Yetkinlik yaşına çatmış macarlar arasında yaxın vaxtlarda aparılmış anonim sorğu nəticəsində məlum olub ki, respondentlərin təqribən 45 faizinin fikrincə, koronavirus onun haqqında deyilənlər dərəcədə qorxulu deyil. Onlar hesab edirlər ki, koronavirus qripin adi növlərindən o qədər də fərqlənmir, amma media bu virusla bağlı vəziyyəti dramatikləşdirmək üçün çox canfəşanlıq edib.
LEQAL.AZ azərtac-a istinadən xəbər verir ki, bir müddət bu xəstəliyin simptomlarını hiss etmiş adamların təqribən yarısının etiraf etdiyinə görə, onlar karantin qaydalarına riayət etmir, düşünürlər ki, yerdəyişmələri məhdudlaşdırmağa ehtiyac yoxdur. Belə insanlar öz evlərini tərk edir, küçələrdə gəzir, mağazalara daxil olur, ictimai nəqliyyatdan istifadə edir və bəlkə də başqalarını yoluxdururlar. Yoluxanlar arasında bu xəstəliyə üstün gələ bilməyib dünyasını dəyişənlər də olub.
Belə adamların çoxu xəstəliyi rahat keçirəcəklərinə əmindir, amma onlar nədənsə fikirləşmirlər ki, özləri də istəmədiyi halda başqalarının ölümünə səbəb ola bilər.
Məsələ burasındadır ki, Avropa əhalisinin xeyli hissəsi şəxsi azadlığını ətrafdakılara, xüsusən qocalara hörmətlə yanaşmaq vəzifəsindən üstün tutur. Pandemiya dövründə bu cür yanaşma öz yaxınlarının ölümünə gətirib çıxara bilər. Elə bu səbəbdən ölkə hökuməti fövqəladə vəziyyət rejiminin müddətini dəfələrlə uzatmalı, məhdudlaşdırıcı tədbirləri sərtləşdirməli olur.