Nəğmə deyən qəmzəli şəhidimizin dastanı - VİDEO - FOTO

Nəğmə deyən qəmzəli şəhidimizin dastanı - VİDEO - FOTO
  • Cəmiyyət

  • "Yüsəkliyə qalxanda onun burnundan qan axırdı. Komandir deyirdi ki, gəl səni düşürdək aşağı, belə döyüşə gedə bilməzsən. Deyirdi ki, yox, ay komandir, biz buraya qan tökməyə gəlmişik, burnumdan qan axır deyə aşağı düşən deyiləm. Elə burnunda pambıqla da döyüşdü"


    LEQAL.AZ Xudayar Yusifzadənin əziz xatirəsinə...

    Sentyabrın 27-də başlayan II Qarabağ müharibəsi 44 gündən sonra başa çatdı. Amma bu müharibə bizə nə qədər qəhrəman, igid oğullarımızın olduğunu bir daha göstərdi. Onlar arasında elə ölümü ilə dastan yazanlar, dillər əzbərinə çevrilənlər də oldu, Xudayar Yusifzadə kimi.

    Bu gün uşaqdan-böyüyə hamının sevgisini qazanmış şəhidimiz atasını itirdikdən sonra anası və digər qardaşları, bacısı ilə birgə ana nənə-babasının himayəsində qalırmış. Xudayar evin, böyük ailənin sonbeşiyi olduğu üçün də həmişə digərlərindən fərlqəndirilərmiş.

    Oktyabrın 20-də şəhidlik zirvəsinə ucalan Xudayar Yusifzadə artıq 40 gündən artıqdır ki, aramızda yoxdur. Ondan geriyə bizə xatirələri vərəqləmək qaldı. Ölümü ilə elə ifasında olduğu kimi bir dastan yazan qəhrəmanımızı hər kəs daha yaxından tanımaq istəyir.

    Sputnik adı dillər əzbəri olan Xudayar Yusifzadənin ailəsi ilə əlaqə qurdu, dayısı Sirxan Məmmədovla həmsöhbət oldu: "1998-ci ildə atası qəzada dünyasını dəyişəndə Xudu 25 günlük körpə idi. Ondan sonra bacım, körpəsi Xudu, eləcə də bacımın digər iki oğlu və bir qızı anamla atamın himayəsində oldu, 22 il idi ki, birgə yaşayırdılar. Hamıdan çox ata-anamın onların üzərində əziyyəti olub. Nənə-babası uşaq vaxtından qoymayıblar ki, Xudu nəyəsə görə korluq çəksin. Uşaqlıqda da çox gözəgəlimli idi, hamı onu sevirdi, biz onu Xudu deyə əzizləyirdik. Evdə ona "yox" deyilmirdi. Atam çox sərt adam olsa da, onun hər istəyini reallaşdırırdı, bizə nəyəsə icazə verməsə də, Xudayar istəyəndə ona icazə verirdi, deyirdi, siz ayrısız,
    Xudu ayrıdır. O artıq 18 yaşında rahatlıqla atamın maşınını da sürürdü".

    Əlifba bayramından qalan şəklinə baxıram: elə bil, duruşu da deyir ki, böyüyəndə döyüşkən olacaq: "Yadımdadır, əlifba bayramına hazırlaşırdılar, nənəsinə demişdi ki, əlifba bayramı üçün ona hərbi geyim dəsti alsın. Onda uşaqlıqdan hərbiyə maraq yaranmışdı. Hərbi ilə yanaşı, xanəndəliyə də böyük marağı vardı. 7 yaşından musiqi məktəbinə gedirdi. Bir neçə il xanəndəlik dərsi aldı. Bir gün gəldim, dedim ki, nə oxuya bilərsən, dedi, "Şuşanın dağları" mahnısını. Onun uşaqlıq ifasını telefonumun səsyazma proqramı ilə qeydə aldım. Xanəndəliyin arxasınca getmədi, dedilər, səs dəyişəcək, ondan sonra səs bata da bilərdi. Ona incəsənətə maraq ata tərəfdən gəlib, ata tərəfi musiqiçi olub".

