Bakı Dövlət Universitetində AMEA-nın 80 illik yubileyi qeyd olunub

Bakı Dövlət Universitetində AMEA-nın 80 illik yubileyi qeyd olunub
  • Cəmiyyət

  • Oktyabrın 7-də Bakı Dövlət Universitetində Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

    Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Milli Məclis sədrinin müavini akademik Rafael Hüseynov, elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, AMEA-nın Rəyasət Heyətinin üzvləri, AMEA-nın müşavirləri, AMEA-nın Rəyasət Heyəti aparatının şöbə müdirləri, AMEA-nın elmi müəssisə və təşkilatlarının direktorları, əməkdaşları, BDU-nun professor-müəllim heyəti, tələbələri iştirak ediblər.

    Əvvəlcə Dövlət Himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Tədbiri giriş nitqi ilə açan Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev 80 illik şərəfli yol keçən AMEA-nın əməkdaşlarını təbrik edib, ölkəmizin elmi potensialının güclənməsi və inkişafı, müstəqil Azərbaycan Respublikasının daha da qüdrətlənməsi naminə gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Rektor bildirib ki, bu yubiley bir elmi qurumun deyil, bütövlükdə Azərbaycan elmi, milli düşüncəsi və intellektual irsinin bayramıdır: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin AMEA-nın 80 illik yubileyinin qeyd edilməsi barədə 2025-ci il 18 mart tarixli Sərəncamı Akademiyanın ölkəmizdə elmin inkişafı, bu sahədə fəaliyyətin təşkili və yüksəkixtisaslı kadrların hazırlanmasındakı roluna verilən yüksək dəyəri bir daha sübut edir. Bu mühüm sənəddə Akademiyanın ölkəmizdə elmin inkişafı, elmi fəaliyyətin təşkili və yüksək ixtisaslı kadrların hazırlanmasındakı böyük rolu xüsusi vurğulanır. Ümummilli Lider Heydər Əliyev elmin və təhsilin inkişafını həmişə ölkənin gələcəyi ilə birgə dəyərləndirirdi. Ulu Öndərin yaratdığı bu möhkəm elmi və mənəvi təməl üzərində Azərbaycanda elm bu gün özünün yeni inkişaf mərhələsini yaşayır. Bu böyük ənənə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə və ardıcıllıqla davam etdirilir. Onun rəhbərliyi ilə ölkəmizdə elm və təhsil sahəsində fundamental islahatlar həyata keçirilir, elmin idarəetmə mexanizmi təkmilləşdirilir. Elmi nəticələrin innovasiyaya çevrilməsi, elm-universitet-sənaye əməkdaşlığının genişlənməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib”.

