Şanlı, qüdrətli ordumuz Ermənistan silahlı qüvvələrinin torpaqlarımızda törətdiyi təxribatlara layiqli cavablar verir, işğal altında olan rayon, qəsəbə və kəndlərimizi azad edir. Üçrəngli bayrağımız Cəbrayılda, Hadrutda, Suqovuşanda, digər ata-baba yurdlarımızda, çox vacib və əhəmiyyətli strateji yüksəkliklərdə dalğalanır, xalqımıza əsl bayram sevincləri yaşadır.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyilə ordumuzun həyata keçirdiyi uğurlu əməliyyatlar ölkə əhalisi ilə yanaşı, dünyanın ayrı-ayrı qitələrində yaşayan soydaşlarımızı, xalqımızın dostlarını ürəkdən sevindirir.
Ermənilər tarix boyu havadarlarına arxalanaraq xalqımıza qarşı terror, etnik təmizləmə, soyqırımı siyasəti həyata keçirərək dinc, əliyalın, günahsız soydaşlarımızı qətlə yetirmiş, onları doğma yurdlarından didərgin salmışlar.
Ermənistan son 30 ildə terrorçu dövlət olduğunu bir daha sübuta yetirdi. Bu günlərdə Moskvada əldə olunmuş humanitar atəşkəsi gözləmədən Mingəçevir və Gəncə şəhərlərini ballistik raketlərdən atəşə tutdu. Mingəçevir Su Elektrik Stansiyasını hədəfə almış raketlər havada zərərsizləşdirildi. Gəncəyə atılmış raketlər evləri dağıtdı, dinc, günahsız insanların həyatına son qoydu. Neçə-neçə körpə valideynlərini itirdi, 10 mülki vətəndaş həlak oldu, 34 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri aldı. Həmçinin, 10-dan artıq çoxmənzilli binaya və 100-dən artıq mülki obyektə ziyan dəydi.
Azərbaycan Respublikasındakı diplomatik korpusun nümayəndələri, səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri Gəncəyə səfər edərək günahsız əhaliyə qarşı törədilən terror aktı və hərbi cinayətlərlə yerindəcə tanış olublar.
Bununla işğalçı Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyalarını, habelə 10 oktyabr 2020-ci il tarixli saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini pozaraq Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin dinc əhalisini hədəfə alaraq qanlı cinayət törətmişdir.
Senyabrın 27-dən başlayaraq Ermənistan ölkəmizin Tərtər, Mingəçevir, Ağcabədi, Beyləqan, Gəncə şəhərlərinə, eləcə də bir sıra qəsəbə və kəndlərimizə terror hücumları təşkil edərək 42 mülki şəxsi qətlə yetirmiş, 206 nəfəri yaralamış, 241 mülki obyekti, 1479 yaşayış evini, 66 çoxmərtəbəli yaşayış binasını yararsız hala salmışdır.
Müzəffər ordumuz tərəfindən azğın düşmənin hücumlarının qarşısı qətiyyətlə alınır, bütün istiqamətlərdə onlara sarsıdıcı zərbələr endirilir. Qəhrəman əsgər və zabitlərimizin cavab tədbirləri nəticəsində düşmən böyük itkilərlə geri çəkilir, torpaqlarımız işğaldan azad edilir.
Cənab Prezidentimizin dediyi kimi, “Biz öz torpağımızda döyüşürük, vuruşuruq. Bizim ərazi bütövlüyümüz bərpa edilməlidir və biz haqq yolundayıq. Bizim əsgərimiz xilaskar əsgərdir. Çünki öz doğma dədə-baba torpağını işğalçılardan azad edir”.
Bu gün möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan özünün zəfər, qələbə tarixini yazır. Yaşından, cinsindən, milli, siyasi, dini mənsubiyyətindən asılı olmayaq hamı ölkə başçısının ətrafında sıx birləşib. Masallılılar da möhtərəm Prezidentimizin uğurlu siyasətini dəstəkləyərək şanlı, müzəffər ordumuza dəstək olur, onun qələbələri ilə qürur duyurlar. Hamı qələbə xəbərini gözləyir. O günə isə çox az qalır. Qarabağ Azərbaycandır!
Seyfəddin ƏLİYEV,
Yeni Azərbaycan Partiyası
Masallı Rayon Təşkilatının sədri.