AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib
  • Cəmiyyət

  • Dekabrın 27-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.

    Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri və aidiyyəti şəxslər iştirak ediblər.

    İclası giriş sözü ilə akademik İsa Həbibbəyli açaraq tədbirin gündəliyi barədə məlumat verib.

    Əvvəlcə Azərbaycan Hava Yollarına (AZAL) məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    İclasda müzakirə olunan birinci məsələ “Doktorantura təhsili: mövcud vəziyyət, beynəlxalq təcrübə və qarşıda duran vəzifələr” haqqında olub.

    Akademik İsa Həbibbəyli bildirib ki, AMEA-nın tarixində ilk dəfə olaraq Rəyasət Heyəti aparatının şöbə müdiri Rəyasət Heyətinin iclasında məruzə ilə çıxış edir və bu istiqamətdə həyata keçirilən islahatlar gələcəkdə də davam etdiriləcək.

    Daha sonra AMEA-nın Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru Sərxan Xavəri “Doktorantura təhsili: mövcud vəziyyət, beynəlxalq təcrübə və qarşıda duran vəzifələr” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi elmi fəaliyyətin ən mühüm istiqamətini təşkil edən doktorantura təhsili vasitəsilə yüksəkixtisaslı kadr hazırlığı sahəsində mövcud vəziyyətə toxunub, beynəlxalq təcrübəni nəzərdən keçirməklə qarşıda duran bir sıra vəzifələri diqqətə çatdırıb. Məruzədə beynəlxalq təcrübə kontekstində respublikada doktorantura təhsili ilə bağlı mövcud vəziyyət və beynəlxalq təcrübə, əsasən, iki aspektdən - “Doktorantura təhsili ilə bağlı institusional səviyyədə mövcud vəziyyət və beynəlxalq təcrübə” və “Doktorantura təhsili ilə bağlı məzmun səviyyəsində mövcud vəziyyət və beynəlxalq təcrübə”, nəzərdən keçirilib.

    S.Xavəri məruzəsində birinci istiqamət üzrə doktorantura təhsilini tənzimləyən mövcud normativ-hüquqi bazanı nəzərdən keçirib, ali təhsilin üçüncü səviyyəsi olaraq doktorantura təhsilinin hüquqi və fəlsəfi spesifikasını, struktur özəlliklərini Boloniya prinsipləri kontekstində dəyərləndirib. Bundan əlavə, AMEA-da doktorantura təhsili, onunla bağlı mühüm statistik göstəricilər, AMEA-da doktorantura təhsili ilə bağlı elm sahələri və ixtisaslar, onların elmi müəssisələr üzrə paylanması, elmi müəssisələrin elmi istiqamətlər və elmi problemlər üzrə koqnitiv institutlaşması modelləri kimi məsələlər də diqqət mərkəzinə gətirilib. Həmçinin, dünya elminin yeni çağırışları, İKT-nin, süni intellekt texnologiyalarının inkişafı, multidissiplinar, transdissiplinar tendensiyaların artdığı bir şəraitdə doktorantura təhsil səviyyəsi üzrə ixtisasların təsnifatına yenidən baxmaq zərurəti, respublikada doktoranturaya illik qəbul planı, qəbul və müdafiə edənlərin sayı arasında nisbət, bu istiqamətdə mövcud tendensiyalar və onların ehtimal olunan nəticələri, dissertasiyaların qiymətləndirilməsində mövcud mexanizmlər və beynəlxalq təcrübə (səlist və qeyri-səlis yanaşmalar), AMEA-da doktorantura təhsili ilə bağlı beynəlxalq əlaqələr və s. məsələlər məruzədə əksini tapıb.

