Hamı kimi mən də gülləri, çiçəkləri sevirəm. Xüsusən qərənfili. Amma bu gün şəhərdəki gül mağazasının qarşısında dayanıb çox sevdiyim bu güllərə nifrətlə baxdım. Düşünəndə ki, bu əklillər buraya hansısa bir şəhidin məzarını bəzəmək üçün gətirilib, göz yaşlarımı saxlaya bilmədim. 90-ci ilin Yanvarında qərənfillərlə bəzədilmiş Bakı küçələri bir anlıq gözlərim önünə gəldi. Güllərlə danışmağa başladım. İllərdən bəri sonsuz sevgi bəslədiyim bu çiçəklərə ağı demək keçdi ürəyimdən. Dedim ki, sizi görüm elə burada saralıb-solub, toz-torpağa qarışasınız. Heç vaxt müştəriniz tapılmasın. Satıcı, yəqin ki, sən də dediklərimə amin deyərsən. Deyirəm ki, gözün bu çiçəkləri satmaq üçün gözlədiyin müştərinin yolunda qalsın. Bu əklil bazarın həmişəlik bağlansın. Əklillər düzəltmək üçün gül dalınca heç vaxt getməyəsən. Bu çiçəklər tezliklə toy edən gənclərə qismət olsun.
O gənclərə ki, bu gün Vətən torpağını azad etmək üçün döyüşürlər, cəbhədə olsalar da ürəkləri sevdiklərinin yanındadır, onlar üçün canlarını verməyə hazırdırlar. Allah igidlərimizi qorusun. İnanırıq ki, qəhrəman oğullarımız tezliklə Vətəni düşməndən təmizləyib qələbə gününü qeyd edəcəklər. Muğamın beşiyi olan Şuşada, əzəli yurdumuz Xankəndində Üçrəngli bayrağımız dalğalanacaq.
“Hər şey Vətən üçün” deyib düşmən üzərinə yeriyən ayaqlarınız yorulmasın, ana-bacılarınızın gözü yaşla dolmasın! Amin!
Südabə MƏMMƏDOVA,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.