Ağdaş rayonunun Şəmsabad yaşayış məntəqəsində birinci və ikinci Qarabağ müharibələrində şəhidlik zirvəsinə ucalan 6 nəfər kənd sakininin xatirəsinə tikilən abidənin açılışı olub.
azərtac-ın bölgə müxbiri xəbər verir ki, xatirə abidəsinin açılış mərasimində rayon icra hakimiyyətinin, gənclər və idman idarəsinin məsul işçiləri, Qarabağ müharibəsi və şəhid ailələri ictimai birliyinin üzvləri, şəhidlərin yaxınları, kənd sakinləri iştirak ediblər.
Çıxışlarda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan tarixi qələbədən danışılıb, müharibənin heç də itkisiz olmadığı qeyd edilərək Azərbaycanın müstəqilliyi, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan vətən oğullarının xatirəsinin əsrlər boyu unudulmayacağı, hər kəsin qəlbində yaşayacağı vurğulanıb.
Mərasimdə Şəmsabad kəndində dünyaya göz açan və vətən uğrunda döyüşlərdə şəhid olan 6 nəfər şəhidin - Neman Baxışovun, Əlyəddin Həşimovun, Qürbət Abbasovun, Sabir İbrahimzadənin, Bəşir Lətifovun və Əlibəy Feyruzlunun qısa, şərəfli ömür yolu barədə danışılıb. İkinci Qarabağ müharibəsində kənddən olan yeganə şəhid Əlibəy Feyruzlunun Prezidentin Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunduğu bildirilib. Qeyd olunub ki, indi 6 nəfər şəhid doğulub boya-başa çatdıqları kənd qəbiristanlığında uyuyur.
Şəhidlərin yaxınları göstərilən diqqət və qayğıya, söylənilən xoş sözlərə görə minnətdarlıqlarını bildiriblər.
Sonda xatirə abidəsinin üzərində Azərbaycan bayrağı ucaldılıb, məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib.