ABŞ hökuməti 60 milyon dollar dəyərində təhlükəsizlik yardımının üçüncü, sonuncu partiyasını Ukrayna silahlı qüvvələrinə təhvil verib.
Leqal.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Yeni tədarük edilən yardım paketinə döyüş sursatları, tank əleyhinə raketlər və dəqiq silahlar, tibbi avadanlıqlar və s. daxildir. Hərbi yardımının birinci və ikinci partiyaları oktyabrın 10 və 18-də Kiyevə gəlib.
Amerikalı tərəfdaşlardan silah tədarükü ilə bağlı razılaşmalar Ukrayna prezidenti Vladimir Zelenskinin sentyabrın əvvəlində ABŞ-a səfəri zamanı, xüsusən də Amerika lideri Co Baydenlə danışıqlar zamanı əldə olunub.
Ukrayna əvvəllər də ABŞ-dan maddi və texniki yardım alıb. Prezident Donald Trampın dövründə Vaşinqton Kiyevə 2017 və 2018-ci illərdə 350 milyon, 2019-cu ildə 250 milyon, 2020-ci ildə isə 300 milyon dollar hərbi yardım ayırıb./modern.az