Pandemiya dövründə Azərbaycan yol polisinin fəaliyyəti ASAN Xidməti xatırlatdı

Pandemiya dövründə Azərbaycan yol polisinin fəaliyyəti ASAN Xidməti xatırlatdı
  • Cəmiyyət

  • Bu cansıxıcı pandemiya dövründə insanlığın birliyini gördü dünya. Biz də bu dünyanın bir parçasıyıq və orada baş verən nə varsa, biz də yaşayırıq. Bu zamanın ən unudulmaz, zəhməti danılmaz, gecəsini-gündüzünə qatıb xalqının yanında olan, yenə də onu qoruyan məhz polis oldu – hətta pandemiyadan da…
    Nədənsə, sanki, bu dəfə polis yerini dəyişib “yumşaq güc” rolunu oynayan, maarifləndirici və xidmət strukturuna çevrilmişdi. Bir düşünün, televiziyalardakı qorxu və həyəcan hücumuna polis də qoşulsa idi, nə qədər böyük stress yaşayardıq?! Onlar isə sadəcə, sakitlik rəmzi oldular! Həqiqətən, sakitlik, nəzakət, səbr və təmkin rəmzi! Yaşından asılı olmayaraq bütün insanlara göstərdikləri nəzakət, səbr və təmkin, hörmət və ehtiram alqışa layiqdir.
    Bu üç aya yaxın müddətdə istər Daxili Qoşunların, istər Çevik Polis Alayının, istər Dövlət Yol Polisi İdarəsinin, istərsə də İctimai Təhlükəsizlik İdarəsinin fəaliyyəti adama ASAN xidmətin fəaliyyətini xatırladırdı. Çünki möhtəşəm və səliqəli xidmət görürdük.
    Ölkə əhəmiyyətli bu hadisədə mən onu da sezdim ki, polisin fədakar fəalliyyəti, nümunəvi davranışları birmənalı şəkildə Prezidentin fəaliyyətinə ciddi dəstək oldu. Çünki Cənab Prezidentin məmurlara üz tutaraq, vətandaşlarla doğru-düzgün rəftaretmə çağırışına səs verən ən yaxşı qurum oldu Daxili İşlər Nazirliyinin əməkdaşları.
    Ölkədə elan olunan xüsusi karantin rejimi dövründə koronavirusa yoluxma sayının ən çox olduğu yerlərdən biri olan paytaxt Bakıda da ön cəbhədə gecə-gündüz xidmət aparan həkimlər, jurnalistlərlə bərabər polislərimizin də rolu əvəzolunmazdır. Yol polisi əməkdaşları gücləndirilmiş iş rejimində çalışaraq, yorulmadan, usanmadan xidmət apararaq, bu çətin günlərdə bizlərin təhlükəsizliyi üçün bütün güclərini səfərbər etdilər.
    Paytaxtda koronavirus infeksiyasının qarşısının alınması və qabaqlayıcı profilaktik tədbirlərin həyata keçirilməsi üçün yol polisi əməkdaşları nəqliyyat vasitələrinin sahibləri ilə profilaktik tədbirlər həyata keçirirdilər. Zərurət yaranmadıqda sürücülərə şəxsi nəqliyyat vasitələrindən az istifadə olunması tövsiyə olunurdu. Tədbirlərin geniş miqyasda həyata keçirilməsi üçün yol polisi sürücülər arasında maarifləndirmə işləri aparırdı ki, pandemiya əleyhinə məhdudlaşdırma tədbirləri nəzərə alınmaqla hər bir nəqliyyat vasitəsinin sürücüsü məcbur qalmadıqda evdən bayıra çıxmasınlar. Onlar izah edilirdi ki, “Evdə qal” kampaniyasına əməl etməli və həmrəylik göstərməlidirlər.
    Çox hörmətli polis general-mayoru Ramiz Zeynalovun səriştəli rəhbərliyi ilə DYP-nin bütün strukturları, yol-patrul xidməti əməkdaşları, şəhər-rayon yol polisi idarələri, şöbələri,  bölmələrinin əməkdaşları bu mübarizədə layiqli yerlərini tutaraq ölkəmizin paytaxtı Bakı şəhərində və əyalətlərdə öz üzərinə düşən vəzifənin öhdəsindən lazımınca gəldilər və gəlməkdədirlər. Təcrübəli polis polkovnik-letenantı Rəşid Piriyevin rəhbəri olduğu Bakı şəhər BPİ DYPİ-nin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarına, xüsusi karantin rejimi səbəbi ilə qurulan yoxlama-buraxılma postlarında karantin qaydalarına nəzarət yüksək səviyyədə təşkil edildi. Hərəkət iştirakçılarının hərəkətinə verilmiş icazələr yoxlanılaraq, inzibati tənbeh tədbirlərinin görülməsi nəticəsində minlərlə sürücü inzibati məsuliyyətə cəlb edilib. Yol polisinin iş rejiminin gücləndirilməsi və üzərinə düşən vəzifələrin artmasına baxmayaraq polislərimiz vəzifələrini hər yönü ilə əksiksiz şəkildə həyata keçirirdilər. Bu müstəvidə ələlxüsus da Binəqədi, Nəsimi, Səbail, Yasamal, Xəzər, Abşeron, Xətai, Nizami, Qaradağ, Nərimanov, Sabunçu, Suraxanı rayonlarının DYP xidmətlərinin işi olduqca təqdirəlayiq qiymətləndirilir.
