Niderland Krallığındakı səfirliyimizin qarşısında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin yaşayış massivini yenidən raket atəşinə tutması nəticəsində həlak olmuş mülki, günahsız insanların və azyaşlıların xatirəsi ehtiramla yad edilib.
LEQAL.AZ xəbər verir ki, Niderlandda yaşayan soydaşlarımız Ermənistanın Gəncənin yaşayış massivini yenidən raket atəşinə tutmasına etirazlarını ifadə ediblər.
Səfirliyin qarşısında asılmış Gəncədə həlak olan məsum insanların şəkli önünə gül-çiçək dəstələri qoyulub. Vətənimizin azadlığı uğrunda canlarından keçən şəhidlərimizə, eləcə də həlak olan mülki insanlara rəhmət diləyiblər.
Xatırladaq ki, humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan ordusu oktyabrın 11 və 17-də gecə saatlarında Azərbaycanın cəbhə zonasından uzaqda yerləşən, ikinci böyük şəhəri Gəncəni raket atəşinə tutub. İşğalçı Ermənistan ordusunun raket zərbələri nəticəsində Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binaları, eləcə də həyət evləri dağılıb, mülki obyektlərə ciddi ziyan dəyib. Ermənistanın raket hücumu nəticəsində 23 mülki şəxs həlak olub, 83 nəfər isə ağır yaralanıb.