AMEA Rəyasət Heyətinin iclası keçirilib

AMEA Rəyasət Heyətinin iclası keçirilib
  • Cəmiyyət

  • Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.

    Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri və aidiyyəti şəxslər iştirak ediblər.

    İclası giriş sözü ilə akademik İsa Həbibbəyli açaraq tədbirin gündəliyi barədə məlumat verib.

    Sonra akademik İsa Həbibbəylinin “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin elan etdiyi yeni tarixi dövr və milli ideya konsepsiyası və qarşıda duran məsələlər” mövzusunda məruzəsi dinlənilib.

    Akademik İsa Həbibbəyli qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 10 yanvar 2024-cü il tarixində yerli televiziya kanallarına müsahibəsi zamanı dərin məzmunlu və milli konseptual dəyərlərə malik olan bir çox fikir irəli sürüb, dövlətimizin başçısı Azərbaycanın Vətən müharibəsindəki qələbəsi və 2023-cü ilin sentyabrındakı antiterror əməliyyatı ilə öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsini müasir tariximizin yeni dövrü kimi xarakterizə edib.

    AMEA rəhbəri vurğulayıb ki, Prezident İlham Əliyevin uzun illərdir apardığı uzaqgörən siyasəti və Ali Baş Komandanlığı nəticəsində Qarabağ problemi birdəfəlik həll olunmuş, Azərbaycan öz ərazi bütövlüyü və suverenliyini bərpa etmişdir: “Bu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində misli görünməmiş böyük missiyasıdır və onun adı Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunmuşdur”.

    Prezident İlham Əliyevin müsahibə zamanı səsləndirdiyi - “Bizim əsas milli ideyamız ərazilərimizi azad etmək idi. Yəni, bütün xalq bu ideya ətrafında, bu amal ətrafında birləşmişdi, biz bunu artıq əldə etmişik. Ona görə, gələcək inkişafla bağlı, əlbəttə ki, mənim fikirlərim var və bir çox hallarda onlar həlledici olacaq təbii ki. Ancaq mən istərdim ki, cəmiyyətdə də bu məsələ ilə bağlı diskussiyalar getsin, siyasətçilər, politoloqlar, elm adamları, ziyalılar, yəni, bizim gələcək inkişafımızla bağlı əsas milli ideya və ideyalarımız nə olmalıdır. Bu, bir ictimai müzakirə mövzusu olmalıdır”, - sözlərini xatırladıb.

    Dövlət başçısının bu çağırışının Azərbaycan ziyalıları və alimləri qarşısında xüsusi vəzifə müəyyənləşdirdiyini diqqətə çatdıran akademik İsa Həbibbəyli yeni tarixi dövr və milli ideya konsepsiyasının yaranan yeni tarixi şəraitin doğurduğu reallıqdan qaynaqlandığını deyib.

    Akademik İsa Həbibbəyli ölkə başçısının irəli sürdüyü yeni konseptual yanaşmaya və çağırışlara dərhal alimlərimizin reaksiya verdiyini, AMEA-da humanitar və ictimai elmlərin görkəmli nümayəndələrinin və  ziyalıların iştirakı ilə yanvar və aprel aylarında “Yeni tarixi dövr və milli ideya” mövzusunda geniş müzakirələrin keçirildiyini, bu mövzu ətrafında qiymətli təkliflərin irəli sürüldüyünü diqqətə çatdırıb.

    Akademik İsa Həbibbəyli bildirib ki, ideologiya ilə ideya bir-birinə yaxın olan anlayışlardır və dövlətimizin əsas ideologiyası Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş Azərbaycançılıq ideologiyasıdır: “Aparılan müzakirələrdə, səsləndirilən təkliflərdə gələcək milli ideyanın baza hissəsini bu ideologiyanın təşkil etməsinin zəruriliyi xüsusi vurğulanıb. Ümumilikdə müzakirələr zamanı güclü lider, güclü dövlət, güclü xalq, Böyük Qayıdış, milli birlik, sosial rifah, Türk birliyi, modernləşmə, rəqəmsal inkişaf, dialoq mədəniyyəti və s. olmaqla 48 təklif səsləndirilib və onlar ümumiləşdirilərək 8 təklifə salınıb. Milli ideya məzmunu və hədəfyönümlülük baxımından konseptual olmaqla yanaşı, ifadə baxımından da dəqiq olmalıdır. Milli ideologiya milli ideya vasitəsi ilə gerçəkləşir və müəyyən toplumu tarixi keçmişi, milli mental xüsusiyyətləri və zamanın çağırışlarını nəzərə alaraq kollektiv gələcəyə doğru aparır. Dövlətin inkişafı prosesində milli ideologiya zamanın tələblərinə uyğun olaraq ortaya çıxan milli ideyalar vasitəsi ilə daha da təkmilləşir”.

