“Azərbaycanda elmi nəşrlərin beynəlxalq elmmetrik meyarlara uyğunlaşdırılması: “Redaktorluq məktəbi” layihəsinin təqdimatı keçirilib

“Azərbaycanda elmi nəşrlərin beynəlxalq elmmetrik meyarlara uyğunlaşdırılması: “Redaktorluq məktəbi” layihəsinin təqdimatı keçirilib
  • Cəmiyyət

  • Dekabrın 3-də AMEA-nın Rəyasət Heyətində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Əmək və Sosial Münasibətlər Akademiyasının (AƏSMA) Davamlı İdentifikatorların Təminatına Dəstək Mərkəzinin “Azərbaycanda elmi nəşrlərin beynəlxalq elmmetrik meyarlara uyğunlaşdırılması: “Redaktorluq məktəbi” layihəsinin təqdimatı keçirilib.

    Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AMEA Rəyasət Heyətinin üzvləri, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini Musa Mirzəyev, Əmək və Sosial Münasibətlər Akademiyasının Beynəlxalq əlaqələr üzrə prorektoru Xəyalə Məmmədova, AMEA Rəyasət Heyəti aparatının şöbə müdirləri, AMEA-nın elmi müəssisə və təşkilatlarının direktorları və aidiyyəti şəxslər iştirak ediblər.

    Tədbiri giriş sözü ilə açan akademik İsa Həbibbəyli AMEA ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası arasında uzun illərdir qarşılıqlı etimada əsaslanan sıx əməkdaşlıq əlaqələrinin mövcud olduğunu bildirib. Qeyd edib ki, bugünkü tədbir də bu əməkdaşlıq münasibətlərinə söykənir və gələcək birgə fəaliyyətimiz üçün olduqca əhəmiyyətlidir.

    Prezident İlham Əliyevin son illərdə ölkəmizdə süni intellekt və rəqəmsal inkişafın təmin edilməsi istiqamətində bir sıra ardıcıl olaraq, Fərman və sərəncamlar imzaladığını deyən akademik İsa Həbibbəyli ölkə başçısının AMEA-nın 80 illik yubiley yığıncağındakı nitqində də bu məsələlərə toxunduğunu, Azərbaycanın gələcəyini bu istiqamətdə gördüyünü və bundan irəli gələrək alimlərimiz qarşısında bir sıra vəzifələr qoyduğunu diqqətə çatdırıb.

    Son illərdə AMEA-da elektron xidmətlərin genişləndirilməsi istiqamətində görülən işləri diqqətə çatdıran akademik İsa Həbibbəyli 2023-cü ilin yanvar ayında AMEA Rəyasət Heyəti aparatında “Elektron Akademiya” şöbəsinin yaradıldığını, qısa müddətdə bir sıra mühüm uğurlar əldə edildiyini, 2025-ci ildə isə müasir dövrün çağırışlarından və yeni texnoloji reallıqlardan irəli gələrək şöbənin adının Rəqəmsal Akademiya, Süni intellekt və Elektron xidmətlər şöbəsi olaraq dəyişdirildiyini söyləyib.

    Akademik İsa Həbibbəyli bildirib ki, şöbə ötən dövr ərzində AMEA-da rəqəmsallaşma, süni intellekt texnologiyalarının tətbiqi, elektron xidmətlərin genişlənməsi istiqamətində bir çox yeniliklərə və uğurlara imza atıb.

    Belə ki, AMEA-nın elmi müəssisə və təşkilatlarında işıq üzü görən nəşrlərin nüfuzlu beynəlxalq elmmetrik bazalara daxil olunmasını təşviq etmək məqsədilə onların elektron resursları hazırlanıb, “Crossref”lə əməkdaşlıq çərçivəsində hər bir məqaləyə bu günə kimi ANAS adı altında 2800-ə yaxın DOİ identifikatoru verilib. Bundan əlavə, Türkiyənin TÜBİTAK ULAKBİM DergiParkı ilə əməkdaşlıq çərçivəsində AMEA-nın özünün Dərgi Park bazası yaradılıb. Həmçinin AMEA Dərgi Parkına daxil olan “Azərbaycan Riyaziyyat Jurnalı”, “Müqaisəli ədəbiyyatşünaslıq” və “Azərbaycan ərazisində seysmoproqnoz müşahidələri” jurnalları Türkiyənin TÜBİTAK ULAKBİM DergiPark sisteminə qəbul edilib. AMEA-da elmmetrik göstəricilərin qiymətləndirilməsi məqsədilə milli istinad sistemi qurulub.

    Akademik İsa Həbibbəyli qeyd edib ki, görülən işlər Azərbaycan elmini dünya elmi ilə rəqabət apara biləcək səviyyəyə yüksəltmək məqsədi daşıyır və süni intellekt, rəqəmsal texnologiyaların inkişafı istiqamətində proses bundan sonra da davam edəcək.

    Sonra Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini Musa Mirzəyev çıxış edərək AHİK sədri adından tədbir iştirakçılarını salamlayıb. O qeyd edib ki, Azərbaycan alimləri tarixən öz ixtiraları, elmi yenilikləri ilə dövlətimizin inkişafına töhfələrini veriblər və bu gün də Azərbaycan elmini beynəlxalq arenada layiqincə təmsil edirlər. Diqqətə çatdırıb ki, həm Ulu Öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev hər zaman elmimizə, alimlərimizə diqqət göstərib, elmin inkişafına xidmət edən Qanun, Fərman və sərəncamlar imzalayıblar.

    Musa Mirzəyev Həmkarlar İttifaqları Konfederasiyasının Azərbaycan alimlərinin müalicə və istirahətlərinin səmərəli təşkili məsələsində daim onlara dəstək verdiklərini söyləyib. Həmçinin AHİK-in Əmək və Sosial Münasibətlər Akademiyasının ötən 19 illik fəaliyyəti dövründə yetişdirdiyi kadrlarla ölkəmizdə əmək bazarının formalaşdırılması işinə layiqli töhfə verdiyini bildirib. Qeyd edib ki, bu gün təqdim edilən layihənin əsas məqsədi elmi nəşrlərin elmi informasiya mübadiləsini həyata keçirmək, onların beynəlxalq elmi bazalara çıxış imkanlarını genişləndirməkdir.

    Sonra Əmək və Sosial Münasibətlər Akademiyasının Beynəlxalq əlaqələr üzrə prorektoru Xəyalə Məmmədova “Azərbaycanda elmi nəşrlərin beynəlxalq elmmetrik meyarlara uyğunlaşdırılması: “Redaktorluq məktəbi” layihəsini təqdim edib. Bildirib ki, layihə ölkəmizdə elmi nəşrlərin keyfiyyətinin artırılması və elmi nəşrlərin beynəlxalq standartlara uyğun identifikasiya ilə təmini baxımından olduqca önəmlidir.

    Xəyalə Məmmədova daha sonra Davamlı İdentifikatorların Təminatına Dəstək Mərkəzi və həyata keçirilən layihə ilə bağlı təqdimatla çıxış edib, iştirakçıların suallarını cavablandırıb.

    Sonda AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyev, AMEA Rəyasət Heyəti aparatının Rəqəmsal akademiya, süni intellekt və elektron xidmətlər şöbəsinin müdiri riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Fariz İmranov və AMEA-nın “Elm” nəşriyyatının direktoru filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanov çıxış edərək süni intellekt və rəqəmsal inkişaf istiqamətində görülən işlər, eləcə də təqdimat ətrafında fikirlərini bildiriblər.

    PAYLAŞ:

    Oxşar xəbərlər