    Rektor bildirib ki, 1945-ci ildə AMEA yaradıldıqdan qısa müddət sonra ölkəmizin elmi həyatının mərkəzinə çevrildi, xalqımızın intellektual potensialının formalaşması, milli kimliyimizin elmi əsaslarla öyrənilməsi və qorunmasında mühüm rol oynadı. Akademiyanın yaranması Azərbaycanda elmin dövlət səviyyəsində təşkilatlanması, onun müstəqil inkişaf yoluna çıxması demək idi. Ancaq bu böyük elmi məktəbin kökləri daha qədimə - 1919-cu ilə gedir. Çünki o zaman yeni yaradılmış BDU-nun ilk professorları, ilk elmi laboratoriyaları, elmi məktəbləri sonradan AMEA-nın əsasını qoyan qüvvələrə çevrildi: “Bakı Dövlət Universiteti Azərbaycan elminin beşiyidirsə, Azərbaycan Milli Elmlər Akademiyası onun yetkinlik zirvəsidir. Bu iki elmi mərkəz tarix boyu bir-birini tamamlayıb, bir-birinə dayaq olub. AMEA-nın yaranması və inkişafında BDU-nun rolu əvəzsizdir. 1926-1932-ci illərdə BDU-nun professor və məzunları Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun (DETİ) əsas elmi qüvvəsini təşkil edib, sonradan bu institutun bazasında SSRİ Elmlər Akademiyası Zaqafqaziya filialının Azərbaycan şöbəsi yaradılıb. Sovet dövründə Universitetin alimləri və məzunları Akademiyanın elmi-tədqiqat bölmələrinin əsas heyətini təşkil edərək, xüsusilə fundamental elmin inkişafında mühüm rol oynayıblar. Həbibulla Əmirxanov, Abdulla Qarayev, Aleksandr Makovelski kimi görkəmli alimlər, eləcə də Akademiyanın təsisçilərindən olan Heydər Hüseynov, Yusif Məmmədəliyev, Aleksandr Qrossheym və Mirəli Qaşqay BDU-nu şərəflə təmsil edirdi. Ayrı-ayrı dövrlərdə iki dəfə Elmlər Akademiyasına rəhbərlik etmiş, dünya şöhrətli alim Yusif Məmmədəliyev 1954–1958-ci illərdə BDU-nun rektoru kimi fəaliyyət göstərib. Bu gün də yüzlərlə BDU məzunu AMEA-nın müxtəlif institut və mərkəzlərində çalışır, elmin inkişafında, yeni istiqamətlərin formalaşmasında və beynəlxalq səviyyədə Azərbaycanda elmin nüfuzunun yüksəldilməsində mühüm rol oynayır. Onların uğurları BDU-nun elmi məktəblərinin, tədris ənənələrinin və mənəvi dəyərlərinin davamı kimi dəyərləndirilir. BDU ilə AMEA arasında bu mənəvi və elmi bağ ötən əsrdə olduğu kimi, bu gün də Azərbaycanda elmin inkişafının hərəkətverici qüvvəsidir. BDU və AMEA eyni elmi məfkurənin, milli intellektual inkişafın sütunlarıdır. Onların qarşılıqlı fəaliyyəti, elmi varislik və əməkdaşlıq ənənəsi bu gün də Azərbaycanda elmin gələcək uğurlarının əsasını təşkil edir”.

    Sonra çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Bakı Dövlət Universitetinin rəhbərliyini, professor-müəllim heyətini və tələbələrini Azərbaycan Milli Elmlər Akademiyasının kollektivi adından salamlayıb. Prezident İlham Əliyevin “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” 18 mart 2025-ci il tarixli Sərəncamının Azərbaycan elminə, aliminə, milli ziyalılarımıza, Elmlər Akademiyasına dövlət səviyyəsində göstərilən diqqətin, qayğının, ehtiramın ifadəsi olduğunu deyən akademik İsa Həbibbəyli bu mühüm dövlət sənədinə görə Akademiyanın çoxminlik kollektivi, tədbir iştirakçıları və gənclər adından Azərbaycan Respublikasının Prezidenti, qalib ölkənin qalib Lideri cənab İlham Əliyevə minnətdarlığını bildirib.

    Bu Sərəncamdan irəli gələrək Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi ilə bağlı keçirilən tədbirlər barədə məlumat verən akademik İsa Həbibbəyli ilk növbədə Müzəffər Ali Baş Komandanın “Dəmir yumruğu” ilə işğaldan azad edilmiş torpaqlarda, Qarabağ Universitetində AR elm və təhsil naziri Emin Əmrullayevin iştirakı ilə “Azərbaycan Milli Elmlər Akademiyasında Qarabağnamə ənənəsi və müasir dövr” mövzusunda elmi konfransın keçirildiyini söyləyib. Həmçinin Akademiyanın Naxçıvan Bölməsində, eləcə də Türkiyənin Ankara və İstanbul şəhərlərində Akademiyanın 80 illiyi ilə bağlı tədbirlərin keçirildiyini, bu günlərdə isə AMEA-nın vitse-prezidenti akademik İbrahim Quliyevin Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasının Minskdə keçirilən yığıncağında AMEA-nın yubileyi ilə bağlı təqdimat etdiyini vurğulayıb.

    “Bu gün AMEA-nın 80 illik yubileyinin burada keçirilməsi universitetin kollektivinin Azərbaycan elmi ictimaiyyətinə, Azərbaycan Milli Elmlər Akademiyasına hörmət və ehtiramından irəli gəlməklə yanaşı, həm də əməkdaşlığımıza, elmi əlaqələrimizin dünəninə, bu gününə və bundan sonrakı inkişafına Bakı Dövlət Universitetinin verdiyi önəmin və diqqətin ifadəsidir”, - deyə akademik İsa Həbibbəyli söyləyib.