    Lakin bununla belə, Xudayarın hərbiyə marağı ölməyib: "Milli Təhlükəsizlik xidmətində işləmək istəyirdi. Bəzən nədənsə söz düşürdü, deyirdim, gərək sənin bunun üçün dayın olsun. Zarafata salıb deyirdi, bəs sən dayım deyilsən?! Deyirdim, mən axı imkanlı dayı deyiləm. O hər zaman özü nəsə edib özü ilə fəxr etməyi sevən biri idi. O nə qazanmışdısa, öz əziyyəti, alın təri hesabına qazanmışdı, kimdənsə kömək istəməmişdi. Hərbidən qayıtdıqda anam dedi ki, tez-tələsik iş axtarmağa çalışma. Nənəsi deyirdi ki, sənin işləyib əziyyət çəkməyinə ehtiyac yoxdur. Amma o, hərbidən qayıtdıqda artıq özünə iş tapmışdı. Forma geyinməyi çox sevirdi".

    Dayısı Xudayarın mühafizəçi kimi işindən çıxması ilə bağlı məlumata da aydınlıq gətirib, Deyir ki, bəzi yerlərdə yanlış məlumatlar yazılır: "Düzü, həmin vaxt hansı marketdə çalışırdı, onu bilmirəm. Amma dəqiq olan odur ki, o, iş yerindən qovulmayıb, sadəcə olaraq marketin rəhbəri deyib ki, qapını aç, o da qüruruna sığışdırmayıb, deyib ki, mən mühafizəçiyəm. Yəni, işdən çıxarılma olmayıb. Bir nəfər bunu görüb, deyib ki, sənin yerin bura deyil, sabah sənədlərini götür gəl. Beləcə sərhədçi olub".

    O öncə ailəsinə hərbi təlimlərə qatıldığını deyib, evdə narahatlıq yaratmaq istəməyib: "Sentyabrın 27-dən bir müddət öncə idi, zəng edib dedi ki, bizi başqa yerə göndərirlər, təlimə. Hərbi ilə bağlı sirləri demirdi, sadəcə olaraq deyirdi ki, onlara təlim keçirilir. Nənəsinə deyirdi ki, qabağa gedəcəm, general, kapitan olacağam, görərsən. Deyirdi ki, bu təlimlərlə daha da qabağa gedəcəyəm. Bakıdakı təlimlər bitəndən sonra onları Daşkəsənə aparmışdılar. Artıq narahat olmağa başlamışdıq. Hələ  müharibə başlamamışdı. Müharibə başlayanda isə təcili yardım maşınlarını görüb narahat olurduq. O isə narahatlığımızı yatırmaq üçün deyirdi ki, onlar işğaldan azad olunacaq yerlərə nəzarət edəcəklər. O, Murovdağ, Hadrut istiqamətindəki döyüşlərdə də yaxından iştirak edib. Döyüş yoldaşları deyirdilər ki, Xudayar döyüşlərdə yaxından iştirak edib, qabaqda gedənlərdən olub".

    "Anası onunla danışanda atışma səsi eşidirdi, deyirdi ki, bəs, bu nə səsdir?! Xudayar deyirdi ki, alınan torpaqların qələbəsini qeyd edirlər. Əslində elə təsəvvür yaratmağa çalışırdı ki, guya atışma zonasından  çox uzaqdadır. Atamla danışanda deyirdi ki, səni Ağdama aparacam, o qaçqınlıq vəsiqəni cır, at o yana, ona daha ehtiyac olmayacaq. Deyirdi ki, torpaqlar alınacaq, daha qaçqın olmayacaqsız", - deyə dayısı Sirxan Məmmədov əlavə edir.

    Şəhid xəbərini isə ilk olaraq Xudayarın kiçik dayısı alıb: "Balaca qardaşım könüllü olaraq müraciət etmişdi, amma onu aparmamışdılar. Qardaşım onların yanında olurdu deyə, şəhid olması ilə bağlı ilk xəbəri də elə ona verdilər. Artıq şəhid olmuşdu, onun şəhid şəklini çəkib bizə atmışdı. Axşam idi, Bakıda idim, zəng etdi, öncə dedi ki, Xudu yaralanıb, əvvəl məni də aldatdı ki, birdən-birə belə xəbər verməsin. Sonra dedi ki, o yaralanmayıb, şəhid olub.

    Bacımı da aldatmaq məcburiyyətində qaldıq, dedik ki, yaralıdır, gətirirlər. Səhər saat 6-dək gözünə görünmədik, elə dedik ki, gəlirik-gəlirik. Axır zəng edib dedi ki, oğlumun qolu, qıçı var?! O bilmək istəyirdi ki, Xudu necə yaralanıb. Anasının o xəbəri necə aldığını təsəvvür etməkdə çətinlik çəkirəm.

