Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları ölkə ərazisində tətbiq olunan karantin rejiminə əməl etməyərək ad günü məclisi keçirilməsinin qarşısını alıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən LEQAL.AZ-a bildiriblər ki, yanvarın 29-da Maştağa qəsəbəsində vətəndaş E.Qasımovun xüsusi karantin rejimini pozaraq evində çoxsaylı qonaqların iştirakı ilə ad günü keçirməsi barədə polisə məlumat daxil olub.
Həmin ünvana baxış zamanı məclisin təşkilatçısı E.Qasımov və orada olan 46 iştirakçı saxlanılaraq polis idarəsinə gətirilib. Onlarla profilaktik söhbət aparılıb və həmin şəxslərə xəbərdarlıq edilib.
Xüsusi karantin qaydalarını pozan ev sahibi və iştirakçılar barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati protokol tərtib olunub və onların hər biri cərimələnib.