    Son 300 il ərzində bəşəriyyətin elmin inkişafı nəticəsində Sənaye inqilabları yaşadığını deyən akademik İsa Həbibbəyli 2011-ci ildən etibarən isə süni intellektin və rəqəmsal texnologiyaların inkişafı ilə IV Sənaye İnqilabına keçidin baş verdiyini bildirib. Bütün bu dəyişiklərin ilk növbədə elm faktorundan asılı olduğunu deyən akademik İsa Həbibbəyli vurğulayıb ki, elmdə birinci olan dövlət dünyanın ən inkişaf etmiş ölkəsi sırasında da ilk sırada qərarlaşır və ötən il Nobel mükafatı laureatı Əziz Sancar AMEA-nın Rəyasət Heyətindəki məruzəsində Çini nümunə gətirərək bu fikri təsdiqləmişdir.

    AMEA-nın tarixi və inkişaf mərhələləri barədə tədbir iştirakçılarına məlumat verən akademik İsa Həbibbəyli bildirib ki, Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyətinin və Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun fəaliyyət göstərdiyi 1923-1932-ci illər Akademiyanın başlanğıc mərhələsi, SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan şöbəsi və SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialına çevrilməsi proseslərinin baş verdiyi 1932-1945-ci illər Akademiya quruculuğunun hazırlıq dövrü kimi qiymətləndirilir. Həmçinin qeyd edib ki, Azərbaycan SSR Elmlər Akademiyasının təsis olunduğu 1945-ci ildən 1969-cu ilədək keçən dövr Akademiyanın yaranması və elmi-təşkilati əsaslarının formalaşdırılması mərhələsi, Ulu Öndər Heydər Əliyevin Azərbaycan SSR-yə rəhbərlik etdiyi 1969-1982-ci illər ölkəmizdə Akademiya quruculuğunun intibah dövrü, 1983-1993-cü illər isə Elmlər Akademiyasının tənəzzülə meyl və böhran həddinə çatdığı mərhələdir. Natiq diqqətə çatdırıb ki, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildən yenidən siyasi hakimiyyətə qayıtması ilə AMEA 1993-2003-cü illərdə yenidən təşkilatlanma mərhələsini yaşayıb. Bildirib ki, Prezident İlham Əliyevin ölkəmizə böyük uğurla rəhbərlik etməkdə davam etdiyi illər üzrə isə AMEA iki istiqamətdə inkişaf yolu keçib, 2003-2022-ci illər Akademiyanın modernləşdirilməsi, 2022-ci ildən bu günə kimi isə yeniləşmə və islahatlar mərhələsidir.

    Aparılan islahatlardan və yeniləşmə işlərindən danışan akademik İsa Həbibbəyli qeyd edib ki, ilk növbədə sovet rəhbərliyinin 70 ildə məqsədli şəkildə həyata keçirdiyi xalqların, tarixi şəxsiyyətlərin unutdurulması metodologiyasının tam əksinə olaraq, tarixi şəxsiyyətlərimizin, hökmdarlarımızın, qaçaq-quldur adlandırılan xalq qəhrəmanlarımızın həyatının sistemli şəkildə öyrənilməsinə başlanılmışdır.

    Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycana Qayıdış siyasətindən irəli gələrək AMEA-da Qərbi Azərbaycan tarixi, Qərbi Azərbaycan folkloru, Qərbi Azərbaycan və Qarabağ əlyazmalarının tədqiqi, Qərbi Azərbaycana qayıdış siyasəti və ermənişünaslıq şöbələrinin fəaliyyətə başladığını bildirib. Bundan əlavə, Prezident İlham Əliyevin “Türk dünyası bizim ailəmizdir” çağırışını əsas götürərək Akademiyanın elmi-tədqiqiat müəssisələrində Türk xalqlarının fəlsəfi irsi və müasir fəlsəfəsi şöbəsi, Türk sənət tarixi və mədəni irsi şöbəsi, Türk əlyazmalarının tədqiqi şöbələrinin yaradıldığını, eləcə də bu günə kimi türk xalqları ilə bağlı fəaliyyət göstərən şöbələrin təkmilləşdirildiyini, Türkologiyanın diqqət mərkəzində saxlanıldığını vurğulayıb.

