“Instagram” sosial şəbəkəsində profil yaradaraq narkotik vasitələrin qəbulunu təbliğ edən videolar yayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən LEQAL.AZ-a bildiriblər ki, Baş Narkotiklərlə Mübarizə və Sabunçu Rayon Polis idarələrinin əməkdaşları tərəfindən birgə həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində həmin səhifənin sahibi paytaxt sakini Rəşid Məmmədov yaşadığı Sabunçu rayonu ərazisində tutulub.
Həmin şəxs ifadəsində sosial şəbəkələrdə narkotik vasitələrin qəbulunu təbliğ etdiyini etiraf edib. Təyin edilmiş ekspertizaların nəticəsində Rəşid Məmmədovun mütəmadi qaydada narkotik vasitə və psixotrop maddələr qəbul etdiyi müəyyənləşib.
Rəşid Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq toplanmış materiallar məhkəməyə göndərilib.
Sabunçu Rayon Məhkəməsinin qərarına əsasən həmin şəxs 20 gün müddətinə inzibati qaydada həbs edilib.