Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq paytaxt ərazisində sürücülərə müraciət edib.
LEQAL.AZ-ın məlumatına görə, idarənin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, sürücülərə mövcud şəraiti nəzərə alıb, şəxsi avtomobillərdən mümkün qədər istifadə etmələri tövsiyə edilir:
“Hazırda paytaxt ərazisində yağmurlu hava şəraiti hökm sürür, qar yağır, duman, çiskin, şaxta müşahidə olunur. Hərəkətlə bağlı yolların təmizlənməsi yol polisinin, Bakı Şəhər İcra Hakimiyyətinin və aidiyyəti üzrə “Azəravtoyol”un texnikalarının köməyi ilə təmizlənir. Lakin buna baxmayaraq, bəzi ərazilərdə sürüşmə ehtimalı yaranıb. Paytaxtın “20 Yanvar” kimi tanınan körpüsü, enişli-yoxuşlu yollar, sərt döngələr avtomobillərin hərəkəti üçün nisbətən təhlükəlidir. Sürücülərdən xahiş edirik ki, mövcud şəraiti nəzərə alıb, şəxsi avtomobillərdən mümkün qədər istifadə etməyin.
Eyni zamanda, yolların hərəkət hissələrinə çıxan piyadalara da deyirik ki, onlar da diqqətli olsunlar, öz həyatlarını təhlükəyə atmasınlar. Yolların hərəkət hissəsində hərəkət etmək, yaxınlaşmaqda olan nəqliyyat vasitəsinin qarşısından qaçmaq, sürücünü çaşdırmaq yol qəza hadisəsinin yaranmasına səbəb olar. Sürücülərə sürət həddini aşağı salmağı, ara məsafəsini normadan artıq götürməyi və yol boyu qoyulmuş yol nişanlarına uyğun hərəkət etməyi tövsiyə edirik”.
“Unutmaq olmaz ki, dövlət nömrə nişanlarının və işıq cihazlarının təmiz olması vacibdir. Nəqliyyat vasitəsi sürüşürsə, təkərlərdə olan təzyiq nisbətən aşağı salınmalı və sürətlər qutusunun köməkliyi ilə hərəkət edilməlidir”, – V.Əsədov bildirib.
Qeyd edək ki, paytaxt ərazisində sürücülər tərəfindən yol və meteoroloji şərait nəzərə alınmadığı üçün indiyədək maddi zərərlə nəticələnən 25 yol-nəqliyyat hadisəsi baş verib.