Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Sumqayıtda narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan şəxslərə qarşı xüsusi əməliyyat həyata keçiriblər.
DİN-in mətbuat xidmətindən LEQAL.AZ-a bildiriblər ki, Baş İdarə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir zamanı Corat qəsəbəsində yaşayan Kərəm Kərimov saxlanılıb. Onun üzərindən 11,665 qram heroin və 1 elektron tərəzi aşkarlanaraq götürülüb.
Keçirilən daha bir tədbir zamanı Sumqayıtda yaşayan Yardımlı rayon sakini Müştəba Nuriyev tutulub. Onun üzərində axtarış aparılan zaman 1 kiloqram 75 qram heroin və 1 kiloqram 5 qram metamfetamin aşkarlanıb.
Baş İdarənin əməkdaşları tərəfindən Sumqayıtda keçirilən daha bir əməliyyat tədbiri zamanı əvvəllər məhkum olunmuş Corat qəsəbəsi sakini Səfərəli Nəsibov tutulub. Onun üzərində 2 qrama yaxın narkotik vasitə heroin aşkar edilib.
Həyata keçirilən daha bir əməliyyat zamanı isə Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yaşayan, əvvəllər dəfələrlə məhkum olunmuş Emin Hüseynov yaxalanıb. Onun üzərindən 16 qrama yaxın heroin aşkarlanaraq götürülüb.
Araşdırma zamanı müəyyənləşdirilib ki, saxlanılan şəxslərin hər biri hələlik adı istintaqa məlum olmayan müxtəlif şəxslərin tapşırığı ilə qanunsuz yollarla Azərbaycan ərazisinə keçirilən külli miqdarda narkotik vasitələri qəbul ediblər və satışını təşkil etməyə cəhd göstəriblər.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, adları çəkilən şəxslər tutularaq istintaqa təqdim olunublar. Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.