    Bu dövrdə bəzi vətəndaşların qaydaları pozaraq ən ağılasığmaz yollara əl atdığının şahidi olduq. Yükdaşıyan nəqliyyat vasitələrində, təcili tibbi yardım maşınında xəstə adı altında, avtomobilin yük yerində, postlardan kənar piyada və ya gizlin çöl yolları ilə rayonlardan paytaxta və əks istiqamətdə keçmək istəyənlər aşkar edilərək, qarşısı alınıb. Karantin rejimini pozan minlərlə belə hərəkət iştirakçısına inzibati protokol tərtib olunub. Ciddi qayda pozuntularına yol verənlər həbs edilib. Ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar vaxtaşırı olaraq DYP əməkdaşları tərəfindən görülmüş işlər barədə ictimaiyyətə məlumat verilmişdir.
    Azərbaycan polisləri gözəgörünməz düşmənlə mübarizəni ön cəbhədə apardılar, vətəndaşlarımızın virusa yoluxmasının qarşısının alınması üçün əllərindən gələni etdilər və bu məqsədlə də gücləndirilmiş iş rejimində çalışdılar.
    Müşahidələr göstərir ki, həyata keçirilən maarifləndirmə və təbliğat işləri nəticəsində polislə vətəndaş arasında bir həmrəylik və qarşılıqlı anlaşma yaranıb. Məhz bu görülən məqsədyönlü fəaliyyətin nəticəsidir ki, ölkəmiz digər ölkələrlə müqayisədə koronavirus epidemiyasına qarşı mübarizədə ciddi uğurlar əldə edib. Bundan əlavə olaraq yol nəqliyyat hadisələrinin və ölüm hallarının sayında da xeyli azalma müşahidə edilir.
    Nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamənin qüvvədə olma müddətinin bitməsi ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi dövrünə təsadüf etdiyi hallarda etibarnamə verilmiş şəxslərə şərait yaradıldı ki, nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi ilə əlaqədar qeydiyyat hərəkətlərinin aparılması üçün həmin etibarnamənin müddətinin bitməsinə az vaxt qalarsa DİN Baş DYP İdarəsinin www.dyp.gov.az rəsmi internet saytı və ya [email protected] elektron poçtu vasitəsilə müraciət edərək satıcı qismində özü və alıcı qismində digər şəxs haqqında məlumatları (nəqliyyat vasitəsinin markası, dövlət qeydiyyat nişanları, qeydiyyat şəhadətnaməsinin seriya və nömrəsi, etibarnamənin nömrəsi və bitmə tarixi, alıcı və satıcının adı, soyadı, atasının adı, habelə qeydiyyat ünvanları qeyd edilməklə şəxsiyyət vəsiqələrinin seriya və nömrəsi) təqdim etsinlər.
    Qəbul edilmiş müraciətlər əsasında müvafiq araşdırma aparıldıqdan sonra həmin şəxslərin (alıcı və satıcı) elektron poçt ünvanlarına qeydiyyat hərəkətlərində iştirak etmələri üçün nəqliyyat vasitəsinin təqdim olunma tarixi və vaxtı, habelə qeydiyyat hərəkətlərinin aparılacağı Baş DYP İdarəsinin Qeydiyyat-imtahan və texniki baxış şöbələrinin ünvanı göstərilməklə xüsusi bildirşlər göndərilirdi. Bildirişdə nəqliyyat vasitəsinin təqdim olunma tarixi və vaxtı, qeydiyyat hərəkətlərinin aparılacağı Baş DYP İdarəsinin Qeydiyyat-imtahan və texniki baxış şöbəsinin ünvanı göstərilir, qeydiyyat proseduru yekunlaşdıqdan sonra isə bildirişlərdə sənədləri qəbul etmiş vəzifəli şəxs tərəfindən müvafiq qeydlər (yeni qeydiyyat şəhadətnaməsinin verildiyi vaxt, şəxslərin gedəcəkləri ünvan) aparılmaqla həmin şəxslərə qaytarılırdı.
    Daxili İşlər Nazirliyinin şəxsi heyəti, o cümlədən, yol polisləri koronavirus (COVID-19) pandemiyası ilə bağlı ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi dövründə nümunəvi xidmət etməklə yanaşı, köməyə və qayğıya ehtiyacı olanları da unutmadı, onlara maddi və mənəvi köməklik göstərirdi.
    ***
