zeynallı deyib ki, Prezident İlham Əliyevin təsdiq etdiyi "2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı" ölkədə şərabçılığın inkişafına güclü təkan verib.
Çin Milli Qida və Fermentasiya Sənayesi Tədqiqatı İnstitutunun professoru Huan Yüton təmsil etdiyi qurumun Azərbaycanla əməkdaşlığından söz açıb, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə imzalanmış sənədə əsasən yaradılan Azərbaycan Şərabçılığının Təşviqat Mərkəzinin "Made in Azerbaijan" brendi ilə istehsal olunan şərabların Çində tanıdılması ilə məşğul olduğunu deyib. Bildirib ki, bu cür tədbirlər böyük şərabçılıq tarixinə və ənənələrinə malik olan Azərbaycan məhsulları haqqında Çin alıcılarının məlumatlandırılmasına töhfə verir.
Çin xarici iqtisadi əməkdaşlıq şirkətinin baş menecerinin müavini Van Doncian Azərbaycan məhsullarının Çin bazarında təşviqinin vəziyyəti və planlaşdırılması mövzusunda təqdimatla çıxış edib. O, təmsil etidyi şirkətin Azərbaycanın qida məhsullarının Çində böyük satış perspektivləri olduğunu düşünərək bu məhsulların Çinə ixracına başladıqlarını deyib. V.Doncian dadı və keyfiyyəti ilə rəqiblərindən geri qalmayan Azərbaycanın qida məhsullarının, o cümlədən şərablarının dünyanın ən böyük istehlak bazarı olan Çində çox sürətlə populyarlaşdığını bildirib.
Şərab Ustaları İnstitutun (Institute of Masters of Wine) dünya miqyasında yalnız 405 xüsusi lisenziyalı məşhur şərab somelyelərindən biri, eyni zamanda, bu lisenziyaya sahib olan və hazırda Çində yaşayan 5 somelyedən biri olan britaniyalı Kassidi Dart təqdimatla çıxış edərək Azərbaycan şərabçılığının tarixi, inkişafı və potensialı haqqında məlumat verib. Bildirib ki, Azərbaycan üzüm bitkisinin ən qədim yaranma və formalaşma mərkəzlərindən biri olub, qədim üzümçülük və şərabçılıq diyarıdır. Azərbaycanda üzümün becərilməsinin və şərabçılıq ənənələrinin qədimliyini arxeoloji qazıntılar zamanı tapılmış çoxsaylı artefaktlar və tarixi mənbələr də sübut edir.
Azərbaycanda təkcə üzümdən deyil, digər meyvələrdən, hətta nardan şərab hazırlandığını bildirən Kassidi Dart, bir neçə gün əvvəl Azərbaycanın “Nar bayramı, ənənəvi nar festivalı və mədəniyyəti” nin UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına daxil edildiyini diqqətə çatdırıb.
Britaniyalı ekspert Azərbaycan şərablarının yüksək keyfiyyətindən, onların istehsalında tətbiq olunan müasir texnologiyalardan bəhs edib, şərablarımızın beynəlxalq normalara cavab verdiyi bildirib.
Sonra şərab ekspertinin təqdimatında Azərbaycan şərablarının dequstasiyası keçirilib. Tədbir iştirakçılarına müxtəlif şərab növləri təqdim edilib və onların fikirləri öyrənilib.
Qeyd edək ki, bu, Azərbaycan şərabçılığı haqqında Çində 4-cü, pandemiya dövründə isə ikinci master-klassdır.
Son zamanlar Azərbaycan şərabları dünyada, o cümlədən Çində keçirilən nüfuzlu sərgi və festivallarda iştirak edib, müsabiqələrdə çoxsaylı mükafatlar qazanıb. Çinin tanınmış marketlər şəbəkələri və elektron ticarət platformalarında Azərbaycan şərablarının satışı həyata keçirilir. Bununla yanaşı, Azərbaycan Şərabçılığını Təviqi Mərkəzinin yaratdığı internet səhifəsində və Çinin məşhur "WeChat" platformasındakı səhifədə mütəmadi olaraq Azərbaycan mədəniyyəti, şərabçılıq ənənələri və tarixi, şərab sahəsində olan yeniliklər barədə Çin dilində məlumatlar yerləşdirilir. Son illər Çində Azərbaycanın bir neçə ticarət və şərab evi fəaliyyətə başlayıb. Yaxın gələcəkdə Çinin bəzi şəhərlərində yeni ticarət və şərab evinin açılması nəzərdə tutulub.