Braziliyada dünyanın ən yaşlı kişilərindən biri hesab edilən Levinu da Kosta Jezus 119 yaşında vəfat edib.
"Leqal" xəbər verir ki, bu barədə "Need To Know" portalı məlumat yayıb.
Bildirilir ki, o, ömrünün son 19 ilini qocalar evində keçirib.
Qeyd olunur ki, braziliyalı uzunömürlü hətta 119 yaşında belə sərbəst şəkildə qidalanır, insanlarla həvəslə ünsiyyət qurur və pozitiv əhvali-ruhiyyəsini qoruyub saxlayırdı.
Levinu da Kosta Jezus musiqi və rəqsi çox sevirdi. Əlil arabasından istifadə etməyə başladıqdan sonra da qocalar evinin əməkdaşlarının dəstəyi ilə müxtəlif məşğələlərdə iştirakını davam etdirirdi.
O, ölümündən bir müddət əvvəl verdiyi müsahibədə həyatdakı əsas prinsipinin münaqişələrdən uzaq durmaq və insanlarla xoş münasibətlər saxlamaq olduğunu bildirmişdi.
Uzunömürlü kişi həmçinin inancı və insanlara qarşı sülhsevər münasibəti həyatının ən vacib dəyərləri hesab edirdi.
Qocalar evinin əməkdaşlarının sözlərinə görə, Levinu da Kosta Jezus heç vaxt xüsusi pəhriz saxlamayıb. O, qəhvəni, piroqları və hər il ad gününün qeyd olunmasını çox sevirdi.//oxu.az