    Akademik İsa Həbibbəyli çıxışında ümumiləşdirilmiş 8 təklifi diqqətə çatdırıb və akademiklər – Arif Həşimov, İbrahim Quliyev, Rasim Əliquliyev, İradə Hüseynova, Nizami Cəfərov, Adil Qəribov, AMEA-nın müxbir üzvləri Musa Qasımlı, Ərtegin Salamzadə, professorlar – Kərim Şükürov, Nadir Məmmədli, İlham Məmmədzadə, Əbülhəsən Abbasov, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov, tarix üzrə fəlsəfə doktoru Namiq Məmmədov və digər çıxışçıların iştirakı ilə geniş müzakirələr aparılıb.

    Akademik İsa Həbibbəyli müzakirələr nəticəsində Azərbaycanın gələcək milli ideyası ilə bağlı alimlərimizin gəldiyi nəticənin - “Daha güclü Azərbaycan, Türk birliyi, rəqəmsal inkişaf və strateji tərəfdaşlıq” -  olduğunu diqqətə çatdırıb.

    Rəyasət Heyətinin qərarı ilə qeyd olunan milli ideyanın Akademiyanın və alimlərimizin gələcək tədqiqat prosesində və təbliğat işində nəzərə alınmasının təmin edilməsi qərara alınıb.

    Daha sonra iclasda Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərovun “Azərbaycanda türklük, türkçülük və türkologiya” mövzusunda məruzəsi müzakirə olunub.

    Məruzədən öncə çıxış edən akademik İsa Həbibbəyli son illərdə ölkəmizin Prezident İlham Əliyevin liderliyində Türk dünyasının mərkəzində yer aldığını, bu mövzunun artıq günümüzün reallığına çevrildiyini bildirib. Qeyd edib ki, dövlətimizin başçısı andiçmə mərasimindəki nitqində “Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”, - sözləri ilə ölkəmizin Türk dünyasına olan baxışını açıq şəkildə ifadə etdi.

    Bu günlərdə Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün keçirildiyini və tarixi “Qarabağ Bəyannaməsi”nin imzalandığını deyən akademik İsa Həbibbəyli TDT-nin Dövlət başçılarının Prezident İlham Əliyevin Türk dünyasının birliyinə, həmrəyliyinə, təhlükəsizliyinə və rifahına verdiyi böyük və davamlı töhfəni yüksək qiymətləndirdiklərini bildirib.

    AMEA rəhbəri diqqətə çatdırıb ki, 98 il öncə Türk dünyasını ilk dəfə birləşdirən Birinci Türkoloji Qurultay Bakıda keçirilib və Azərbaycan tarixən olduğu kimi, bu gün də dünya Türkologiyasının mərkəzi sayılır.

    Akademik İsa Həbibbəyli bildirib ki, Milli Elmlər Akademiyasında da dövlət başçımızın müəyyənləşdirdiyi prioritetlərə uyğun olaraq, Türk dünyası ilə bağlı önəmli tədqiqatlar aparılır, AMEA-nın elmi müəssisə və təşkilatlarında bu istiqamətdə bir çox şöbələr fəaliyyət göstərir və Türk dünyasının elmi qurumları ilə əlaqələr daha da genişləndirilir.

    Akademik İsa Həbibbəyli bu mövzuda məruzənin Rəyasət Heyətinin iclasında ilk dəfə dinlənildiyini və Birinci Türkoloji Qurultayın 100 illiyinə hazırlıq işlərinin bir parçası olduğunu söyləyib.

    Daha sonra Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov “Azərbaycanda türklük, türkçülük və türkologiya” mövzusunda məruzə ilə çıxış edib.

    O qeyd edib ki, XX əsrin əvvəllərindən etibarən Azərbaycanda türkçülük məfkurəsi sistemli bir şəkil almağa başlamış və Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə və digər türkçülərin səyləri nəticəsində inkişaf edərək günümüzə qədər gəlib çatmışdır. Alim bildirib ki, türk xalqlarının geniş inteqrasiyası ilə səciyyələnən müasir mərhələdə ümumtürk mədəniyyəti və genezisinin öyrənilməsinə böyük zərurət vardır.

