Nigeriyada 1 milyon dozadan çox vaxtı keçmiş COVID-19 əleyhinə vaksin məhv edilib. Bu barədə xarici KİV-lər Nigeriyanın Vaksin Proqramı üzrə Milli Mərkəzinə istinadən məlumat yayıb. Məlumatda qeyd edilir ki, “AstraZeneca” şirkətinin istehsalı olan vaxtı keçmiş vaksin yandırılıb.
Mərkəzin direktoru Faysal Şuayib qeyd edib ki, bu vaksin ölkəyə hədiyyə edilərkən son istifadə tarixinə az qaldığı məlum idi: "Böyük dövlətlərin vaksin millətçiliyinə görə Nigeriya vaksin ala bilməyib. Böyük dövlətlər vaksinləri toplayaraq istifadə müddəti başa çatanda bizə təklif ediblər”.
Qeyd edək ki, 220 milyon nəfər əhalisi olan Nigeriyada cəmi 4 milyon nəfər, yəni əhalinin cəmi 3 faizi peyvənd olunub. Əhali isə koronavirus xəstəliyini ciddi qəbul etmir. Çünki malyariyadan hər saatda 10 nəfər dünyasını dəyişir.