    Məruzədə ikinci əsas istiqamət olaraq məzmun səviyyəsində doktorantura təhsili ilə bağlı beynəlxalq təcrübə və respublikada mövcud vəziyyət nəzərdən keçirilib. Burada doktorantura təhsilinin məzmun spesifikası, beynəlxalq təcrübədə PhD-nin fəlsəfi platforması, ən ümumi modeldə elmi-tədqiqat prosesinin məntiqi ardıcıllığı, elmi fakt və düşüncə konstruksiyası arasında münasibətlər, elmi problemin formulə “problemi”, elmi problemin həm elmi, həm də dövlətin, millətin və bəşəriyyətin sosial-iqtisadi, mədəni-mənəvi və ideoloji inkişafı baxımından aktuallığı, Azərbaycanda doktorantura təhsilinin məzmununa yanaşmalar, elmlər və fəlsəfə doktoru hazırlığı üzrə elmi-tədqiqat işlərinin – dissertasiyaların hazırlanmasında məzmun səviyyəsində müşahidə olunan xarakterik problemlər diqqətə çatdırılıb.

    Məruzə dinlənildikdən sonra mövzu ətrafında geniş müzakirələr aparılıb. Müzakirələrdə akademiklər Arif Həşimov, Dilqəm Tağıyev, Rasim Əliquliyev, İradə Hüseynova, Gövhər Baxşəliyeva, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Fariz İmranov, professor İlham Məmmədzadə və fəlsəfə elmləri doktoru Füzuli Qurbanov çıxış edərək məruzəni yüksək qiymətləndirib, doktorantura təhsili sahəsində mövcud problemlərə toxunub, təkliflərini səsləndiriblər.

    Məsələ ilə bağlı çıxış edən akademik İsa Həbibbəyli elmimizin gələcəyi üçün AMEA-da doktorantura təhsilinin səviyyəsinin yüksəldilməsinin vacibliyini bildirib. Qeyd edib ki, doktorantlara qarşı diqqət və qayğı daha da artırılmalı, institut rəhbərləri və şöbə müdirləri tərəfindən elmi məqalələrin nəşrində və digər təşkilati işlərdə bütün zəruri dəstək verilməlidir. AMEA rəhbəri qarşıdakı hədəflər sırasında doktorantura təhsili haqqında əsasnamənin yenilənməsi üçün təkliflərin hazırlanması, doktorantura təhsilinin dünya təcrübəsinə uyğunlaşdırılması olduğunu bildirib.

    Rəyasət Heyəti tərəfindən məruzədə və müzakirələrdə irəli sürülən təkliflər nəzərə alınaraq doktorantura təhsil səviyyəsində, dünya təcrübəsi nəzərə alınmaqla, yüksəkixtisaslı elmi kadrların hazırlanması prosesinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması, dissertasiya mövzularının müəyyənləşdirilməsində tədqiq olunan elmi problemin elmilik, obyektivlik, aktuallıq (ölkənin real sosial-iqtisadi və mədəni-mənəvi inkişafı ilə bağlı tələbatların həllinə yönəlməsi) və əhəmiyyətlilik (həm milli maraqlar, həm də beynəlxalq çağırışlar baxımından tətbiq imkanlarının olması) kimi meyarları nəzərə alınmaq şərtilə elmlər doktoru və fəlsəfə doktoru hazırlığı üzrə doktorant və dissertantlar üçün elmi müəssisələrdə mövzular bankının yaradılması, son dövrlər dünya elmində baş verən sürətli dəyişikliklər, İKT-nin, süni intellekt texnologiyalarının, multidissiplinar və transdissiplinar tədqiqatların inkişafı, əmək bazarının tələblərinin dəyişməsi və s. nəzərə alınmaqla, digər aidiyyəti dövlət qurumları ilə qarşılıqlı əməkdaşlıq şəraitində “Ali təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların Təsnifatı”nın təkmilləşdirilməsi istiqamətində təkliflərin hazırlanması, elmi müəssisələrdə doktorantların iş planlarının yerinə yetirilməsinə nəzarətin ciddiləşdirilməsi, doktorant və dissertantlara elmmetrik bilik və səriştələrin aşılanması üçün tədbirlərin həyata keçirilməsi və s. məsələlərlə bağlı müvafiq qərar qəbul edilib, Akademiyanın aidiyyəti qurumlarına tapşırıqlar verilib.

