Azərbaycan-ABŞ iqtisadi əlaqələrinin tarixi XIX əsrə gedib çıxır. Hələ XIX əsrin 70-80-ci illərində Bakı neft sənayesinin yaranması və formalaşması dövründə ABŞ-ın iri şirkətləri Azərbaycan neftinə maraq göstəriblər. Bu illərdə Rusiya bazarında neft məhsullarının satışı məşhur Amerika iş adamı Rokfellerin "Standart oyl" kompaniyasının tam nəzarəti altında idi. Tədricən Nobelin təzyiqi ilə Rusiya bazarından sıxışdırılıb çıxarılan Rokfeller bir qədər sonra öz nümayəndəsini Bakıya göndərərək, o zaman burada möhkəm mövqe qazanmış İngiltərə və digər Avropa dövlətlərinin şirkətləri ilə danışıqlar aparmış və müəyyən işlər görmüşdür. Lakin Avropa dövlətləri ilə ABŞ arasında mövcud olan ziddiyyət və həmin vaxt üçün Amerikanın nisbətən zəifliyi onun Bakıda daimi möhkəmlənməsinə imkan verməmişdir. Sonrakı illərdə də İngiltərənin Azərbaycandakı güclü mövqeyi və ingilis-amerikan ziddiyyətləri ABŞ-ın Azərbaycana fəal müdaxiləsinə və onunla normal iqtisadi münasibətlər yaratmasına mane olmuşdur.Çar Rusiyası dağıldıqdan və Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra iki dövlət arasında siyasi və diplomatik əlaqələlərin qurulmasına ilk təşəbbüs 1919-cu il mayın 28-də Parisdə olmuşdur. Azərbaycan parlamentinin sədri Ə.M.Topçubaşovun rəhbərliyi ilə nümayəndə heyəti Parisdə ABŞ prezidenti V.Vilsonla görüşmüşdür. Görüşdə müstəqil Azərbaycan dövlətinin tanınması, onun Millətlər Liqasına qəbul edilməsi, ABŞ-la diplomatik münasibətlərin yaradılması və s. haqqında Azərbaycan hökumətinin rəsmi memorandumu ABŞ prezidentinə təqdim edilmişdir.1919-cu ilin noyabrında ABŞ-ın Qafqaz missiyasının, rəhbərinin vasitəçiliyi ilə Tiflisdə Azərbaycan və Ermənistan nümayəndələri bütün münaqişəli məsələləri dinc yolla, danışıqlar vasitəsilə həll etmək haqqında saziş imzalamışlar. Lakin prezident Vilsonun bütövlükdə ermənipərəst siyasət yeritməsi, tərəflər arasında kəskin ziddiyyətlərin mövcud olması və s. bu sazişin ermənilər tərəfindən pozulmasına gətirib çıxartdı. 1920-ci ilin yanvarında Avropanın müttəfiq dövlətlərinin Ali Şurası Azərbaycanın müstəqilliyini tanıdı. Azərbaycanla iqtisadi və siyasi əlaqələr yaratmaq sahəsində Birləşmiş Ştatlar heç də Avropa dövlətlərindən geri qalmırdı. Bunun əyani nümunəsi Bakıda ABŞ konsulluğunun yaradılması və bir çox iqtisadi müqavilələrin bağlanması hesab edilə bilər. Sonrakı dövrdə iki ölkə arasındakı əlaqələr Azərbaycanda sovet rejiminin yaranması ilə kəsilmiş və SSRİ dağılana qədər heç bir rəsmi münasibət olmamışdır.
1991-ci il oktyabrın 18-də Azərbaycanda müstəqillik haqqında Konstitusiya aktı qəbul ediləndən sonra onun müstəqilliyini ilk tanıyan dünya dövlətlərindən biri də ABŞ oldu. Həmin il dekabrın 25-də Vaşinqton öz müstəqilliyini elan etmiş Azərbaycan dövlətini rəsmi tanıdığını bəyan etdi və tezliklə iki dövlət arasında diplomatik münasibətlər yaratmaq üçün müəyyən addımlar atdı. 1992-ci il fevralın 12-də ABŞ-ın dövlət katibi Ceyms Beyker iki ölkə arasında rəsmi münasibətlər yaratmaq məqsədilə Bakıya səfərə gəldi. O, rəsmi Bakıdan Azərbaycanda həyata keçirilən daxili və xarici siyasət, iqtisadi islahatlar, Dağlıq Qarabağ problemi və Ermənistan-Azərbaycan münaqişəsi haqqında geniş məlumat almış, ABŞ-ın bu dövlətlə gələcək, əlaqələrinin mühüm aspektlərini müzakirə etmişdir. Səfərdən bir az sonra, 1992-ci il martın 17-də ABŞ Bakıda özünün səfirliyini açmış, 18-də isə iki dövlət arasında rəsmi diplomatik münasibətlər yaradılmışdır. Bunun ardınca, 1992-ci ilin aprelində Vaşinqton hökuməti Senatın ATƏM üzrə komissiyasının sədri senator Dennis de Konsini başda olmaqla ABŞ Konqresinin nümayəndə heyətini Bakıya göndərdi. Həmin ilin noyabrıda Azərbaycan Vaşinqtonda öz səfirliyini açdı.Ulu Öndər Heydər Əliyevin ABŞ-a səfərləri ABŞ-ın imkanlı maliyyə-kredit qurumlarının Azərbaycana meyil göstərən neft şirkət və birliklərinə qoşulmasına da ciddi təkan verdi. Bir qayda olaraq, bu ölkənin maliyyə-kredit idarələri ABŞ-ın tam siyasi və beynəlxalq himayəsi altında olmayan, Amerikada dəstəklənməyən və onun strateji tərəfdaşı hesab olunmayan ölkələrə sərmayə qoymağa xüsusi səy göstərmirlər. Lakin səfərin nəticəsi olaraq, bu yönümdə vəziyyətdə ciddi dəyişiklik baş verdi və nəinki ABŞ-ın güclü maliyyə-kredit strukturlarının Azərbaycanda fəaliyyət göstərmək istəyən neft kompaniyalarına qoşulması meyili müşahidə olundu, habelə, bu sahədə işlərin gücləndirilməsi qərarlaşdırıldı.
Müəllif: Ülvi RUFULLAYEV,
Masallı rayon Binə Xocavar kəndi