    “Türkologiyanın Azərbaycandakı vəziyyətini anlamaq üçün ilk növbədə türklük anlayışını təsəvvür etmək lazımdır. Bu isə bir qədər mücərrəd anlayışdır, amma bununla yanaşı, təsəvvür edilə bilməsə, nə türkçülük, nə də türkologiya anlayışlarını dəqiqləşdirə bilməyəcəyik. Türkçülük ideologiyadır. Azərbaycanda türklük ondan ibarətdir ki, biz dildə ədəbiyyatda, mədəniyyətdə, tarixdə coğrafiya ilə etnosun münasibətlərini dəqiq aydınlaşdıra bilək. Azərbaycanın coğrafi sərhədləri Səfəvilər dövründən artıq müəyyənləşməyə başladı. Bu gün azərbaycanlı adlanan etnos milləti yaratmaq mənasında həmin coğrafiyanın hüdudlarından kənara çıxmayıb. Bəs, bu etnos bu coğrafiyaya hansı tarixi dövrdən bağlanır? Ən sadə izahı odur ki, dünya yaranandan. Bizim üçün əsaslandırılmış, ənənəvi türklük “Kitabi - Dədə Qorqud” eposudur. Azərbaycanda türklük xalqın etnososiokulturoloji əsası olaraq köklərini “Kitabi - Dədə Qorqud” eposundan alır. Coğrafi və dil müəyyənliyi var. Burda Azərbaycan Oğuzçuluğunun xüsusiyyəti çoxdur. Lakin xalq bu eposu unudub, XIX əsrin sonu – XX əsrin əvvəllərində xatırlamağa, öyrənməyə başlamışıq. Müəyyən dövrlərdə qadağan olunsa da, Ümummilli Lider onu yenidən özümüzə qaytardı”, - deyə Nizami Cəfərov bildirib.

    Azərbaycanda türkçülüyün uzun müddət daxildən və xaricdən böyük ciddi müdaxilələrə məruz qaldığını deyən alim türkologiyanın elm kimi Avropada, türkləri öyrənmək üçün formalaşdığını, Azərbaycanda isə türkologiyanın əsasını Bəkir Çobanzadənin qoyduğunu söyləyib.

    “Bəkir Çobanzadəyə qədər ədəbiyyatda, tarixdə türklük düşüncəsi kifayət qədər güclüdür. XIX əsrin sonu – XX əsrin əvvəllərində bizim tarix, fəlsəfi və ictimai şüurumuzda Əli bəy Hüseynzadə vardı, lakin o türkoloq deyildi, türkçü idi və bunun fərqi onun təqdimatlarında aydın seçilir.

    Sovet hökumətinin Azərbaycan türkologiyasına ən böyük xidmətlərindən biri Birinci Türkoloji Qurultay çağrılana qədər həm Türkiyədən, həm Türk dünyasından nüfuzlu alimləri ölkəmizə dəvət edərək rus türkologiyasının, bu sahənin inkişaf etdirilməsi oldu.

    Alim məruzəsində, həmçinin Azərbaycan dilçiliyi, ədəbiyyatşünaslığı, mədəniyyətşünaslığı, tarixşünaslığında azərbaycançılıq, türklük, müasirlik (ümumbəşərilik) parametrləri, daha az diferensiasiya, daha çox inteqrasiya formulu və digər məqamlara toxunub.

    Mövzu ətrafında akademik Gövhər Baxşəliyeva, tarix elmləri doktoru Zemfira Hacıyeva, professor İsmayıl Kazımov, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli və başqaları çıxış edərək fikir və təkliflərini səsləndirib, bu istiqamətdə Rəyasət Heyətinin iclasında məruzənin dinlənilməsini yüksək qiymətləndiriblər.

    Daha sonra iclasda bir sıra elmi-təşkilati məsələlər müzakirə olunub.