    İclasda müzakirə edilən növbəti məsələ 2025-ci il üzrə AMEA-da aparılacaq elmi-tədqiqat işlərinin əhatəli planının təsdiq edilməsi haqqında olub. Akademik İsa Həbibbəyli bildirib ki, AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrində müzakirə olunaraq təsdiq edilən planlar AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsi tərəfindən sistemləşdirilərək, AMEA Rəyasət Heyətinin müzakirəsinə təqdim edilib.

    Rəyasət Heyəti tərəfindən 2025-ci il üzrə AMEA-da aparılacaq elmi-tədqiqat işlərinin əhatəli planı təsdiqlənib və görülmüş işlər barədə rüblük və illik yekun hesabatın müvafiq elmi bölmələrə təqdim olunması tapşırılıb.

    Daha sonra iclasda AMEA-nın Mərkəzi Elmi Kitabxanasının 100 illik yubileyinin keçirilməsi haqqında məsələ müzakirə edilib. Kitabxananın direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov bildirib ki, 2025-ci ilin avqust ayında Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının yaradılmasının 100 ili tamam olur. 4 noyabr 1923-cü ildə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin  Biblioqrafiya bürosunun fəaliyyətə başlaması ilə Kitabxananın yaradılmasına start verilmiş, 19 avqust 1925-ci ildə Cəmiyyətin Mərkəzi Şurasının Rəyasət Heyətinin iclasında Biblioqrafiya bürosunun işi ilə kitabxana işinin birləşdirilməsi haqqında qərarla Kitabxana hüquqi baxımdan təsis edilmişdir.

    Qeyd olunub ki, son iki il ərzində yeniləşən Akademiya hərəkatı kontekstində AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin təşəbbüsü ilə Mərkəzi Elmi Kitabxana da yeni islahatlar mərhələsinə qədəm qoyub. Bu islahatların əsas hədəfini “Elektron Kitabxana” konsepsiyası çərçivəsində bilikləri saxlama, qoruma və İKT imkanlarını təminetmə funksiyası ilə yanaşı, bu istiqamətdəki fəaliyyətin elmi-tədqiqat sahəsinə istiqamətləndirilməsi təşkil edir. Vurğulanıb ki, bu gün kitabxananın yeniləşən fəaliyyətinin ana xəttini dünyada baş verən kitabxana-informasiya prosesləri kontekstində oxuculara xidmət sisteminin müasir modelinin hazırlanıb həyata keçirilməsi təşkil edir.

    Rəyasət Heyəti tərəfindən AMEA-nın Mərkəzi Elmi Kitabxanasının 100 illik yubileyinin keçirilməsi haqqında qərar qəbul olunub.

    İclasda müzakirə edilən növbəti məsələ isə AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin “Elmi əsərləri” (İctimai-humanitar və təbiət elmləri seriyası) jurnalının təsis edilməsi haqqında olub.

    Akademik İsa Həbibbəyli bildirib ki, AMEA-da həyata keçirilən genişmiqyaslı islahatların mühüm istiqamətlərindən birini regional elmi bölmə və mərkəzlərin elmi fəaliyyətlərinin müasir tələblər səviyyəsində qurulması, regionların özünəməxsus xüsusiyyətlərini nəzərə alınmaqla onların elmi fəaliyyətinin daha da təkmilləşdirilməsi təşkil edir. Bu istiqamətdə fəaliyyətin daha sistemli və məqsədəmüvafiq təşkilini təmin etmək üçün AMEA rəhbərliyi mütəmadi olaraq regional elmi bölmə və mərkəzlərin elmi fəaliyyəti ilə yerindəcə yaxından tanış olur, alimləri dinləyir, müvafiq tapşırıqlar verir.

    Akademik İsa Həbibbəyli Lənkəran Regional Elmi Mərkəzinin bu ay keçirilən hesabat iclasında iştirak etdiyini xatırladıb və mərkəzin elmi fəaliyyətinin daha da gücləndirilməsi, regionun özünəməxsus spesifik xüsusiyyətlərini nəzərə almaqla elmi əlaqələrin daha da genişləndirilməsi ilə bağlı bir sıra tövsiyə, təklif və tapşırıqlar verdiyini söyləyib.

