Xocavənd rayonunun Edilli kəndi 1992-ci ilin oktyabrın 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib və 28 il düşmən taptağı altında qalıb. Azərbaycan Ordusu 2020-ci ilin oktybarın 15-də kəndi işğaldan azad edib.
"Report”un əməkdaşı İsmayıl Nəsibli gözəl təbiətə malik Edillidə olub, erməni vandallarının 28 il ərzində dağıdıb, talan etdiyi ərazilərdən, xarabaya çevirdikləri kənd məktəbindən videoreportaj hazırlayıb.
Kənd Qarabağ silsiləsinin cənub-şərq ətəyində yerləşir. Toponim qırğızların edilli tayfa adını özündə əks etdirir. Dağlıq ərazidə yerləşən kənddə vaxtı ilə azərbaycanlılarla ermənilər birgə yaşayıb.
Dağlıq Qarabağ münaqişəsi başlayan zaman Edillidəki ermənilər azərbaycanlıların başlarına bir çox faciələr gətirib. Burada işğala qədər beynəmiləl məktəbi olub. Təhsil ocağında həm azərbaycanlı, həm də erməni uşaqları birgə təhsil alıb. Erməni separatçıları Edillidə təxribatlar törətməyə başlayan zaman sakinlər kənddən çıxmaq məcburiyyətində qalıb. Artıq 1989-cu ilin sentyabr ayında azərbaycanlı şagirdlər beynəmiləl məktəbindən zorla qovularaq çıxarılıb.
Hazırda həmin məktəb dağıdılıb. Ermənilər vaxtı ilə öz uşaqlarının oxuduğu təhsil ocağını tövləyə çevirib, orada donuz saxlayıblar. Məktəbin sinif otaqlarında təhqiramiz ifadələr yazılıb, müxtəlif cür şəkillər çəkilib.
Qeyd edək ki, Edilli kəndində qondarma separatçı-terrorçu rejimin qanunsuz "milli təhlükəsizlik xidməti”nin keçmiş "rəisi” "general” Kamo Ağacanyanın da yaşadığı ev var. Atası azərbaycanlı olan K.Ağacanyan vaxtı ilə valideynləri ilə birgə Edillidə yaşayıb.
Xatırladaq ki, Azərbaycan Mədəniyyət Nazirliyində işğaldan azad olunmuş ərazilərində indiyədək aparılan monitorinqlər zamanı dövlət qeydiyyatında olan 312 tarix-mədəniyyət abidəsinin monitorinqi həyata keçirilib. Bundan əlavə, həmin ərazilərdə yerləşən dövlət qeydiyyatında olmayan tarixi, memarlıq, arxeoloji əlamət daşıyan 106 obyekt (yeni aşkar olunmuş abidə) aşkar edilib.
Həmçinin aparılan monitorinqlər zamanı 571 mədəniyyət müəssisəsi aşkar edilib ki, onlardan 286-sı kitabxana, 237-si mədəniyyət evi və klub müəssisəsi, 19-u muzey, 24-ü uşaq musiqi məktəbi, 1-i kinoteatr, 2-si teatr, 2-si qalereyadır. Müəssisələrin hamısı, demək olar ki, tamamilə dağıdılmış vəziyyətdədir.