AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsi açıqlama yayıb

AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsi   açıqlama yayıb
  • Cəmiyyət

  • LEQAL.AZ-ın məlumatına görə, bu gün AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsi açıqlama yayıb. Açıqlamada deyilir:

    “AMEA Dilçilik İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru İdris Abbasov son aylarda ardıcıl olaraq kütləvi informasiya vasitələrindəki yazılarında əməkdaşı olduğu elmi-tədqiqat müəssisəsinə vaxtilə ayrılmış 2 milyon manat vəsaitin xərclənməsində şübhəli məqamların olmasına, bu işə nəzarət edilməməsinə görə Humanitar və İctimai Elmlər Bölməsinin rəhbərliyini ittiham etməkdə davam edir. İttihamların bitib-tükənmədiyini nəzərə alaraq, aşağıdakıları ictimaiyyətin diqqətinə çatdırmağı zəruri hesab edirik:

    AMEA Dilçilik İnstitutunun maddi-texniki bazasını möhkəmləndirmək üçün 2 milyon manat maliyyə vəsaiti 29 may 2012-ci il tarixli Sərəncamla ayrılmışdır.

    Mövcud Sərəncama uyğun olaraq, Dilçilik İnstitutunun avadanlıqların alınması işi 2012-2013-cü illərdə həyata keçirilmişdir.

    Əvvəla, İdris Abbasovun ittiham atdiyi akademik İsa Həbibbəyli 2013-cü ilin may ayından sonra AMEA-da vitse-prezident kimi işə başladığı üçün həmin sərəncamın icra edilməsi ilə məşğul ola və ya ona nəzarət edə bilməzdi. İrəli sürülən ittiham qeyri-obyektiv və absurddur. Ümumiyyətlə, akademik İsa Həbibbəyliyə aid edilən maliyyə ittihamlarının heç biri qətiyyən həqiqəti əks etdirmir, qarşı tərəfin səbəbi məlum olmayan iddialarından ibarətdir.

    İkincisi, Akademiyada ümumiyyətlə vitse-prezidentlik vəzifəsi vasitəsilə maliyyə vəsaiti köçürmək proseduru yoxdur. Ona görə də AMEA-nın vitse-prezidenti kimi İsa Həbibbəylinin Dilçilik İnstitutuna avadanlıqların alınıb-alınmaması ilə hər hansı bir əlaqəsinin olması mümkün deyildir.

    Üçüncüsü və ən əsası isə AMEA-nın Nizamnaməsində vitse-prezidentlərin vəzifə səlahiyyətlərinə aid olan 8.14.1, 8.14.1.1, 8.14.2 və 8.14.3 bəndlərinə əsasən bu vəzifəni daşıyan şəxslər təmsil etdikləri Elmi Bölmənin əhatə etdiyi elmi-tədqiqat institutlarının elmi-təşkilati və elmi-metodiki fəaliyyətinin tənzimlənməsi işi ilə məşğul olmalıdırlar.

    Akademiyanın hər il kitab halında çap olunmuş hesabatlarında Elmi Bölmələrə dair icmallarda həmişə yalnız elmi-təşkilati fəaliyyətə dair məlumatlar və təhlillər öz əksini tapmış, bir sətir də olsun maliyyə məsələlərindən söz açılmamışdır. Elmi bölmə və onun rəhbərliyi Nizamnamə ilə ona aid məsələlərin həyata keçirilməsi ilə məşğuldur, bacarığı və səyləri daxilində öz öhdəsinə düşən vəzifələri yerinə yetirmək üçün məsuliyyətlə çalışır.

    Bütün bunlara görə AMEA Humanitar və İctimai Elmlər Bölməsi Dilçilik İnstitutuna avadanlıqların alınması ilə əlaqədar və ya istənilən digər maliyyə məsələləri ilə bağlı olaraq vitse-prezident kimi Elmi Bölmənin rəhbərinə qarşı irəli sürülən bütün ittihamları birmənalı şəkildə rədd edir.
    Kütləvi informasiya vasitələrinin yaratdığı azadlıqdan özünə sərf edən şəkildə istifadə edərək dayanmadan haqsız və əsassız təbliğat işi aparan İdris Abbasovun isə iddialarını sübut etmək üçün aidiyyəti orqanlara müraciət etmək hüququ vardır.

    Bütün bunlar reallıqlar olduğu halda şəxsi mülahizələrə, yoxlanılmamış və dəqiqliyi sübut olunmamış müddəalara əsaslanaraq, başqaları haqqında lüzumsuz ittihamlar yağdırmaq, xoşagəlməz təhqiramiz sözlər işlətmək özünü haqq və ədalətin tərəfində olduğunu iddia etməklə tərs mütənasibdir.”
    PAYLAŞ:

    Oxşar xəbərlər