Qırx dörd günlük Vətən müharibəsində canından keçən qəhrəman oğullarımızdan biri də Azərbaycan Milli Ordusunun əsgəri Sadıqov Elnur Kərim oğludur.
milli.Az azətac-a istinadən bildirir ki, Elnur Sadıqov 2001-ci ildə Cəlilabad rayonunun Təzəkənd kəndində anadan olub. O, orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. Həqiqi hərbi xidmətinin 15-ci ayında Vətən müharibəsi başlanıb. Şəhid əsgər E.Sadıqov Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qoşulub. Bir sıra əməliyyatlarda uğurla iştirak edib.
Şəhidin atası Kərim Sadıqov deyir ki, oğlu döyüşlərə müharibənin ilk günlərindən qoşulub. Döyüşlərdə yaralansa da valideynlərinə deməyib və yenidən döyüşlərə qoşulub.
İgid döyüşçü oktyabrın 16-da Ağdərə istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olub. Onun nəşi ötən ilin oktyabrında Cəlilabada gətirilib və doğulduğu kənddə dəfn edilib.