    AMEA-nın loqotipinin (emblem) dövlət qeydiyyatından keçirilməsi haqqında məsələ ilə bağlı çıxış edən akademik İsa Həbibbəyli bildirib ki, Azərbaycan Milli Elmlər Akademiyasının loqotipinin (emblem) Azərbaycan Respublikasında əmtəə nişanı və müəlliflik hüququ obyekti kimi dövlət qeydiyyatına alınması barədə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə müraciət edilib. Qeyd edib ki, görülən işlərin nəticəsi olaraq, AMEA-nın loqotipi (emblem) dövlət qeydiyyatına alınıb, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi tərəfindən əmtəə nişanı şəhadətnaməsi və müəlliflik hüququ obyektlərinin hüquq sahiblərinə dövlət qeydiyyatı haqqında şəhadətnamə verilib.

    İclasda AMEA-nın elmi bölmə və mərkəzlərinə, müəssisə və təşkilatlarına, AMEA Rəyasət Heyəti aparatının şöbələrinə dövlət qeydiyyatına alınmış AMEA-nın loqotipinin (emblemin) təsvirlərinin müvafiq qaydada istifadəsinin təmin edilməsi tapşırılıb.

    Həmçinin akademik İsa Həbibbəyli 11-18 iyun 2024-cü il tarixlərində Çin Xalq Respublikasına səfəri, Çinin Hebey Sosial Elmlər Akademiyasında, Honkonq Kore Akademiyasının Cuci Filialında, Pekin Xarici Dillər Universitetində, universitetin Azərbaycan dili kafedrasında, Çinin Biomüxtəlifliyin Qorunması və Yaşıl İnkişaf Fondunda keçirilən görüşlər, imzalanan müqavilələr, eləcə də Siçzyaçjuan şəhərində baş tutan “Xəzərdən Çinə: ədəbiyyat, texnologiya və sosial həyat” mövzusundakı beynəlxalq elmi konfransda iştirak barədə məlumat verib.

    Bundan əlavə, AMEA-nın Fəxri üzvü, Nobel mükafatı laureatı Əziz Səncərin Azərbaycan Milli Elmlər Akademiyasına səfərinin yekunları haqqında da qərar qəbul olunub.

    Daha sonra AMEA-nın Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru Sərxan Xavəri AMEA-nın elmi müəssisə və təşkilatlarının, regional elmi mərkəzlərinin 2024-cü ilin birinci yarısı üzrə elmi və elmi-təşkilati fəaliyyətinə dair yarımillik hesabatların nəticələrini təqdim edib.

    Eyni zamanda iclasda AMEA əməkdaşlarına 2024-cü ilin birinci yarısı üzrə impakt faktorlu  jurnallarda nəşr olunan məqalələrə görə mükafatların verilməsi haqqında məsələ də müzakirə edilib. AMEA-nın akademik-katibi akademik Arif Həşimov impakt faktorlu  jurnallarda məqalələri nəşr olunan alimlərin adlarını diqqətə çatdırıb.

    İclasda müzakirə olunan növbəti məsələ AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) doktoranturanın yaradılması haqqında olub. RSXM-də aparılan fundamental tədqiqatların aktuallığını və elmi səviyyəsini, mərkəzin elmi kadr potensialını, prioritet elmi istiqamətlər üzrə əldə olunmuş nailiyyətlərini, mövcud maddi-texniki bazasını, dərc olunmuş elmi işlərini, beynəlxalq elmi layihə və proqramlarda iştirakını nəzərə alaraq, mərkəzdə doktoranturanın yaradılması haqqında qərar qəbul edilib və AR Nazirlər Kabineti qarşısında vəsatət qaldırılıb.

    Daha sonra iclasda “Qərbi Azərbaycan Ensiklopediyasının sözlüyü”nün  təsdiq edilməsi haqqında məsələ müzakirə olunub.

    Akademik İsa Həbibbəyli sözlüyün hazırlanması üçün yaradılmış İşçi qrup tərəfindən keçirilmiş müzakirələr nəticəsində Rəyasət Heyətinə 2595 sözdən ibarət sözlüyün təqdim olunduğunu diqqətə çatdırıb. Təqdim edilmiş sözlüyü nəzərdən keçirərək ixtisarlar və özünün əlavələrini etdiyini bildirən akademik İsa Həbibbəyli İşçi qrupun fəaliyyətini yüksək qiymətləndirib və sözlüyün ümumilikdə 2000 sözə endirilməsi ilə bağlı tapşırıqlarını verib.

