Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fonduna II Qarabağ müharibəsində iştirak edən əsgərlər – Qax rayonu şəhidi, baş leytenant Asəf Ağayevin və Şəki rayonunun yetirmələri Tərlan Həsənov və Sadəddin Bayramovun şəxsi əşyaları (fotoları, şəxsi təltiflərinin fotoları və məlumatlar) təhvil verilib.
Bu barədə LEQAL.AZ-a muzeydən məlumat verilib. Bildirilib ki, hərbçilərin materialları muzeyin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Aygün Məmmədovanın vasitəsilə muzeyə təhvil verilib.
Asəf Ağayev 1993-cü ildə Qax rayonunda doğulub. 2016-cı ildə Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrində leytenant rütbəsi alaraq xidmət edib. Vətən müharibəsi zamanı Füzuli rayonundan Şuşa şəhərinə qədər döyüş yolu keçib. 2020-ci il dekabrın 17-də Xocavənd rayonu istiqamətində minaya düşərək şəhid olub, Qax rayonunda dəfn edilib. Asəf Ağayev "Şuşanın azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.
Tərlan Həsənov 1997-ci ildə Şəki rayonunun Baş Zəyzid kəndində dünyaya gəlib. II Qarabağ müharibəsində Goranboy rayonunun Gülüstan kəndi istiqamətində, sonralar Tərtər rayonunun Talış kəndi və Suqovuşan rayonlarındakı müxtəlif yüksəkliklərdə xidmət edib, döyüş əməliyyatı zamanı şücaət göstərib. Tərtər rayonunun Talış kəndindəki “Ağ uçuq” adlı məntəqədə döyüş əməliyyatı zamanı yaralanıb. Döyüş zamanı qumbaranın üzərinə atılıb yoldaşlarını xilas etdiyi üçün əsgər dostları onu “qumbara Tərlan” adlandırırlar. Hazırda Tərlan xidmətini davam etdirir. Döyüş zamanı göstərdiyi şücaətə görə fəxri fərmanla təltif edilib.
Sadəddin Bayramov 1997-ci ildə Şəki rayonunun Baş Zəyzid kəndində dünyaya göz açıb. 2016-cı ilin Aprel döyüşlərində iştirak edib. 2020-ci ildə Topxana, Daşaltı, Şuşa, Xankəndi istiqamətindəki döyüşlərdə iştirak edib, Xankəndi uğrunda döyüşlərdə ağır yaralanıb. “Şuşanın azad olunmasına görə” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilib.