Bosniya və Herseqovina İtaliyada keçiriləcək “Eurovision 2022” mahnı müsabiqəsində iştirak etməyəcək.
Leqal.az xəbər verir ki, bu barədə Bosniya və Herseqovinanın teleradio şirkəti “BHRT” məlumat yayıb.
Buna səbəb kimi “BHRT” ilə Avropa Yayım Birliyi arasındakı hələ də həll olunmayan maliyyə problemləri göstərilir. Belə ki, “BHRT” Avropa Yayım Birliyinə olan borcunu ödəyənə qədər ölkə “Eurovision”da iştirak edə bilməyəcək.
Xatırladaq ki, Bosniya və Herseqovina sonuncu dəfə 2016-cı ildə “Eurovision” mahnı müsabiqəsinə Dalal və Deenin ifasında “Ljubav JE” mahnısı ilə qatılıb, mahnı yarımfinalda 11-ci yeri tutub və lakin finala vəsiqə qazana bilməyib.
Bosniya və Herseqovina “Eurovision” mahnı müsabiqəsində ilk dəfə 1993-cü ildə olmaqla ümumilikdə 19 dəfə iştirak edib. Ölkənin ən yaxşı göstəricisi 2006-cı ildə Hari Mata Harinin “Lejla” mahnısı ilə qeydə alınıb və 229 xalla üçüncü olub.
Qeyd edək ki, “Eurovision 2022” mahnı müsabiqəsinə İtaliyanın Turin şəhəri ev sahibliyi edəcək. Müsabiqəsinin yarımfinalları gələn il mayın 10-12-də, finalı isə mayın 14-də İtaliyanın ən böyük qapalı arenalarından olan “PalaOlimpico”da keçiriləcək. “Rai” televiziyası Avropa Yayım Birliyi ilə birgə mahnı müsabiqəsinin canlı yayım hüququna malik olacaq./publika.az