    Bu gün polisin öz xidməti vəzifələrini uğurla yerinə yetirməsi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən hər cür şərait yaradılıb, şəxsi heyət dövlətin qayğısı ilə əhatə olunub. Yol polisinin maddi-texniki bazasının müasirləşməsi, xidmətin “elektron hökumət” dövlət proqramına uyğun qurulması, qayda pozuntularının texniki vasitələrlə aşkarlanması müasir innovasiyaların tətbiqinə geniş imkan yaradıb. Avtomobil yollarında foto və video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrlə yol hərəkətinə nəzarət daha da gücləndirilib, xeyli sayda radar, videokamera, nömrəoxuma sistemi və digər xüsusi texniki vasitələr quraşdırılıb.
    İnsanları narahat edən məsələlərin həllinə xüsusi həssaslıqla yanaşılması barədə cənab nazirin müvafiq tapşırığına uyğun olaraq ərizə və şikayətlərin obyektiv araşdırılması, qəbulların müntəzəm keçirilməsi diqqət mərkəzində saxlanılır, daxil olmuş sorğu və müraciətlər operativ qaydada cavablandırılır. Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov və Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov əməkdaşlardan tələb edirlər ki, hərəkət iştirakçıları ilə ünsiyyətdə kobud rəftardan çəkinməli, etik davranış qaydalarına ciddi riayət etməli, bununla belə qətiyyətli və nəzakətli olmalıdırlar. Eyni zamanda, sürücülərə törətdikləri inzibati xətanın yarada biləcəyi mənfi nəticələr izah olunmalı, onlarla lüzumsuz dialoq aparılmasına, kobudluğa və mübahisə yarada biləcək digər hallara yol verilməməlidir. Nazir və idarə rəisi başlıca vəzifənin hərəkət iştirakçılarını cəzalandırmaq deyil, yol hərəkətinin təhlükəsizliyini və tənzimlənməsini təmin etmək, insanların həyat və sağlamlığının avtomobil qəzalarından qorunması kimi vacib və şərəfli vəzifələrin icrasını həyata keçirmək, yol-hərəkəti qaydalarının kobudcasına pozulması hallarının qarşısını almaq olduğunu bildirirlər.
    Məlum olduğu kimi, pandemiya ilə bağlı tədbirlər sırasında təhsil müəssisələrinin də fəaliyyəti dayandırılmışdır. Amma ona qədər  yol polisi əməkdaşları tərəfindən mütəmadi olaraq orta məktəblərdə, uşaq bağçalarında çoxsaylı görüşlər keçirilib. Görüşlərdə şagirdlərə yol hərəkəti qaydalarına əməl etmək və piyada keçidlərindən düzgün istifadə etmək barədə tövsiyələr verilib, bu mövzuda hazırlanmış videoçarxlar nümayiş etdirilərək hər biri ətraflı izah edilib. Bağçalarda uşaqlara yolu təhlükəsiz keçmə üsulları əyani olaraq göstərilib, piyadanın vəzifələri barədə ilkin təsəvvür yaradılıb, onların başa düşəcəyi formada yol hərəkəti qaydaları haqqında ətraflı məlumat verilib, indidən onlarda küçə, yol, səki, işıqfor barəsində ilkin anlayışlar formalaşdırılıb.
    Bundan başqa, «Azərbaycan Respublikasında yol hərəkəti təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı»nın məqsədlərinə uyğun olaraq Baş DYP İdarəsinin təbliğatla bağlı müvafiq Tədbirlər Planı çərçivəsində uşaq və yeniyetmələr arasında yol hərəkəti təhlükəsizliyinə dair bilik və vərdişlərin inkişaf etdirilməsi, onların yol hərəkəti qaydaları haqqında biliklərinin artırılması, eləcə də uşaq travmatizminin qarşısının alınmasında ictimai həmrəyliyə nail olmaq məqsədi ilə “YOL HƏRƏKƏTİ QAYDALARI UŞAQLARIN GÖZÜ İLƏ” adlı rəsm müsabiqələri keçirilmişdir.
    ***
    Əmin olmağımıza dəyər ki, hər nə olsa da, bütün çətin və anlaşılmaz vəziyyətdə tək qalmayacağıq – arxamızda, yanımızda güclü və ayıq-sayıq Polisimiz var! Öz formasını adına layiq daşıyan, milli dövlətçilik ideologiyasına sadiq, hazırda xalqının daha çox etimadını qazanan, Vətəninə, millətinə ləyaqətlə xidmət edən, təhlükəsizliyimizi təmin edən POLİSİM var daha… Onun vüqarlı duruşu, ciddi baxışı, davranışı da, xalqımın bir parçası olaraq, mənim də qürurumdur!

    Tural Kəlbəcərli,
    102-ci qəzetin baş redaktoru

    LEQAL.AZ
    PAYLAŞ:

    Oxşar xəbərlər