    Mənim anam isə səhərə yaxın evdən çölə çıxanda görüb ki, küçə dolu adamdır. Deyir, yola çıxdım ki, bütün millət buradadır, hamı tabutu qarşılamaq üçün yığışmışdı. Anam atamdan fərqli olaraq bir az möhkəm adam idi. Özünü saxlaya bilirdi. O özünü boğub saxlaya bildi, demədi qızına. Qızına tədricən başa salmağa çalışdı, dedi ki, yaralanıb, buracan gətirib çatdıra bilməzlər, möhkəm olmalısan. İndinin özündə də gecənin bir yarıs, hıçqırtı səsi eşidirik, anası ağlayır. İnanın, indi heç tanımadığımız adamlar da evimizə baş çəkirlər ki, Xudayarı böyüdən ananı, nənə-babanı görək, qaldığı evi görək".

    Dayısı deyir ki, qəhrəmanımız Zəngilan istiqamətindəki döyüşlərdə şəhid olub: "Zəngilanda çox yaxın məsafədən döyüşüblərmiş, ən qabaqda gedən də onların komandası olub. Birinci güllə dəyəndə deyib ki, deyəsən, şərəfsizlər məni vurdular, amma heç nə olmamaış kimi davranıb, döyüşə davam edib. Təxminən 40 dəqiqə də döyüşüb, sonra pulemyotla onu vurublar, boğazından dəyib, elə oradaca şəhid olub. Ona birinci güllə soldan dəyib, sağdan çıxıb.

    Onun o məşhur videosu da elə ölümündən iki gün qabaq Zəngilanda çəkilmişdi. Xudayar o mahnını oxuyanda 3 gün idi ki, ac-susuz olub. Döyüşlərin gərgin vaxtı idi. O, mahnı oxuyaraq döyüş yoldaşlarına da ruh yüksəkliyi verirdi. Yaralı olanda çiyninə alıb lazımi məntəqəyəcən çatdırırdı, heç bir yaralını tək qoymurdu.

    Yüsəkliyə qalxanda onun burnundan qan axırdı. Komandir deyirdi ki, gəl səni düşürdək aşağı, belə döyüşə gedə bilməzsən. Deyirdi ki, yox, ay komandir, biz bura qan tökməyə gəlmişik, burnumdan qan axır deyə aşağı düşən deyiləm. Elə burnunda pambıqla da döyüşdü. Döyüş yoldaşları bəzən elə bir şey danışır ki, görürəm ki, Xudayarı heç biz də tanımamışıq. Yoldaşları deyirdilər ki, o döyüşlərə elə oxuya-oxuya qatılmışdı, içində qorxu hissi də olmayıb, həmişə qabaqda olub".

    Ailə qurmaq arzusu olsa da, dayısının dediyinə görə, sevdiyi bir qız olmayıb: "Məncə, sevdiyi qız yox idi. Çünki həmişə deyirdi ki, məni nə vaxt evləndirirsiz, deyirdim ki, hələ tezdir. Xudu da deyirdi ki, bax, əsgərliyə gedib gəlmişəm, işim var. Sadəcə olaraq ev yox idi. O, əsgərlıikdə olanda ata evimiz yanmışdı. Ev yanandan sonra onlar yenə də bir ailə olaraq kirayədə qaldılar, nənə-baba ilə birgə. Xudu deyirdi ki, ev də olacaq, hər şey düzələcək. Deyirdim, ay Xudu, yaxşı, sən de, biz o qapıya elçi gedək".

    Hər ölüm həm də yarımçıq qalan arzular deməkdir. Xudunun da arzuları vardı. Dayısı deyir ki, yüksək vəzifələrdə olmaq, ailə qurmaq və ev tikmək onun ən böyük arzularından idi. Artıq şəhidin evlə bağlı arzusu reallaşır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Xudayar Yusifzadənin hazırda kirayədə qalan ailəsi üçün sosial tərəfdaşın dəstəyi ilə fərdi yaşayış evi tikilməsini öhdəsinə götürüb. Ailə hər hansı bir yardıma ehtiyac olmadığını bildirir.(sputnik)







    PAYLAŞ:

    Oxşar xəbərlər