Lənkəranın ucqar dağ kəndi olan Gəgirandan Vətən müharibəsində iştirak etmək üçün cəbhəyə yollanan 48 gəncdən 8-i şəhid olub. Qırx dörd gün davam edən haqq savaşımızda son nəfəsinədək döyüşən şəhid igidlərimizdən biri də Nuruzadə Qalib Habil oğludur.
LEQAL.AZ xəbər verir ki, ARB Televiziyası şəhidimiz haqqında süjet hazırlayıb.
1986-cı il iyunun 10-da Gəgiran kəndində dünyaya göz açan Qalib, həqiqi hərbi xidmətini 2014-2016-cı illərdə Tərtərdə keçib. Ötən il sentyabrın 21-dən ordu sıralarına çağırılıb. Haqq savaşımız başlayan ilk gündən Füzuli, Zəngilan və Şuşa istiqamətlərində ən şiddətli döyüşlərdə qəhrəmancasına vuruşub.
Şəhidin atası Habil Nuriyev bildirib ki, oğlu hər dəfə onunla danışanda Qarabağı qarış-qarış azad etdiklərini bildirirdi: “Hər dəfə danışanda deyirdi ki, inşallah anamı da götürüb gələrsən bu torpaqlara. Mütləq gəlib buraları görməlisən”.