    Mövzu ilə bağlı çıxış edən Qərbi Azərbaycan İcmasının sədri, İşçi qrupun üzvü Əziz Ələkbərli İcmada bütün sahələr üzrə komissiyaların fəaliyyət göstərdiyini bildirib və sözlüyün AMEA rəhbərliyinin və həmin komissiyaların iştirakı ilə yekun müzakirəsinin keçirilməsini təklif edib.

    İclasda AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda daxili imkanlar hesabına Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin yaradılması məsələsi də müzakirə olunub. Qeyd olunub ki, zəngin elmi-mədəni irsə, fəlsəfi düşüncə tarixinə malik türk xalqlarının fəlsəfi fikir tarixinin araşdırılması, xüsusilə də, müasir dövrün tələbləri kontekstində öyrənilməsi Türk birliyinin təməl prinsiplərinin formalaşmasında mühüm əhəmiyyətə malikdir. Türk dünyasının keçmişdən günümüzədək mədəni, fəlsəfi irsinin öyrənilməsi, başqa sözlə, ortaq təfəkkürünün, düşüncəsinin tədqiqi vacib amillərdən biridir. Həmçinin türk xalqlarının ayrı-ayrı mütəfəkkirlərinin fəlsəfi fikirlərinin vahid şəkildə formalaşması da aktuallıq kəsb edir.

    Qeyd olunanları nəzərə alaraq, Rəyasət Həyəti tərəfindən AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda daxili imkanlar hesabına Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsi yaradılıb.

    İclasda, həmçinin AMEA-nın Rəyasət Heyəti aparatının Elmi irs şöbəsində AMEA-nın fəaliyyətini əks etdirən audio və video materialların qorunması məqsədilə daxili imkanlar hesabına Elm TV və multimedia fondunun yaradılması, AMEA üzrə çoxcildlik elmi əsərlərin siyahısının və nəşr planının təsdiq edilməsi, “AMEA-nın Mərkəzi Elmi Kitabxanasının Əsasnaməsi”nin təsdiq edilməsi, AMEA-nın Abbasqula Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun dissertantı, tarix üzrə fəlsəfə doktoru Şamil Rəhmanzadənin öz ərizəsi əsasında dissertantura təhsilinə xitam verilməsi, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun Elmi şurasının yeni tərkibinin təsdiqlənməsi haqqında qərarlar qəbul olunub.

    O cümlədən AMEA-nın Rəyasət Heyəti aparatının Sənədlərlə iş və protokol şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Əsmər Əliyeva AMEA-da elektron sənəd dövriyyəsinə keçid üzrə hazırlığın vəziyyəti və qarşıda duran vəzifələr haqqında məlumat verib.

    Eyni zamanda iclasda Türkiyə Respublikası DİN-nin Fəlakət və Fövqəladə Halların İdarə olunması Zəlzələ və Risklərin azaldılması İdarəsi (AFAD) ilə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin birlikdə inşa etdiyi Şuşa-Daşaltı Dərin Quyu Seysmik Stansiyasının bazasında Qarabağ və Şərqi Zəngəzur üzrə Regional Kompleks Seysmoloji Monitorinq Mərkəzinin yaradılması haqqında məsələ də müzakirə olunub.

    Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru AMEA-nın müxbir üzvü Qurban Yetirmişli Şuşa rayonunda quraşdırılmış seysmik stansiya, onun fəaliyyəti, yeni yaradılacaq mərkəzin binasının yerləşəcəyi yer və fəaliyyət istiqamətləri barədə məlumat verib.

    İclasda qeyd olunan məsələ ilə bağlı bir sıra qərarlar qəbul edilib.

    Daha sonra AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova 17-19 iyun 2024-cü il tarixlərində Almaniya Federativ Respublikasının Osnabruk Tətbiqi Elmlər Universitetinə və 20-21 iyun 2024-cü il tarixlərində İspaniya Krallığının Barselona şəhərində keçirilmiş “Biokimya, Struktur və Molekulyar Biologiya üzrə beynəlxalq konqres”ə ezamiyyətinin yekunları haqqında məlumat verib.

    İclasda, o cümlədən akademiklər Rafael Hüseynovun 70, Ramiz Rizayevin 85, AMEA-nın müxbir üzvləri Qeylani Pənahovun 70, Hacıfəxrəddin Səfərlinin 75, Rəhim Hüseynovun isə 100 illik yubileyləri haqqında qərarlar da qəbul olunub.

    PAYLAŞ:

    Oxşar xəbərlər