    Sözügedən tapşırıqlardan irəli gələrək mərkəz rəhbərliyi Lənkəran Regional Elmi Mərkəzinin “Elmi əsərləri” (İctimai-humanitar və təbiət elmləri seriyası) adlı elmi jurnalının təsis edilməsi ilə bağlı AMEA prezidentinə müraciət edib.

    AMEA Rəyasət Heyəti tərəfindən qeyd olunanları nəzərə alaraq, Lənkəran Regional Elmi Mərkəzinin “Elmi əsərləri” (İctimai-humanitar və təbiət elmləri seriyası) jurnalının təsis edilməsi haqqında qərar qəbul olunub və Redaksiya Heyəti təsdiqlənib.

    İclasda müzakirə olunan növbəti məsələ AMEA-da elektron sənəd dövriyyəsinə keçidin təmin edilməsi və qarşıda duran vəzifələr haqqında olub.

    Məsələ ilə bağlı çıxış edən AMEA-nın akademik-katibi akademik Arif Həşimov bildirib ki, AMEA-da Elektron Sənəd Dövriyyəsi Sisteminin (ESDS) yaradılması və səmərəli fəaliyyəti ilə bağlı bir sıra tədbirlər görülmüş, şəbəkə infrastrukturunun yenilənməsi, elektron elmin inkişafı və digər sahələr üzrə əməli addımlar atılmışdır. Bildirib ki, həyata keçirilən işlər nəticəsində AMEA-da yaradılmış Elektron Sənəd Dövriyyəsi Sistemi ölkə üzrə Rəqəmsal Sənəd Dövriyyəsi altsisteminə inteqrasiya olunub və digər dövlət orqanları (qurumları) ilə sənəd mübadiləsinin aparılması təmin edilib.

    Daha sonra AMEA-nın Rəyasət Heyəti aparatının Sənədlərlə iş və protokol şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Əsmər Əliyeva çıxış edərək AMEA-da Elektron Sənəd Dövriyyəsi Sisteminin təşkili istiqamətində görülmüş işlər barədə məlumat verib. Qeyd edib ki, AMEA-nın Rəyasət Heyəti aparatının və tabeliyindəki qurumların Elektron Sənəd Dövriyyəsi Sisteminə qoşulması məqsədilə ASAN Xidmət ilə birgə fəaliyyət təşkil olunmuş, istifadəçi profillərinin yaradılması və təlimlərin keçirilməsi təmin edilmişdir. Bununla yanaşı, Elektron Sənəd Dövriyyəsi Sistemindən (ESDS) real vaxt rejimində istifadəyə keçid mərhələli şəkildə təşkil olunmuşdur. Ə.Əliyeva bildirib ki, AMEA-nın Rəyasət Heyəti aparatı və tabeliyindəki elmi müəssisə, təşkilat və mərkəzlərdə sənədlərin dövriyyəsinin elektronlaşdırılmasına keçid prosesi uğurla başa çatdırılıb.

    Şöbə müdiri Elektron Sənəd Dövriyyəsi Sisteminə keçiddən sonra sistemdən istifadəyə dair bir sıra statistik rəqəmləri də təqdim edib.

    Məsələ ilə bağlı çıxış edən akademik İsa Həbibbəyli AMEA-nın qısa müddət ərzində ölkə üzrə Elektron Sənəd Dövriyyəsi Sisteminə qoşulması istiqamətində Sənədlərlə iş və protokol şöbəsinin xüsusi fəaliyyət göstərdiyini, şöbənin əməkdaşları tərəfindən Akademiyanın elmi müəssisə və təşkilatlarında müvafiq şəxslərə təlimlər keçildiyini bildirərək şöbənin fəaliyyətini yüksək qiymətləndirib.

    İclasda həmçinin akademik Cavad Abdinovun 85 illik yubileyi haqqında qərar qəbul olunub.





    PAYLAŞ:

    Oxşar xəbərlər