Cəlilabad rayonunda Şəhid Orxan Paşazadənin anım günündə ev muzeyi ziyarət edilib.
report-un Muğan bürosu xəbər verir ki, şəhid əsgər Paşazadə Orxan Nazim oğlu 1996-cı il oktyabr ayının 12-də Cəlilabad rayonunun Cəfərxanlı kəndində müəllim ailəsində dünyaya gəlib.
Cəfərxanlı kənd ümumi orta məktəbində 9-cu sinfi bitirib. Tam orta təhsilini isə Üçtəpə kənd tam orta məktəbində alıb. 2014-cü ildə Naxçıvan Dövlət Universitetinin İngilis dili müəllimliyi fakültəsinə qəbul olub, 2019-cu ildə oranı müvəffəqiyyətlə bitirərək 2019-cu ilin iyulunda həqiqi hərbi xidmətə yollanıb.
2020-ci il martın 5-də Orxan Paşazadə Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində Qazax rayonu, Quşçu Ayrım kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində şəhadət zirvəsinə ucalıb. Martın 6-da Cəlilabad rayonunun Cəfərxanlı kəndində yerləşən qəbiristanlıqda torpağa tapşırılıb.
O. Paşazadə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif edilib.
Rayon sakinləri və rəsmilər şəhid Orxan Paşazadənin Cəfərxanlı kəndindəki ev muzeyinin ziyarət ediblər. Onun ruhuna dualar oxunub.
Qeyd edək ki, ev muzeyi ötən ilin oktyabrında təşkil edilib və burada şəhidə məxsus şəxsi əşyalar, geyimlər qorunur.
Allah rəhmət eləsin!