Dünyaya yeni gələn körpə doğulan kimi çığırır və tibdə buna ilk tənəffüs deyilir. Körpənin çığırtısı onun dünyaya gəlməsi kimi qəbul olunur. Nəfəs almaq dünyaya qədəm basan körpə üçün ilk həyat əlaməti hesab olunduğu kimi, nəfəsin itməyi, kəsilməyi də həyatın bitməsi deməkdir. Nəfəs almaq insan üçün çox böyük nemətdir və ona görə də həmişə arzu edirəm ki, Allah-Taala heç kəsi nəfəslə imtahana çəkməsin.
Kliniki Tibbi Mərkəzin həkim-infeksionisti Leyla Xəlilova bu sözləri AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib. O, yanvarın 26-da yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı peyvəndin ilk dozasını vurdurub, üzümüzə gələn həftə isə ikinci dozanı vurduracaq.
Həkim-infeksionist söhbətə davam edərək deyib: “Nəfəs problemi yarananda ümid xəstənin süni nəfəs aparatına qoşulmaq üçün reanimasiya palatasına köçürülməsi olur. Açığını deyəcəyəm, bəlkə də həmin məqamlarda həkimlik karyeramın ən ağır dəqiqələrini yaşamışam. Bu, təkcə xəstə üçün yox, həkim üçün də çox dözülməz və arzuolunmazdır və həmin məqamlarda özünün çarəsizliyini hiss edirsən. Mən həmin ağır dəqiqələri yaşamağı nə heç bir həkimə, nə də heç bir xəstəyə arzu etmirəm. Onunla üzləşməmək üçün isə tək bir yol var ki, o da Çinin “Sinovac” şirkətinin “CoronaVAC” peyvəndinin inyeksiya edilməsidir. Əvvəla, bu peyvəndin orqanizm üçün heç bir təhlükəsi və fəsadı yoxdur, ikincisi, qoruyuculuğu çox yüksəkdir. Ən nəhayət, onun vurulması həyatını virusa yoluxmaqdan etibarlı şəkildə sığortalayır. Bəd ayaqda yoluxma baş versə belə, immunitetin güclənməsi hesabına onu yüngül və rahat keçirirsən. İmmunitetin güclü olması isə təkcə COVID-19-a deyil, digər infeksion xəstəliklərə qarşı çox böyük qoruyucu vasitədir.
İslam dünyasının görkəmli simalarından birinin belə bir kəlamı var: “Parası olan bazardan, imanı olan məzardan qorxmaz”. İmmunitet yoluxmanın qarşısını alan ən yaxşı vasitədir. Xəstəliyə qarşı peyvəndin vurulması isə onu təmin edir. Ona görə də peyvəndin vurulmaması üçün heç bir əsaslı səbəb yoxdur. Nəfəs çətinliyi ilə üzləşməmək üçün bundan başqa yol yoxdur”.