    AMEA-da dövlət siyasətinə uyğun olaraq, süni intellekt və rəqəmsal texnologiyaların inkişafı istiqamətində görülən işlərdən danışan akademik İsa Həbibbəyli qeyd edib ki, AMEA-nın Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsi tərəfindən Akademiyada rəqəmsallaşma, süni intellekt texnologiyalarının tətbiqi, elektron xidmətlərin genişlənməsi istiqamətində bir çox yeniliklərə və uğurlara imza atılıb və bu günlərdə yaranmış yeni texnoloji reallıq nəzərə alınaraq şöbənin adı Rəqəmsal Akademiya, Süni intellekt və Elektron xidmətlər şəklində dəyişdirilmişdir.

    Eyni zamanda, AMEA-da gənc tədqiqatçılarla bağlı aparılan işlərdən danışan natiq bildirib ki, bu günlərdə “Gənclər Akademiyası” yaradılıb və AMEA-nın yekun yubiley tədbirində ictimaiyyətə təqdim olunacaq. Eləcə də “Gənc tədqiqatçı” jurnalının nəşri biri ingiliscə olmaqla, ildə 4 dəfəyə yüksəldilib. Həmçinin bu günlərdə gənclər üçün “Humanitar və ictimai elmlər sahəsində süni intellekt və rəqəmsal texnolologiyalardan istifadə imkanları” mövzusunda elmi məqalələrin müsabiqəsinin elan olunduğunu deyib. AMEA rəhbəri bu müsabiqənin yalnız Akademiya əməkdaşları üçün nəzərdə tutulduğunu, lakin bugünkü tədbiri də nəzərə alaraq, Bakı Dövlət Universitetinin gənc tədqiqatçılarının da müsabiqədə iştirak edə biləcəyini bildirib.

    Akademik İsa Həbibbəyli, həmçinin AMEA-nın beynəlxalq təşkilatlarla elmi əlaqələri barədə məlumat verib və Azərbaycan dövlətinin dünya elmi arenasında maraqlarının qorunduğunu söyləyib.

    “Elmin inkişafının ən böyük donorlarından biri ali təhsillə Akademiyanın qarşılıqlı əlaqəsidir. Biz, Akademiya, Elm və Təhsil Nazirliyi, universitetlər bir məqsədə, Prezident İlham Əliyevin müəyyən etdiyi elm siyasətinin həyata keçirilməsinə, elmi-texniki tərəqqinin, rəqəmsal texnologiyaların və süni intellektin inkişaf etdirilməsi ilə ölkəmizin ümumi inkişafına xidmət edirik. Birlikdə layihələrin həyata keçirilməsi və əməkdaşlığımızın genişləndirilməsi ölkəmizi və elmimizi irəli aparacaq”, - deyə akademik İsa Həbibbəyli vurğulayıb və BDU-nun rəhbərliyinə, professor-müəllim heyətinə və kollektivinə uğurlar arzulayıb.

    Milli Məclis sədrinin müavini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov çıxışında bildirib ki, AMEA Azərbaycanın zəka yükünü daşıyan vacib elmi qurum kimi XX yüzil içərisində xalqımızın milli ruhunun yüksəlişində müstəsna rol oynayıb. Qeyd edib ki, AMEA-nın yuvarlaq ildönümü ərəfəsində keçmişə nəzər salaraq, Azərbaycanın böyük alimlərini, dünya elmində öz imzasını qoymuş görkəmli elm xadimlərini yad etmək olduqca vacibdir və bu alimlər dünya zəka xəritəsində Azərbaycanı layiqincə təmsil ediblər.

    Azərbaycanda Akademiya anlayışının yeni bir hadisə olmadığını söyləyən akademik Rafael Hüseynov vurğulayıb ki, hələ XIII əsrdə azərbaycanlı alim Nəsirəddin Tusinin yaratdığı Marağa rəsədxanası mahiyyəti və fəlsəfəsi ilə əsl Elmlər Akademiyası olub. Müxtəlif coğrafiyadan olan alimləri təmsil edən bu rəsədxana həmin dövrdə Şərqdə ilk çoxsahəli elm ocağı idi. Buna bənzər beynəlmiləl çərçivəli digər Akademiya isə 14-cü yüzillikdə Fəzlüllah Rəşidəddinin Təbriz şəhərində yaratdığı “Rəşidiyyə” mədrəsəsi idi.

