ÜST ekspertləri: COVID-19 əleyhinə vaksinin kənar təsirləri orqanizmin gözlənilən reaksiyasıdır

ÜST ekspertləri: COVID-19 əleyhinə vaksinin kənar təsirləri orqanizmin gözlənilən reaksiyasıdır
  • Cəmiyyət

  • Vaksinlərin təhlükəsizliyi üzrə altkomitənin üzvləri bəzi pasiyentlərdə COVID-19 əleyhinə peyvənd alandan sonra müşahidə edilən qripin simptomlarına bənzər kənar təsirlər barədə məlumatları araşdırıblar. Ekspertlər bu qənaətə gəliblər ki, bu kənar təsirlər təhlükəli deyil və orqanizmin gözlənilən reaksiyasıdır.

    LEQAL.AZ bu barədə BMT-nin rəsmi saytına istinadla xəbər verir.

    Altkomitənin üzvləri kliniki sınaqların gedişində əldə edilən məlumatları öyrənərək onları kənar təsirlər barədə bir neçə ölkədən daxil olan məlumatlarla müqayisə ediblər. Söhbət başağrısı, zəiflik, əzələ ağrıları, hərarət və titrətmə kimi simptomlardan gedir. Zəif və mülayim formada özünü göstərən belə simptomlar, adətən bir neçə gün ərzində keçir. Buna bənzər vəziyyətə 55 yaşınadək pasiyentlərdə daha tez-tez rast gəlinir.

    ÜST-nin altkomitəsinin üzvləri qeyd edirlər ki, qripə bənzər simptomlar hər hansı peyvəndə qarşı immun reaksiyasının təzahürü ola bilər. COVID-19 əleyhinə peyvəndə gəlincə, onların fikrincə, belə kənar təsirlər “tamamilə gözləniləndir”. ÜST mütəxəssisləri peyvəndin təhlükəsizlik və təsirlilik göstəricilərini nəzərə alaraq, peyvənd etməyi əvvəlki kimi məsləhət görürlər. Hazırda ekspertlər artıq işlənib hazırlanan tövsiyələrə dəyişikliklər etməkdə lüzum görmürlər.

    Bununla yanaşı, onlar pasiyentlərə qrip simptomuna oxşar mümkün reaksiya barədə məlumat verməyi və lazım olan halda tibbi yardım göstərməyi məsləhət görürlər. Ekspertlər vurğulayırlar ki, vaksinin birinci dozasının qəbulundan sonra əmələ gələn bu kənar təsirlər ikinci dozanın orqanizmə yeridilməsi üçün maneəyə çevrilməməlidir.

    ÜST-də ölkələri bundan sonra da COVID-19 əleyhinə vaksinə reaksiyalar barədə məlumatları izləməyə və peyvəndlənən pasiyentləri müşahidə etməyə çağırırlar. Daxil olan məlumatlar milli, regional və qlobal səviyyələrdə öyrənilməlidir. ÜST-də qeyd edirlər ki, bu qaydalar vaksinləmə üzrə kampaniyaların hər birinə aid edilir.(azərtac)
    PAYLAŞ:

    Oxşar xəbərlər