    “Azərbaycanda elmin və elm quruculuğunun tarixinə nəzər salsaq XIII əsrdəki Marağa rəsədxanası və “Rəşidiyyə” mədrəsəsini xüsusi qeyd etmək lazımdır. Azərbaycan Milli Elmlər Akademiyasının kökü isə 1923-cü ildə yaradılmış Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyətindən başlayır. Respublikanın baş elmi müəssisəsi olan bu cəmiyyətin tərkibinə bir sıra elmi bölmələr daxil edilmişdi. Cəmiyyətin ətrafında mükəmməl ziyalı qüvvə toplaşmışdı və akademikləşmiş struktur formalaşmışdı”, - deyə alim bildirib.

    Akademik Rafael Hüseynov AMEA-nın böyük tarixi sınaqlardan keçdiyini, bir sıra alimlərin siyasi repressiyaların qurbanı olduğunu söyləyib. O,  AMEA-nın taleyində və tarixində Ulu Öndər Heydər Əliyevin əvəzsiz rolundan bəhs edərək vurğulayıb ki, Azərbaycan elminə hər zaman həs­saslıqla yanaşan dahi lider AMEA-nın inkişaf etməsinə qay­ğısını heç vaxt əsirgəməyib, bu elmi qurumu qoruyub, dirçəldib. Xalqına dərindən bağlanan, həyatını Azər­baycanın tərəqqisinə həsr edən Ulu Öndər Azərbaycan Milli Elmlər Aka­demiyasının fəaliyyətini daim diqqət mərkəzində saxlayıb və onun dünya miq­yasında tanınmasına nail olub. Hazırda bu yol Heydər Əliyev siyasi irsinin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” 2025-ci il 18 mart tarixli Sərəncamı Azərbaycan elminə, Akademiyaya verilən yüksək qiymətin ifadəsidir.

    Sonra çıxış edən elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli qeyd edib ki, tarix boyu Azərbaycan elminə töhfə vermiş görkəmli alimlər olmuşdur və Azərbaycan elmi dünya elmi ilə paralel olaraq inkişaf etmiş, dünya elminə töhfələr vermişdir: “Məhz həyatımız, gələcəyimiz, dövlətimizin varlığı, dünya sistemində yer tutması bundan çox asılıdır. Çox qısa olaraq bir neçə fakta diqqət yetirsək görərik ki, bu illər ərzində AMEA-nın gördüyü işlər çox böyükdür. Azərbaycan elmi demək olar ki, bütünlüklə Elmlər Akademiyasının çiyinləri üzərində irəliləmişdir. Əldə etdiyimiz ən böyük elmi nəticələrimiz Akademiya ilə bağlıdır. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanı  elmimizin təhsilimizlə dərin inteqrasiya şəraitində inkişaf etməsi, əlaqələr qurması istiqamətində atılmış vacib qərar idi. Bu, Azərbaycanda fundamental elm sahələrindəki nəticələrimizin gənc nəslə daha tez ötürülməsi, onların elmə cəlb olunması istiqamətində gələcəyə ünvanlanmış çox ciddi qərar idi”.

    Nicat Məmmədli bildirib ki, universitetlərlə elmi-tədqiqat müəssisələrinin sıx şəkildə işləməsi, nəticələrin tətbiqi üçün geniş işlər görmək lazımdır.

    Tədbirdə, həmçinin akademik Nizami Cəfərov, BDU-nun Faydalı qazıntılar kafedrasının müdiri akademik Vasif Babazadə, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Arzu İsgəndərzadə çıxışlarında AMEA-nın respublikanın elmi-intellektual potensialının əsas daşıyıcısı, Azərbaycan elminin inkişafı, milli ruhun yüksəlişində dayaq nöqtəsi olduğunu bildiriblər. Çıxışlarda AMEA-nın ölkədə fundamental tətbiqi və humanitar elmlərin, milli mədəniyyətimizin, ədəbiyyatımızın, dilimizin inkişafında, milli-mənəvi dəyərlərimizin qorunmasında müstəsna xidmətləri vurğulanıb.

    Sonra AMEA-nın tarixi və fəaliyyəti barədə videoçarx və BDU-nun Mədəniyyət-Yaradıcılıq Mərkəzinin hazırladığı bədii kompozisiya nümayiş olunub.

    Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli və Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev qarşılıqlı xatirə hədiyyələri təqdim ediblər.

    Sonda xatirə şəkilləri çəkdirilib.

    PAYLAŞ:

    Oxşar xəbərlər